Prezident İlham Əliyev bir qrup qadını təltif edib

06.03.2021 · 11:19 · Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Bənənyarlı Səadət İzzət qızı

Cəfərova Novella Cəfər qızı

Qocamanlı Səltənət Məmməd qızı

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayeva Zenfira Hüseyn qızı

Məmmədova Firuzə Nurəddin qızı

Mirzəzadə Rəna Rza qızı

“Tərəqqi” medalı ilə

Hüseynova Gülnarə Alxas qızı

Qənbərova Gülbəniz Rəşid qızı

Quliyeva Ülkər Hüseyn qızı

Məmmədova Nəzakət Hüseynağa qızı

Nəsibova Nəcibə Məmməd qızı

Vəliyeva Fəridə Talıb qızı”.

İlham Əliyev 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib

06.03.2021 · 11:00 · Baş Yazı

Azərbaycan Respublikasının Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi, mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişlər.

Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır.

Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.

İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır”.

Tolerantlıq dövlət quruculuğunun əsas göstəricilərindən biridir

06.03.2021 · 10:00 · Sosial
Azərbaycan dünya dövlətləri tərəfindən fərqli xalqların, müxtəlif konfessiya nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində  birgə yaşadığı ölkə kimi qəbul edilir və tanınır.

Tolerantlılıq, multikultural dəyərlərə hörmətlə yanaşmaq, ayrı-ayrı xalqların birgə yaşayışına, onların milli-mədəni adət-ənənələrinə hörmətlə yanaşaraq qorunub saxlanılmasına lazımı şəraitin yaradılması hüquqi-demokratik dövlət quruculuğunun ən əsas göstəricilərindən biridir.

Azərbaycan hər zaman qonşu dövlətlərlərlə sülh şəraitində yaşayıb, normal qonşuluq siyasəti yürüdüb. Heç bir dövlətin ərazisinə, torpaqlarına qarşı iddialar ilə çıxış etməyib. Amma bütün bunlara baxmayaraq qonşu dövlət olan Ermənistan hakimiyyəti zaman-zaman öz qondarma tarixi xülyalarına qapılaraq,  Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etmiş və işğalçılıq siyasətini həyata keçirməklə 30 ilə yaxın bir müddətdə  Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı işğal altımnda saxlamağa nail ola bilmişdi. Azərbaycan beynəlxalq siyasi arenada işğalçı tərəfin sülh yolu ilə bu torpaqları geri qaytarması üçün çox son ana qədər cəhd etdi. Amma çox təəssüflər olsun ki, düşmən bunu dəyərləndirə bilmədi və sonda yeganə həll yolu olan müharibə varinatı işə salındı.

Bütün dünyaya bəlli olan 44 günlük Vətən Müharibəsində Qalib Azərbaycan Ordusu öz gücünü göstərərək işğal altında olan tarixi el-obamızı, Qarabağımızı bizlərə qaytardı. Çox gözəl başa düşüləndir ki, müharibənin baş verməsi, əsassız torpaq iddiaları, xalqların düşmənçilik münasibətində yaşaması Ermənistanın sadə vətəndaşlarının arzu və istəyi ilə baş verməmişdi. Bütün bu işğalçı siyasət, erməni lobbisinin maliyyə dəstəyi ilə  hakimiyyətə gəlmiş dairələrin öz havadarlarına sadəcə xidməti idi. Dünyanın müxtəlif ölkələrində bu gün azərbaycanlılarla ermənilərin birgə yaşayışını görüb müşahidə edə bilərik. Bu kimi dövlətlərə Rusiyanı, Ukraynanı, İranı və qardaş Türkiyəni misal göstərə bilərik. Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda da erməni xalqının minlərlə nümayəndəsi azad, sərbəst yaşayır. Bu gün də onların Azərbaycan Respublikasının vətəndaşı kimi normal yaşayışları üçün heç bir problem yoxdur. Bu münasibətlərin korlanmasında maraqlı olan yalnız erməni hakim dairələri və onların havadarları, erməni lobbisidir. Həmin qüvvələr bu düşmənçilik toğumunu hələ də səpməkdə davam edirlər. Artıq bu gün media orqanlarından görürük ki, bu siyasət çox gedə bilməz. Meydanlara çıxan, haqqını tələb edən sadə erməni xalqı həqiqəti dərk edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dövlət siyasətimiz həmçinin onu hesablanıb ki, həmin ərazilərdə normal həyat şəraiti yaradıldıqdan sonra məcburi köçkünlərimizin öz doğma yurdlarına, öz evlərinə dönüşü mərhələli şəkildə həyata keçiriləcəkdir. Qarabağ regionunda həyat öz normal axarına qovuşacaqdır. Xalqlar arasında dostluğa nail olmaq üçün xüsusilə Ermənistan hökuməti konstruktuv addımlar atmalı, bu məsələdə ən çox maraqlı tərəf onlar olmalıdır. Onlar bizimlə birgə yaşamağın mümkünsüzlüyü ilə bağlı fikirlərdən birdəfəlik əl çəkməlidirlər. Çünki Azərbaycan bu torpaqların şəriksiz sahibi, regionun güc mərkəzidir. İnanıram ki, bu istiqamətdə aparılan danışıqlar xalqlar arasında sülhün möhkəmləndirilməsinə təkan verəcəkdir.

Vüqar Aslanov

 Neftçala

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək

06.03.2021 · 09:06 · Siyasət

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Komissiyanın iclası videoformatda qruplar halında keçirilir. İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, komissiya indiyə qədər 650-dən artıq müraciətə baxıb.(APA)