Nobel sülh mükafatını almış XİN başçsına dörd il həbs cəzası verildi

07.12.2021 · 08:56 · Dünya

Myanma hakimiyyəti keçmiş dövlət müşaviri Aun San Su Çjini ordu sıralarında fikir ayrılıqlarını qızışdırmaq və koronavirusun qarşısının alınması ilə bağlı qaydaları pozmaqda ittiham edərək dörd il həbs cəzasına məhkum edib.

Bu barədə Myanma ordusunun rəsmi nümayəndəsi Zo Min Tun bildirib.

Onun sözlərinə görə, Aun San Su Çjinə hər iki ittiham üzrə ayrı-ayrılıqda iki il müddətinə həbs cəzası təyin olunub.

Qeyd edək ki, 76 yaşlı Aun San Su Çji Myanmanın əvvəlki hökumətinin hakimiyyətdən kənarlaşdırılmasından bu yana həbsdə saxlanılır. Ona qarşı idxal-ixrac qanunvericiliyini, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması haqqında qanunu pozmaqda, habelə korrupsiya ilə bağlı ittihamlar irəli sürülüb.

Myanmalı siyasətçi, “Demokratiya uğrunda Milli Liqa”nın lideri və Nobel sülh mükafatı laureatı  2016-2021-ci illərdə Myanmanın XİN rəhbəri və dövlət müşaviri (baş nazir statusuna müvafiq) olub.

Zaqatalada zəlzələ olub

07.12.2021 · 08:48 · Sosial

Azərbaycanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 07:38-də Zaqatala stansiyasından 16 km şimal-şərqdə Zaqatala ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələ 3,5 maqnitudada baş verib.

Tramp prezident olduğu dövrlə bağlı memuar yazır

07.12.2021 · 08:47 · Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı kimi dörd illik fəaliyyətini əks etdirən memuar (xatirə) yazdığını bildirib.

Tramp bu barədə bazar ertəsi “Newsmax TV”yə müsahibəsində deyib.

“Bəli, mən xatirələrimi yazıram. Görəcəksiniz, bu, çox güclü bir şey olacaq”, deyə eks-prezidnet vurğulayıb.

Tramp əlavə edib ki, onun işıq üzü görəcək kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Lakin ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzular barədə danışmayıb.

Qeyd edək ki, D.Tramp 2017-2021-ci illərdə ABŞ prezidenti olub.

Bayden və Putin nələri müzakirə edəcəklər?

07.12.2021 · 01:11 · Dünya

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə videozəng formatında baş tutacaq söhbəti zamanı Ukrayna ilə yanaşı, kibertəhlükəsizlik və ikitərəfli münasibətlərlə bağlı məsələlərə də toxunmaq niyyətindədir. TASS xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Cen Psaki keçirdiyi növbəti brifinqdə bildirib.

“Bu, prezident üçün Rusiyanın Ukrayna ilə sərhəddə hərbi fəaliyyəti ilə bağlı narahatlığımızı vurğulamaq və ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləmək üçün bir fürsət olacaq. Bu, həmçinin strateji sabitlik, kiber və regional məsələlər də daxil olmaqla, ABŞ-Rusiya münasibətləri ilə bağlı bir sıra məsələləri müzakirə etmək imkanıdır”, – o bildirib.

Psaki həmçinin əlavə edib ki, Amerikanın hazırkı administrasiyası “münasibətləri gərginləşdirməyə yox, onları daha sabit əsasa gətirməyə” çalışır: “Bayden və Putin arasında gözlənilən söhbət ABŞ üçün Rusiyaya təhdidlər təqdim etmək üçün bir fürsət kimi qəbul edilməməlidir”.