Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb

06.03.2021 · 12:42 · Sosial

Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Martın 7-də Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Martın 7-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsməsi və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Hacıbala Abutalıbov Bakıdan rayona köçüb

06.03.2021 · 12:25 · Sosial

YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbov da var. O Hacıbala Abutalıb ki, üzun müddət (2001-2018) Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini (2018-2019) vəzifələrində çalışıb.

Maraqlıdır ki, dünənki qurultayda Hacıbala Abutalıbov İdarə Heyətindən çıxarılmaqla yanaşı, yeni yaradılan Veteranlar Şurasına da salınmadı… Eyni zamanda, onun üzv olduğu Siyasi Şura da ləğv edildi…

Və beləcə Hacıbala müəllim sıravi YAP-çı kimi qaldı…

Hacıbala Abutalıbovla bağlı belə qərarın verilməsi onun vəzifədən çıxarılıb təqaüdə göndərilməsindən (2019-cu ilin oktyabrı) sonra ümumiyyətlə YAP-a gəlib-getməməsi, partiyanı tamamilə unutması ilə əlaqələndirilir. Məlumata görə, 2019-cu ilin oktyabrında Baş nazirin müavini vəzifəsindən təqaüdə göndərilən Abutalıbov inciyib.

Yeri gəlmişkən, Hacıbala Abutalıbov son bir ildə demək olar ki, heç bir yerdə gözə dəymir, mətbuata çıxmır, jurnalistlərin telefon zənglərinə də cavab vermir. Adətən səs-küylü hadisələrə özünəməxsus tərzdə münasibət bildirən Hacıbala müəllim Qarabağ müharibəsində qazanılan qələbədən sonra da üzə çıxıb danışmadı…

Modern.az saytı “qeybə çəkilən” keçmiş merlə bağlı maraqlı məlumat əldə edib. Onu yaxından tanıyan mənbədən saytımıza verilən məlumata görə, Hacıbala Abutalıbov xeyli müddətdir Bakıdan köçüb. Onun hazırda Qax rayonunun İlisi kəndində yaşadığı bildirilir. İlisu təbiətinin gözəlliyi və təmiz havası ilə bütün Azərbaycanda səfalı yer kimi məşhurdu. Məlumata görə, Abutalıbub hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və indi orada yaşayır.

Neft Fondu dünyanın ən şəffaf fondları siyahısının ilk “beşliyi”nə düşüb

06.03.2021 · 12:20 · Baş Yazı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb.

ARDNF-dən verilən məlumata görə, Dövlət Neft Fondu fəaliyyətə başladığı müddətdən bəri ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamaqla bərabər, vəsaitlərin idarə edilməsi, idarəçilik, institusional quruculuq, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq səviyyədə örnək qurum kimi tanınaraq ən ali mükafatlara layiq görülüb və ölkəmizin nüfuzunun yüksək səviyyədə qorunub saxlanılmasında əhəmiyyətli töhfə verib.

Suveren fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-ın nüfuzlu Peterson İnstitutunun (PIIE) tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində Dövlət Neft Fondu 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

Fondu 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.

2019-cu il üzrə qiymətləndirmə cədvəli qlobal suveren fondların vəsaitlərinin idarə edilməsi, idarəçilik, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq, və eləcə də Santyaqo Prinsiplərinin tətbiqi kimi müxtəlif istiqamətlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. ARDNF 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplayıb.

Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu, eyni zamanda, suveren fondlar üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı da qiymətləndirmə cədvəli tərtib edib. Bu cədvəl 24 Santyaqo Prinsipindən suveren fondların qiymətləndirmə cədvəlinə uyğun gələn 16 prinsipin tətbiqi və eləcə də onların elementlərin dəyərləndirilməsi əsasında formalaşıb. Dövlət Neft Fondu Santyaqo Prinsipilərinin tətbiqi üzrə qiymətləndirmə cədvəlində də 5-ci mövqedə qərarlaşıb.

ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu 1981-ci ildə təsis edilib və bu qurum özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşıb. Birləşmiş Ştatların ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il “Global Go to Think Tank Index” hesabatına əsasən, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın bir nömrəli “Think Tank”ı statusunu qazanıb və eləcə də 2020-ci il üzrə dünya “beyin mərkəzləri” reytinqində 9-cu mövqedə qərarlaşıb. Eyni zamanda, PIIE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi sayılır və bu institut eləcə də 2020-ci ildə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusuna malikdir.

Füzuli aeroportunun binasının bünövrəsinin qazılmasına başlanıb

06.03.2021 · 12:09 · Sosial

Füzulidə tikilən beynəlxalq hava limanında uzunluğu 3 km, eni 45 m olan uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün 60 min kvadrat metr sahədə 8 meydança, aerovağzal binası və köməkçi binalar və hava nəqliyyatının tənzimlənməsi üçün qüllənin tikilməsi nəzərdə tutulub.

Bunu “Azərbaycan Hava Yolları”nın (AZAL) nümayəndəsi Valeh Əmiraslanov diplomatik korpus nümayəndələrinin Füzuli, Qubadlı və Laçına etdiyi bugünkü səfər zamanı deyib.

O bildirib ki, artıq uçuş-enmə zolağının torpaq yatağının çıxardılması başa çatıb. Həmin ərazi minalardan təmizlənib, torpağın 4 metr dərinliyinə qədər ərazi skanerlər vasitəsilə yoxlanılıb bu zaman çoxlu mina və partlamamış maddələr aşkar olunub və zərərsizləşdirilib.

“Bunun üçün Britaniyadan alınmış mina zərərsizləşdirici yüksək səviyyəli avadanlıqdan istifadə olunur. Bu mexanizmin idarə olunması üçün beş nəfər azərbaycanlıya təlim keçilib. Onların 2-si təlimi tamamlayıb, 3 nəfərin təlimi davam edir”, – AZAL-ın rəsmisi bildirib. Əmiraslanov onu da qeyd edib ki, hazırda aerovağzal binasının bünövrəsi qazılır. Bütün bu işləri bu ilin payız mövsümünədək tamamlamağı planlaşdırılır. Beynəlxalq səviyyədəqeydiyyatdan keçirilmə işi tamamlanıb: “Beynəlxalq şirkətlərdən aeronaviqasiya sistemlərinin alınması ilə bağlı danışıqlar aparılır, müqavilələr imzalanıb. Avadanlıqların may ayının sonu – iyunun əvvəllərində əraziyə gətirilməsi planlaşdırılır. Hava limanı “Aerobus 380” təyyarəsi istisna olmaqla, çəkisi 400 tona qədər olan təyyarələri qəbul edəcək”.