Qayınanasını öldürüb, arvadını ağır yaralayan şəxsin məhkəməsi başlayıb

22.01.2022 · 15:36 · Sosial

Şəmkirdə qayınanasını öldürməkdə, arvadını isə ağır yaralamaqda təqsirləndirilən İntizam Hüseynovun məhkəməsi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 25-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 14-də Şəmkir rayonu Şiştəpə kəndi ərazisində qeydə alınıb. Rayon prokurorluğunun yaydığı məlumata görə, həmin gün kənd sakini S. İbadullayeva qətlə yetirilib.

İstintaqla zərərçəkmişin kürəkəni İ. Hüseynovun aralarında yaranan mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası S. İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə, arvadı Mahizər Hüseynovanı, qohumu Elnarə Cəbrayıllını və azyaşlı Qərib İbadullayevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İntizam Hüseynova CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

COVID-19-a yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

22.01.2022 · 15:33 · Sosial

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına dəyişiklik edib.

Dəyişikliyə əsasən, təyyarə ekipajında işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlar evdə izolyasiya olunmalıdırlar.

İndiyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Nazir:

22.01.2022 · 15:30 · Siyasət

22 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Azərbaycan və Malayziya arasında əlaqələrin inkişafından məmnunluqla bəhs edib və dost Malayziya ilə mövcud olan siyasi dialoqun tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib.

Nazir, Malayziyanın həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvilərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyi minnətdarlıqla vurğulayıb. Xüsusilə, 44 günlük müharibə dövründə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə Malayziyanın dəstəyinin tərəfimizdən yüksək dəyərləndirildiyi qeyd edilib.

Nazir müavini Kamarudin Caffar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin sədrinin müavini, habelə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və xarici siyasət məsələləri şöbəsinin müdiri ilə keçirilmiş ikitərəfli görüşlərdən məmnunluqla bəhs edib. O, iki ölkə arasında son 30 ilə yaxın bir müddətdə əlaqələrin çox yaxşı inkişaf etdiyini söyləyib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün konkret sahələr üzrə birgə fəaliyyətin irəli aparılmasının vacib olduğunu qeyd edib.

Tərəflər iki ölkə arasında iqtisadi, ticarət, enerji, o cümlədən alternativ enerji mənbələri, habelə humanitar, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, 44 günlük müharibə nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə danışıb. Nazir, həmçinin həmsöhbətinə münaqişədən sonrakı bərpa və quruculuq işləri, azad olunmuş ərazilərdə sürətlə davam edən infrastruktur layihələri barədə məlumat verib və yaxın zamanlarda ilk məcburi köçkün ailələrinin öz evlərinə geri dönüşünün şahidi olacağımızı qeyd edib.

Görüşdə tərəflər, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanda karantinə götürülmə qaydası dəyişib

22.01.2022 · 15:25 · Baş Yazı

“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”na dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, həmin qaydaların 4.6-cı bəndi ləğv edilir.

4.6-cı bəndə görə, yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi.

Eyni zamanda qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.

Bu Qərar 2022-ci il yanvarın 24-dən qüvvəyə minir.