22.01.2022 · 17:02 · Siyasət

Azərbaycanda sosial-iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq hərbi quruculuq məsələləri da planlı şəkildə davam etdirilir.

Türkiyə, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq ordumuzun texniki bazası gücləndirilir. Həmçinin daha hazırlıqlı qoşun növləri olan Komando birliklərinin sayı artırılır. Bu günədək bir neçə Komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşə və düşmənin istənilən təxribatlarına adekvat cavab verə bilən hazırlıqlı qoşun növləridir. Komando qüvvələrinə qoşulan hərbiçilərimiz həm Türkiyədə, həm də ölkəmizdə intensiv hazırlıqlar və təlimlər keçirlər. Bu onu deməyə əsas verir ki, Azərbaycanda yeni, müasir, hazırlıqlı ordu korpusları yaradılır. Diqqətçəkən məqamlardan biri də 44 günlük Vətən müharibəsinin bitməsindən dərhal sonra Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan ordularının müxtəlif istiqamətlərdə birgə hərbi təlimlərinin keçirilməsidir.

Ordu quruculuğu istiqamətində görülən işlərə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha toxunuldu. Dövlətimizin başçısının Ermənistanla münasibətlər yaxşılaşsa da, hərbi arsenalımızı gücləndirəcəyimizlə bağlı fikri bir neçə maraqlı məqamı özündə əks etdirir. Birincisi, Ermənistanın konstruktiv addımlar atmaması, imkan düşdükcə Azərbaycana qarşı təxribatlar törədməsini qeyd edə bilərik. Halbuki, onların ordusu və hərbi texnikası 44 günlük Vətən müharibəsi zamanı darmadağın edildi. Ermənistan ordusu hazırda da bizimlə müharibə aparmağa qadir deyil. Biz bunu ötən ilin may və noyabr aylarında Ermənistanın törətdiyi təxribatlar zamanı da gördük. Həmçinin bu ilin əvvəlində Ermənistanın oxşar revanşist addımlarının şahidi olduq. Lakin Ermənistan rəhbərliyinin yalvarışları və Rusiya sülhməramlılarının xahişi ilə Azərbaycan Ordusu atəşi dayandırdı. Aydın olur ki, öz mənfur xislətlərindən əl çəkməyən Ermənistan bu cür təxribatlara yenə də əl ata bilər. Qarşı tərəfin işğalçı, revanşist davranışlarına rəğmən, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh və normal qonşuluq əlaqələrinin başlana biləcəyini bəyan etdi. Bu fikirlər ölkəmizin sülhsevər dövlət olduğunu göstərir. Lakin dövlətimizin başçısı Ermənistan hakimiyyətinə, cəmiyyətinə ciddi xəbərdarlıq da etdi. Qonşu dövlətin Azərbaycanın sülh çağırışlarına cavab verməyəcəyi təqdirdə, bu təklifin uzun müddət masada qalmayacağını vurğuladı. Bu, çox ciddi məqamdır. Çünki itirən biz yox, Ermənistan olacağını deyən Prezident İlham Əliyev qarşı tərəfə mesaj göndərdi. Bu fikirlərə həm iqtisadi, həm də siyasi aspektdən yanaşmaq lazımdır. İqtisadi yön ondan ibarətdir ki, Ermənistan Azərbaycanın təklifini qəbul edərsə, bölgənin digər dövlətləri ilə geniş əməkdaşlıq edə bilər. Bu da 30 ilə yaxındır dalana salınan, iqtisadiyyatı müxtəlif ölkələrdən asılı olan bir dövlətin müəyyən qədər dirçəlməsinə səbəb ola bilər. Digər bir məqam geosiyasi cəhətləri özündə ehtiva edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, eyni zamanda, biz də onların bizimdir dedikləri torpaqları qəbul etməyəcəyik. Buna tam haqqımız da var. Beynəlxalq hüququn aliliyini nəzərə alan ölkəmiz hələlik səbir nümayiş etdirir və qarşı tərəfə sülh təklif edir. Bundan sonra cərəyan edən proseslər artıq Ermənistanın məsuliyyətindən və necə davranacağından asılı olacaq. Əgər Ermənistan böyük güclərə və təşkilatlara güvənirsə, yanılır. Çünki dövlətimizin başçısı çıxışlarında vurğulayıb ki, bizi heç kim saxlaya bilməz və istədiyimizə nail olacağıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq yeni reallıqları dünyaya qəbul etdirməsi ölkəmizdə uğurlu xarici siyasətin aparıldığını göstərir.

Azərbaycan Prezidentindən Ermənistan tərəfinə verilən aydın mesajlar

Müharibədən keçən bir ildən çox müddət ərzində Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq Azərbaycanın Ermənistanla sülhə, normal qonşuluğa hazır olduğunu vurğulamaqla yanaşı, siyasi mesajları da diqqətdən qaçmır. Keçən ilin aprelində Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu vurğulayan dövlətimizin başçısının bu fikirləri Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Əslində isə Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin fikirlərinin haradan qanaqlandığını yaxşı anlayır. Belə ki, 2021-ci il yanvarın 11-də Azərbaycanın təzyiqi ilə imzalanan bəyanat, heç şübhəsiz, təsdiqini tapacaq. Amma görünən odur ki, qarşı tərəf yenə də destruktiv münasibət sərgilməklə məşğuldur və götürdüyü öhdəlikləri yerinə yetirmir, yaxud ləngidir. Ermənistanın bu cür addım atmasının bir neçə səbəbi ola bilər. Əvvəlcə qeyd edək ki, Ermənistan böyük güclərə arxalanaraq regionda hansısa proseslərin gedişatından istifadə etmək, yəni, KTMT və ya ATƏT-ə üzv olan ölkələrin qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinə nail olmaq istəyir. Bu fikirləri dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində də qabartdı. Bildirdi ki, Ermənistan regionda gedən prosesləri Azərbaycana qarşı çevirməyi planlaşdırır. Amma bu, heç zaman mümkün olmayıb və olmayacaq. Bunun ən bariz nümunəsi kimi 44 günlük Vətən müharibəsini qeyd edə bilərik. Azərbaycanın apardığı çoxistiqamətli xarici siyasət nəticəsində Fransa istisna olmaqla, digər güclər neytrallığını qorudu. Əslində, Fransanın Ermənistanı dəstəkləməsi heç nəyi dəyişmədi. Ötən il dekabrın 15-də Brüsseldə Azərbaycan və Fransa prezidentlərinin görüşü baş tutdu. Görüş əsnasında Fransa Prezidenti bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəyir. Əlbəttə, müəyyən qədər neytral fikirlər olsa da, Azərbaycan hər zaman bütün çağırışlara hazır olmalıdır.

Digər məqamı isə Ermənistanda dərinləşməkdə olan daxili qütbləşmə ilə əlaqələndirmək olar. Belə ki, Ermənistanda məğlubiyyəti qəbul edə bilməyən qüvvələr Azərbaycanla əlaqələrin normallaşmasını istəmirlər. Əgər bu, baş verərsə, onlar növbəti məğlubiyyəti yaşayacaqlarını zənn edirlər. Ermənistanda az da olsa revanşist meyilli qüvvələr qalmaqdadır. Əlbəttə, həmin qüvvələrin ümid yeri öz ordusu yox, güclü dövlətlərin müəyyən vədləridir. Prezident İlham Əliyev də müsahibə zamanı bildirdi ki, əgər ərazi bütövlüyümüzə qarşı hər hansı təhdid hiss etsək, Ermənistanın dərinliyində olsa da, həmin yeri məhv edəcəyik. Bu fikirlər isə Ermənistan ərazisində yerləşən hərbi bazanın onlara verdiyi psixoloji üstünlüyü də məhv etdi.

Azərbaycan və Ermənistan münasibətlərinin 6 ay sonrakı xarakteristikası

Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan beynəlxalq hüququn aliliyini nəzərə alaraq imzaladığı Bəyanatlara tam olaraq əməl edir. Qarşı tərəfdən də eyni ritorikanı gözləyir. Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi, yenə də dəyişməyən siyasət xəttini davam etdirir. Münasibətlərin tənzimlənməsi istiqamətində görüşlər müharibədən keçən bir ildən çox müddətdə ərzində nəticəsiz görünür. Deməli, erməni xislətinin ikiüzlü, yalanla dolu siyasi istiqaməti dövlət sənədlərinə də öz təsirini göstərir. Ona görə də biz Ermənistan rəhbərliyinin heç bir sözünə, vədinə inanmamalıyıq. Əlbəttə, 30 ilə yaxın müddətdə işğalçı dövlətin simasız və sülhə aparmayan siyasət xəttini gözəl bilən Prezident İlham Əliyev bu səbəbdəndir ki, ordu quruculuğunu daha da gücləndirir. BMT tərəfindən qəbul edilmiş Ermənistanın Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması barədə 4 qətnaməyə əməl etməyən işğalçı dövlət sülh müqaviləsi imzalansa da, buna ciddi yanaşmayacağını dövlətimizin başçısı da vurğuladı. Qeyd etdi ki, rəsmi İrəvan Azərbaycanın sülh və normal qonşuluq münasibətlərini qəbul etməsə, delimitasiyanın başlanmasını istəməsə, biz bu təklifi uzun müddət masada saxlayan deyilik. Həmçinin Ermənistan tez bir zamanda bizim ərazi bütövlüyümzü tanımasa, Azərbaycan da öz dədə-baba torpaqları olan Zəngəzur, Göyçə, İrəvanın onlara məxsus olmaması istiqamətində fəaliyyət həyata keçirəcək. 44 günük Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyi Prezident Ilham Əliyevin dediyi hər sözü reallaşdırdığını anlayıb. Qarşı tərəf onu da başa düşməlidir ki, əgər dövlətimizin başçısının dedikləri kimi, Ermənistan öhdəliklərini yerinə yeriməsə, müstəqilliyi sual altına düşə bilər. Zaman o qədər də çox deyil. Bundan sonra baş verəcək hadisələrin bütün məsuliyyətini Ermənistan rəhbərliyi daşıyacaq.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

22.01.2022 · 16:57 · Sosial

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 791, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 727 150, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 852 022 təşkil edir.

Azərbaycanda son sutkada 1614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

22.01.2022 · 16:35 · Baş Yazı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8597 nəfər vəfat edib, aktiv xəstə sayı 11 671 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, ötən müddət ərzində isə ümumilikdə 6 056 428 test aparılıb.

Cəlilabadda şadlıq sarayının sahibi həbs olunub

22.01.2022 · 16:03 · Sosial

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aşkarlanan hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.