Bərdədə 32 yaşlı kişi güllələnib

22.01.2022 · 20:34 · Sosial

Bərdədə güllələnmə hadisəsi baş verib.

Yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləmbəran kəndində qeydə alınıb. 1990-cı ilə təvəllüdü Hüseynov İsrafil Hümbət oğlu odlu silahdan atılmış iki güllə yarası alıb.

Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilərək əməliyyat edilib. Xəstəxanadan əldə edilən məlumata görə yaralının vəziyyəti ağırdır.

Hadisənin səbəbi tam olaraq məlum deyil. Faktla bağlı araşdırma başlanıb.

Türkiyə Silahlı Qüvvələri daha 10 terrorçunu zərərsizləşdirib

22.01.2022 · 18:46 · Dünya

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində Barış Pınarı bölgəsində hücuma hazırlaşan 10 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda vurğulanır ki, terrorçu qrupların bölgədə sülh və sabitliyi pozmasının qarşısı hər zaman qətiyyətlə alınacaq. Terrorçulara qarşı əməliyyatlar davam edir.

Yeltsinin şəxsi fotoqrafı olmuş Dmitri Donskoy vəfat edib

22.01.2022 · 18:43 · Dünya

Rusiyanın birinci prezidenti Boris Yeltsinin şəxsi fotoqrafı kimi çalışmış Dmitri Donskoy 86 yaşında Moskvada vəfat edib.

Moskva müxbirinin xəbərinə görə, yaxınları bildirib ki, Dmitri Donskoy uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

D. Donskoy 1991-1997-ci illərdə Yeltsinin şəxsi fotoqrafı kimi çalışıb. Yeltsinlə çalışmağa başlamazdan əvvəl Donskoy ölkənin ən yaxşı idman fotomüxbirlərindən biri olub. O, RİA “Novosti” informasiya agentliyində çalışıb. D. Donskoy 160-dan çox beynəlxalq mükafata, o cümlədən Beynəlxalq Jurnalistlər İttifaqının Beynəlxalq Press Foto Ustası, Beynəlxalq Foto İncəsənət Assosiasiyasının (FIAP) və nüfuzlu World Press Photo “Qızıl göz” mükafatına layiq görülüb.

 

DİM-də TOEFL imtahanı keçirilib

22.01.2022 · 17:25 · Sosial

Dövlət İmtahan Mərkəzində (DİM) 2022-ci il yanvarın 22-də TOEFL iBT imtahanı keçirilib.

Imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 1 əcnəbi olmaqla 17 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının 12 fevral 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür: