Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinə cavab verib

07.01.2021 · 16:51 · Siyasət

“Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə haqq qazandırmaq cəhdi və bunun 10 noyabr tarixli üçtərəfli bəyannamənin öhdəliklərinə zidd olmadığını iddia etməsi Ermənistan rəsmilərinin əfsuslar olsun ki, 30 il bundan öncə olduğu kimi hələ də xəyallardan çıxış etdiyini və bölgədə mövcud olan yeni reallıqdan nəticə çıxarmadıqlarını nümayiş etdirir”.

Bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin şərhinə münasibət bildirərkən deyib.

“Bu isə, o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülh və təhlükəsizlik, rifah şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir. Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır”, – deyə XİN rəsmisi vurğulayıb.

Azərbaycanda son sutkada 685 nəfər yoluxub-

07.01.2021 · 16:36 · Baş Yazı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib, aktiv xəstə sayı 16 513 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, ötən müddət ərzində isə ümumilikdə 2 241 908 test aparılıb.

“Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir” –

07.01.2021 · 15:05 · Baş Yazı

“Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək”.

Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı vurğulayıb ki, bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək: “Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəfmüqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək”.

“Füzuli-Şuşa dəmir yolunun tikintisi nəzərdə tutulur” –

07.01.2021 · 14:48 · Baş Yazı

“Dəmir yolları ilə bağlı göstəriş verildi, hazırlıq işləri gedir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin. Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir. Amma hər hala indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək”.

Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Prezident qeyd edib ki, eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, – Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, – yenidən tikiləcək: “Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır”.