“Müharibənin başlamasını artilleriyanın səsindən bildim” –

07.01.2021 · 14:38 · Sosial

“Müharibənin başlamasını artilleriyanın səsindən bildim. Onlar bizə heç nə deməmişdilər. 2-3 gün keçmədi, mərmi artıq Şuşa həbsxanasının qarşısına düşdü”.

 Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib.

 O bildirib ki, ermənilər çox qorxublar, təşviş içində olublar: “Aydın məsələ idi, ki müharibə başlayıb. Onlar öz dustaqlarını çıxardılar. Bizi gəzintiyə buraxmırdılar, aynaları bağlamışdılar”. Əsgərovun sözlərinə görə, Azərbaycan Ordusunun hərbçiləri Şuşaya daxil olanda onları gecə ilə maşına mindirərək İrəvanda yerləşən türməyə aparıblar: “Gorusda qəsdən məni maşından endirib təpiklədilər. Evdən göndərilən əşyalarımın əksəriyyətini oğurladılar. Yolda İrəvandan gələn qrup üst paltarlarımı çıxardı, maşında ayaqyalın idim. Başıma torba salmışdılar, nəfəs ala bilmirdim. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə də dedim. Əvvəl bizi gətirəndə türmə boş idi, cəmi iki nadzor var idi. Sonradan ora 1 000 nəfər gətirildi, onlar nəfəslikdən bizi təhqir edirdilər. Bütün gün qapını döyürdülər. Sonradan bizi yenə Gorusa, oradan da Xankəndinə gətirdilər. Rusiya sülhməramlı qüvvələrinin generalı bizim şəkilimizi çəkdi. Məndə qorxu hissi yox idi. Nəyə görə qorxmalıydım? Mən öz torpağımda idim. Azad olunacağıma ümidim var idi. Radiodan da çox məlumatları eşidirdim. Qənirə Paşayevanın, Bahar Muradovanın çıxışlarını, Milli Məclis sədrinin Rusiyada bizimlə bağlı çıxışlarını eşidirdim. Bu mənə ruh verirdi. Ermənilər də buna qulaq asırdı”. (APA)

“Hər gecə əlindəki dəyənəyi belimizdə qırırdı” –

07.01.2021 · 14:31 · Sosial

“Bu gün Azərbaycandayam. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Qarabağ Azərbaycandır!”

Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş Şahbaz Quliyev deyib.

“Biz ata-anamızın qəbrini ziyarət edərkən girov düşdük. Dilqəmgil (Dilqəm Əsgərov) məndən sonra girov düşdülər. Onlar çəkən işgəncəni mən də çəkmişəm. Axşam yatmağa qoymurdular, səhərə kimi bizə səs dinlədirdilər. Onların “Milli Təhlükəsizlik Xidməti”nin əməkdaşı demək olar hər gecə əlindəki dəyənəyi belimizdə qırırdı. Onlar inanmırdılar ki, biz ziyarətə gəlmişik. Bizə terrorçu, diversant adı qoymuşdular. Son günə kimi bizi belə təqdim etmək istəyirdilər. Son gün Beynəlxalq Qızıl Xaç Komitəsindən həkim gəlmişdi. Həkim deyirdi ki, əlimə gips qoyulmalıdır, lakin onlar etiraz edirdilər. Beynəlxalq Qızıl Xaç Komitəsi bizə verilən işgəncəni görürdü. Bizə verilən işgəncələr haqda məktublarda yazmağa imkan vermirdilər. Bir ildən sonra Şuşa həbsxanasında bizi kameraya bağlamışdılar. 44 günlük Vətən müharibəsi bütün Ermənistanı silkələdi”, – deyə Ş. Quliyev qeyd edib.

“Erməni həkim də sarğını dəyişən zaman səsim çıxanda vururdu” –

07.01.2021 · 14:26 · Sosial

“Vətənə qayıtmağım üçün birinci Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Bu qısa müddətdə qayıdacağıma heç özüm də inanmırdım”.

Bunu bu gün Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Amin Musayev deyib.

O bildirib ki, əsir düşməkdənsə, ölmək ondan yaxşıdır: “Məni arxadan tutdular. Yaralı idim. Məni təpədən sürüyə-sürüyə aşağı çəkdilər. Mənə nalayiq sözlər işlədirdilər, cavablarını verirdim. Rus jurnalistin məni çəkdiyindən xəbərim yox idi. Məni sanitarın maşınında da vururdular. Müəyyən yeri keçdikcə saxlayıb, yenə məni döyürdülər. Sonradan huşumu itirdim. Ayılanda xəstəxanada idim. Ona xəstəxana demək olarsa. Həkim sarğıya gələndə səsim çıxanda da vururdu. Yeməyi vaxtında vermək söhbəti yox idi. Yeməyi gətirib üstümüzə tullayırdılar. Yeməklər çox vaxt yeyiləsi olmurdu. Qısa müddətdə qayıtmağımı Ali Baş Komandana borcluyam. Hətta qayıtdığım gün belə həkim gəlib sarğımı sarıyanda təəccübləndim. Çünki 2-3 gündən bir gəlib sarğımı dəyişirdilər. Amma bu dəfə tez gəlmişdi. Mənə xəstəxana paltarı geyindirdilər. Sonra təyyarəyə mindirdilər. Təyyarə enəndən sonra bildim ki, Bakıdayam. Orada əməliyyatımı səhv etmişdilər. Burada həkimlər yenidən əməliyyat etdilər”.

A, Musayevin sözlərinə görə, ermənilər o qədər qorxaq millətdir ki, məğlub olduqlarını da qəbul edə bilmirdilər. (APA)

“Orada tibb bacılarından həddindən artıq şiddət görürdüm. İynəni çox qəddar şəkildə vururdular”-deyə Amin Musayev deyib.

O bildirib ki, əsirlikdə olarkən vurulan iynə nəticəsində əzələsi zədələnib: “Mən hələ də ayağımı yaxşı hiss etmirəm”.

“Ermənilərə demişdim ki, Azərbaycan əsgəri bura gəlib çıxacaq” –

07.01.2021 · 14:22 · Sosial

“Mən tək qalırdım. Hüquqlarımı Beynəlxalq Qırmızı Xaç Komitəsindən tələb edirdim. Ancaq ondan sonra onlar mənə radio verdilər. Radiodan mən eşidirdim ki, bizim dövlət başçısı ac qalmağımız, əsir götürməyimizlə bağlı işlər görürdü”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş mülki vətəndaş Dilqəm Əsgərov deyib.

O bildirib ki, bir ildən sonra BQXK onlarla maraqlanmağa başlayıb: “Mən 6 il 5 ay Şuşa həbsxanasında qaldım. Gəzintiyə çıxmağa icazə vermirdilər. İki dəfə Xankəndidə məni “tok”a verdilər. Məqsədləri bu idi ki, Azərbaycan xalqının, hökumətinin əleyhinə nəsə danışım. Bacardığım qədər buna imkan vermədim. Hətta ora xaricdən də jurnalistlər gəlmişdi. Həmin gün onlar həbsxanada da olmuşdular. Məni məcbur edirdilər ki, o jurnalistlərə müsahibə verim. Ancaq vermədim və tələb etdim ki, ancaq Kəlbəcərdə bunu edərəm. Bu gün mən Prezident İlham Əliyevə ailəm və öz adımdan təşəkkürümü bildirirəm. O bizi girovluqdan azad etdi. Orada olan vaxt da mənim ümidim var idi. Mən ölkəmizin apardığı siyasəti izləyirdim. Ümidim də var idi ki, bizi azad edəcəklər. Orada demişdim ki, vaxt gələcək Azərbaycan əsgəri bura gəlib çıxacaq. Çox şükür ki, əsgərlərimiz gəldi, torpaqlarımız azad olundu və biz öz doğma torpaqlarımıza qayıtdıq”. (APA)