“Avropa İttifaqı ilə assosiasiya sazişinə qoşulmadıq” –

12.01.2022 · 21:29 · Siyasət

“Prezident Şarl Mişelin Azərbaycana səfəri və burada keçirdiyim görüş çox müsbət idi. Brüsseldə keçən ay keçirdiyimiz görüşlə bağlı eyni sözləri deyə bilərəm”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində “Cənab Prezident, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri barədə də soruşmaq istəyirəm. Ötən ilin iyul ayında Avropa İttifaqının Prezidenti Azərbaycana gəldi. Siz isə dekabr ayında Brüsselə getdiniz. Bakı-Brüssel əlaqələrinin perspektivini necə qiymətləndirirsiniz?” sualına cavabında deyib.

“Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur. Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Çünki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər biz real baxsaq bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni, üzvlük perspektivi varmı? Yoxdur. Yəni, yaxın gələcəkdə və orta müddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm. Hər halda yenə də deyirəm. Bizim mövqeyimiz həmişə realist olub. Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Real. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdıra bildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Bir neçə maddə var ki, orada fikir ayrılığı var. Amma hesab edirəm ki, ciddi iradə göstərilərsə, hər iki tərəfdən buna biz nail ola bilərik”, – dövlət başçısı qeyd edib.

“Bizə dedilər bilməmişik, adi maşında gəlib. İnandırıcı deyil” –

12.01.2022 · 21:25 · Dünya

“Belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekressin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Fransa prezidenliyinə namizəd Pekressin Xankəndiyə qeyri-qanuni səfərinə toxunarkən deyib.

“Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir”, – dövlət başçısı qeyd edib.

“Babamın məzarı önündə ürəyimdə dediyim sözləri nə vaxtsa dilə gətirəcəyəm” –

12.01.2022 · 21:12 · Sosial

“Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir”.

Bbunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində jurnalistin “Cənab Prezident Zəngəzurla bağlı biz bilirik ki, Sizin şəxsi tarixçəniz də var. Siz Naxçıvana səfəriniz zamanı öz əcdadlarınızı ziyarət etdiniz. Şuşa azad olunanda Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyinizi bunun davamı hesab edə bilərikmi?” sualına cavabında deyib.

“Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”, – Prezident vurğulayıb.

“Bunları izləyirik…” –

12.01.2022 · 21:06 · Siyasət

“Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Rusiya sülhməramlılarına dair suala cavabında deyib.

“Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, – bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, – yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb”, – Prezident vurğulayıb.