Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2021 · 15:30 · Baş Yazı

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Prezident İlham Əliyev Hadruta gedib –

24.12.2021 · 14:51 · Baş Yazı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.

Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim edib.

Sonra dövlət başçısı, birinci xanım və oğulları təlim mərkəzi ilə tanış olub və təlim fəaliyyətini izləyiblər.

Britaniya Baş nazirinin Azərbaycan üzrə elçisi İlham Əliyevi təbrik edib

24.12.2021 · 14:23 · Siyasət

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Əlamətdar hadisə – 60 illik yubileyiniz münasibətilə Sizə, Birinci vitse-prezidentə və bütün ailənizə ən xoş arzularımı bildirirəm. Sizə davamlı uğurlar və xoşbəxtlik diləyirəm. Azərbaycan Sizin rəhbərliyinizlə inkişaf etməkdə davam edir.

Bilirəm ki, başa çatmaqda olan il Sizin üçün xüsusilə fərqli il oldu, ölkəniz geri qaytardığı ərazilərdə yenidənqurma işlərinə başladı. Britaniya ekspertlərinin və şirkətlərinin həmin ərazilərin minalardan təmizlənməsi və bərpa işlərinə kömək etmələrindən məmnunam.

Gələn ilin mart ayında Bakıya edəcəyim növbəti səfəri çox böyük səbirsizliklə gözləyirəm. 2020-ci ilin fevralında ölkənizə etdiyim son səfərdən kifayət qədər çox vaxt keçib. Ümid edirəm ki, hökumətiniz Britaniya səfiri və səfirliyin komandası ilə yaxından işləyir. Mən də sizin Londondakı səfirliyinizlə yaxın əlaqə saxlayıram. Sizinlə iqtisadi şaxələndirmə və enerji resurslarının nəqlinə dair şəxsi dialoqumuzu bərpa etməyə ümidvaram.

Yeni ildə yeni arzularla”.

Əmək pensiyasının minimum məbləği 240 manata qaldırılır

24.12.2021 · 13:49 · Baş Yazı
Pensiya

Əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq.

Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.