“Mənə verilən işgəncələri Qızıl Xaç Komitəsi bilirdi, ancaq heç bir ölçü götürmədilər”-

07.01.2021 · 14:14 · Siyasət

“Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində biz azad olunduq. Bir kəlbəcərli kimi Azərbaycan xalqını Vətən müharibəsində qələbəmiz münasibətilə təbrik edirəm”.

Bunu bu gün mətbuat konfransında erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib.

O bildirib ki, onlar erməni girovluğunda işgəncələrə məruz qalıblar.

“Mən Ermənistan ərazisinə keçməmişdim, öz ata-baba yurduma getmişdim. Mən ora ilk dəfə getməmişdim. Məni öz doğma yurdumda həbs etdilər. Xankəndinə apardılar. Barmaqlarımı qırdılar. Baş nahiyəmdə hələ də qırıqlar var. Xankəndidə qaldığım bir il müddətində mənə yemək vermirdilər. Dəmir boşqabda qızdırılmış su və az miqdarda makaron verirdilər. Tutulan vaxt çəkim 100 kiloqramdan çox idi, amma sonradan çəkim 55 kiloqrama düşdü. Taqətim qalmamışdı. Hər dəfə məni aparanda avtomatın qundağı ilə döyürdülər. Elə vaxt olub ki, onların “prokuroru”nun yanında 15 nəfər məni döyüb. Hamısını saymışam. Bunun hamısı “istintaq” vaxtı olub. Taqətsiz olmuşam, qalxa bilməmişəm. Yemək Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də gətirilməyib. Bir il müddətində bu komitənin heç bir köməyi olmayıb. Baxmayaraq ki, mənim bir tərəfim tamamilə iflic olmuşdu. Mənə verilən işgəncələrin hamısını Beynəlxalq Qızıl Xaç Komitəsi bilirdi, ancaq heç bir ölçü götürmədilər”, – deyə D. Əsgərov vurğulayıb. (APA)

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin təxirə salınmadan azad edilməsi təklifi irəli sürüldü”

07.01.2021 · 14:10 · Sosial

“2018-ci sentyabr ayında Rusiya və Ukrayna arasında əsirlərin “hamının-hamıya” prinsipi əsasında azad edilməsi əsas götürülərək həmsədrlər bunun Ermənistan və Azərbaycan arasında da tətbiqini təklif etmişlər”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İ. Axundov bildirib ki, 10 noyabr bəyanatından sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin keçirdiyi görüşlərdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsinin təxirəsalınmaz olaraq həyata keçirilməsi təklifini irəli sürüb: “Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibə işğal altında olan torpaqların azad olunması ilə yanaşı, Dilqəm və Şahbazın da azadlığa qovuşmasına şərait yaradıb. Həmçinin, Amin Musayevin yaralı vəziyyətdə əsir götürülməsi sosial şəbəkələrdə paylaşıldığı üçün Azərbaycan ictimaiyyətində çox böyük narahatlıqlar yaşanmışdı”.

İ. Axundov Dövlət Komissiyası adından əsirlikdən və girovluqdan azad olunanların ailələrini təbrik edib. (APA)

Tramp yanvarın 20-də hakimiyyəti nizamlı şəkildə Baydenə ötürəcəyini bəyan edib

07.01.2021 · 13:48 · Dünya

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də postunu tərk edəcəyini bildirib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp yeni seçilmiş prezident Co Baydenin qələbəsinin ABŞ Konqresi tərəfindən təsdiqlənməsindən az sonra qeyd edib.

“Baxmayaraq ki, seçkilərin nəticəsi ilə tamamilə razılaşmıram və faktlar məni dəstəkləyir, lakin yanvarın 20-də nizamlı bir şəkildə hakimiyyət keçidi baş tutacaq. Mən həmişə demişəm ki, yalnız qanuni səslərin sayılmasını təmin etmək üçün mübarizəmizi davam etdirəcəyik. Bu, prezidentlik tarixinin ən möhtəşəm birinci dövrünün bitməsini təmsil etsə də, Amerikanı yenidən güclü etmək uğrunda mübarizəmizin yalnız başlanğıcıdır”, – deyə D. Tramp vurğulayıb.

“Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək” –

07.01.2021 · 13:45 · Siyasət

“Bu yaxınlarda müşavirə keçirərkən mənə məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb”.

Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb: “Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir”.

Prezident qeyd edib ki, həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək: “Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir. Əsas sual onların öz torpaqlarına qayıtmaq istəkləri ilə bağlı olacaq. Bu, öz yerində. Ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim.

Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin”.

Prezident bildirb ki, kifayət qədər böyük bir proqramdır: “Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır”.