Çin Britaniyanın parlament üzvlərinə sanksiyalar tətbiq edib –

26.03.2021 · 10:23 · Dünya

Rəsmi Pekin Çinin Sincan Uyğur Muxtar Bölgəsində “insan hüquqları” mövzusuna dair yalan və dezinformasiya yaydıqlarına görə Böyük Britaniya parlamentinin bir neçə üzvünə, hüquqşünas və sahibkarlara, habelə 4 təsisatına sanksiyalar tətbiq etməyə başlayıb.

Çin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bu sanksiyaların Sincan bölgəsində “insan hüquqları”nın pozulmasına görə Londonun bir neçə gün əvvəl Çinə tətbiq etdiyi sanksiyalara cavab olduğu deyilir. Həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərə girişinə qadağa qoyulub, onların Çindəki vəsaitləri dondurulacaq. Pekinin sanksiyaları Çin vətəndaşlarını və qurumlarını Böyük Britaniyanın həmin fərdləri və hüquqi şəxsləri ilə əməkdaşlığını qadağan edib.

Çin XİN Londona yanlış yol ilə getməmək barədə xəbərdarlıq edərək, əks təqdirdə Çinin daha sərt cavab verəcəyini açıqlayıb. Pekin hesab edir ki, Böyük Britaniyanın Çin fərdi və hüquqi şəxslərinə tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa və beynəlxalq münasibətləri tənzimləyən normalara ziddir, Çinin daxili işlərinə müdaxilə cəhdi xarakteri daşıyır və Çin-Böyük Britaniya münasibətlərinə ciddi zərər vurur.

Qeyd edək ki, martın 22-də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqlarının pozulması hallarını əsas götürərək Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq etməyə başladıqlarını bəyan ediblər.

Bir müddətdir bəzi Qərb ölkələrinin siyasətçiləri, qeyri-hökumət təşkilatları və mətbuatı Çin hökumətinin Sincan bölgəsində uyğur müsəlmanlara təzyiqlər göstərdiyini, xeyli sayda uyğurun peşə təlimi adı altında xüsusi düşərgələrdə saxlanıldığını, onların məcburi əməyə cəlb edildiyini, bölgədə dini etiqad azadlığının məhdudlaşdırıldığını bəyan edirlər. Həmin ölkələr bir neçə dəfə Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq ediblər, müvafiq bəyanatlar veriblər. Çin tərəfi bu cür addımların Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları ilə bağlı vəziyyəti qəsdən ləkələmək, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları kobudcasına pozmaq, Çinin daxili işlərinə kobud müdaxilə etmək kimi qiymətləndirib. Rəsmi Pekin “Sincan məsələsi”nin insan hüquqları, etnik və dini məsələlərlə əlaqəli olmadığını, əslində, zorakılıq, terrorizm və separatçılıqla mübarizə olduğunu bəyan edir.

“DÇ-2022”nin seçmə mərhələsinin daha 13 görüşü keçirilib –

26.03.2021 · 10:20 · Sosial

“DÇ-2022”nin Avropa zonası üzrə seçmə mərhələsinin birinci turunun daha 13 görüşü keçirilib.

Günün ən gözlənilməz hesabı “Los Karmenes” stadionunda qeydə alınıb. B qrupunda yer alan İspaniya millisi öz meydanında Yunanıstan seçməsi ilə heç-heçə edib – 1:1.

Gecənin ən böyük hesabı I qrupunda İngiltərə millisi və San-Marino seçməsi arasında qeydə alınıb.

Görüş ingilislərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

B qrupu

İsveç – Gürcüstan – 1:0.

C qrupu

Bolqarıstan – İsveçrə – 1:3;

İtaliya – Şimali İrlandiya – 2:0.

F qrupu

İsrail – Danimarka – 0:2;

Şotlandiya – Avstriya – 2:2;

Moldova – Farer adaları – 1:1.

I qrupu

Macarıstan – Polşa – 3:3;

Andorra – Albaniya – 0:1.

J qrupu

Almaniya – İslandiya – 3:0;

Rumıniya – Şimali Makedoniya – 3:2;

Lixtenşteyn – Ermənistan – 0:1.

Pandemiya zamanı 114 milyon insan işini itirib,120 milyon adam yenidən yoxsullaşıb –

26.03.2021 · 10:17 · Baş Yazı

“Koronavirus pandemiyası qlobal iqtisadiyyata, cəmiyyətin ən həssas sahələrinə təsir edərək, son 90 ilin ən böyük tənəzzülünü yaşatdı. Bu səbəbdən Davamlı İnkişaf Məqsədlərinə çatmaq 10 ilə qədər ləngiyə bilər”.

TASS xəbər verir ki, bu barədə BMT-nin cümə axşamı yayımladığı  hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, pandemiya dövlətlərin qeyri-bərabər inkişafına səbəb olub: Böhran səbəbindən, təxminən 114 milyon insan işini itirdi, 120 milyon insan yenidən yoxsulluq həddinə düşdü. İqtisadiyyatın stimullaşdırılması və bərpası üçün rekord miqdarda 16 trilyon dollar xərcləndi. Bu məbləğin 20% -dən azı inkişaf etməkdə olan ölkələrin payına düşdü”.

Hesabata görə, 2021-ci ilin yanvarına qədər koronavirusa qarşı peyvəndin tətbiqi 38 ölkədə  həyata keçirilib ki, bunlardan da yalnız 9-u inkişaf etməkdə olan ölkələrdir.

Qeyd edilib ki, dünyanın ən kasıb ölkələrindəki vəziyyət dərindən narahatlıq doğurur. Bunun qarşısını almaq üçün BMT təcili tədbirlərin görülməsinə çağırış edib.

Gəncədə iki qardaşı bıçaqlayan şəxs saxlanılıb

26.03.2021 · 10:00 · Sosial

Gəncə şəhərində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.

RPİ-nin  əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində  N. Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.