Makron prezidentliyə namizədliyini rəsmən elan edəcək

21.02.2022 · 21:05 · Dünya

Fransada prezident seçkilərinə iki aydan az vaxt qalır. Qarşıdan gələn prezident seçkilərinin ilk turu aprelin 10–da, 2-ci turu isə aprelin 24-də keçiriləcək.

Fransada prezident seçkilərinə 3-ü sağçı, 1-i mərkəzçi və 4-ü solçu olmaqla 8 əsas namizədin vəzifədə olan seçilmiş şəxslərdən 500 sponsorluq səsi topladıqları bildirilir.

Prezident seçkiləri ilə bağlı maraqlı məqam “İrəli Respublika” partiyasının namizədi, prezident Emmanuel Makronun namizədliyini rəsmən elan etməyi gecikdirməsidir.

Vurğulanır ki, E.Makron fevralın 28-dən əvvəl namizədliyini rəsmən elan etməyəcək. Hazırda Prezident Makron üçün prioritet Rusiya ilə Ukrayna arasında atəşkəs əldə etməkdir. Namizədliyin elan edilməsi bu səbəbdən fevralın son həftəsinə qədər təxirə salınıb. E.Makronun namizədliyi rəsmi elan olunduqdan sonra namizədlik üçün yüksək vəzifədə olan seçilmiş şəxslərdən toplanmış 500 sponsorluq səsi təqdim olunacağı qeyd edilib.

Ukrayna fövqəladə iclasın keçirilməsi üçün BMT-yə müraciət etdi

21.02.2022 · 20:35 · Dünya

Ukrayna BMT Təhlükəsizlik Şurasına (TŞ) fövqəladə iclasın keçirilməsi ilə bağlı rəsmi müraciət edib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.

O qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin adından Budapeşt Memorandumunun 6-cı bəndinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının (TŞ) üzv dövlətlərinə gərginliyi azaltmaq üçün təcili tədbirlər və Ukraynanın təhlükəsizliyini təmin etmək üçün praktiki addımlar barədə təcili məsləhətləşmələrin keçirilməsi tələbi ilə BMT TŞ-yə rəsmi sorğu göndərilib.

Milli Məclisin deputatları Paşinyanla görüşdü –

21.02.2022 · 20:29 · Sosial

Bu gün AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub.

Bu barədə APA-ya AVRONEST Parlament Assambleyasının üzvü Tahir Mirkişili məlumat verib.

Deputat bildirib ki, Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa artıq müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər, xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edərək, bunu regionda kommunikasiyaların açılması yönündə əhəmiyyətli olacağını qeyd edib. Daha sonra mina xəritələrinin təhvil verilməsindən, sərhədlərin delimitasiya və demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən, 1-ci müharibə zamanı itkin düşmüş şəxslərin qalıqlarının təhvil verilməsi prosesindən, Ermənistan-Türkiyə münasibətlərinin inkişafından məlumat verərək, Prezident İlham Əliyevlə Brüsseldə, daha sonra isə 4 fevralda videokonfrans formatında görüşünə də toxunub. O, bu görüşləri müsbət qiymətləndirib.

Tahir Mirkişili Azərbaycan nümayəndə heyəti adından çıxış edərək Azərbaycanın gündəliyində dayanıqlı sülh, regional inkişaf, kommunikasiyaların açılması, bərpa və quruculuq işlərinin olduğunu qeyd edib: “Bunun üçün ölkəmizin enerji təhlükəsizliyi, post-covid iqtisadi inkişaf, texnologiyaların geniş tətbiqi istiqamətində region ölkələri və Avropa Birliyi ilə əməkdaşlıqda geniş imkanlarının olmasını vurğuladım. İrəvanda ilk dəfə olduğumu və Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkəmizin dayanıqlı sülhdə xoş niyyətinin növbəti bir göstəricisi kimi qəbul edilməli olduğunu bildirdim. Ümumilikdə, görüş müsbət atmosferdə keçdi”.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəlib.

Putin Paşinyanla Qarabağı və sərhədi müzakirə etdi

21.02.2022 · 20:21 · Dünya
Rusiya prezidenti Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağla bağlı vəziyyəti müzakirə edib. 
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon danışığı zamanı tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il Üçtərəfli Bəyanatın reallaşdırılmasının vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlanması üçün addımlar müzakirə edilib”.
Bundan başqa regionda sabitliyin möhkəmləndirilməsi üçün lazım olan digər məsələlərə toxunulub.