““Şimal axını – 2” Avropanın təhlükəsizliyinə təhdid yaradır” –

10.02.2022 · 08:14 · Dünya

Ağ Evinin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ “Şimal axını – 2” layihəsinə qarşıdır və Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə layihənin reallaşmasına imkan verməyəcək.

Bu barədə RİA -“Novosti” məlumat verib

“Biz “Şimal axını – 2” layihəsini dəstəkləmirik. Biz konkret demişik ki, Rusiyanın bu geosiyasi layihəsi Avropanın böyük hissəsinin milli təhlükəsizliyini təhdid edir”, deyə Psaki gündəlik brifinqdə bildirib.

İraq Küveytin işğalına görə 50 milyard dollardan çox təzminat ödəyib

09.02.2022 · 23:57 · Dünya

 

İraq 1990-1991-ci illərdə Küveytin işğalına görə 50 milyard dollardan çox təzminatın ödənişini başa çatdırıb.

Təzminat komissiyası İraqın hərbi müdaxiləsi və Küveytin işğalı nəticəsində vətəndaşlara, kompaniyalara, hökumətlərə və beynəlxalq təşkilatlara dəyən birbaşa zərərin ödənilməsi üçün 1991-ci ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsis olunub.

BMT Təhlükəsizlik Şurası əvvəlcə İraqın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirin 30 faizini təzminat kimi fonda ödəməli olduğu barədə qərar çıxarıb. Sonradan ödəniləcək məbləğin həcmi əvvəlcə 25 faizə, ardından isə 5 faizə endirilib.

Komissiya 352,5 milyard dollar həcmində 2 milyon 686 mindən çox iddianı nəzərdən keçirsə də, yalnız 52,4 milyard dollarlıq 1,5 milyon iddianı təmin edib.

Xatırladaq ki, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT buna cavab olaraq İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında İraqa qarşı “Səhrada tufan” əməliyyatına başlamışdı.

Polşada pandemiya ilə bağlı məhdudiyyətlər yumşaldılır

09.02.2022 · 22:33 · Dünya

 

Polşada koronavirusa yoluxma hallarının azalması fonunda hökumət məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul edib.

Qərara əsasən, fevralın 15-dən etibarən koronavirusa yoluxan şəxslər 10 gün əvəzinə, 7 gün təcrid olunacaqlar. Yoluxmuş şəxslərlə ünsiyyətdə olmuş şəxslər üçün karantin öhdəliyi isə fevralın 10-dan etibarən tamamilə ləğv edilir.

Səhiyyə naziri Adam Nedzelski bildirib ki, Şengen məkanından Polşaya səfər edən, tam peyvənd olunmamış və ya xəstəlikdən sağalmış şəxslər ölkəyə daxil olarkən karantində qalmalı olmayacaqlar. Orta ümumtəhsil məktəblərinin V sinifdən yuxarı şagirdləri üçün fevralın sonunadək nəzərdə tutulan distant təhsilin müddəti fevralın 21-dək qısaldılıb.

Nazir bildirib ki, ölkədə pandemiyanın beşinci dalğasının pik həddi artıq arxada qalıb və yeni yoluxma hallarının azalması sabit tendensiyadan xəbər verir. Onun sözlərinə görə, martda bir sıra digər məhdudiyyətlər də aradan qaldırıla bilər.

Qeyd edək ki, Polşada gündəlik yoluxmaların sayı təxminən 45 min nəfərdir.

Miqrasiya tələblərini pozanlarla bağlı 877 qərar qəbul edilib –

09.02.2022 · 21:27 · Sosial

Dövlət Miqrasiya Xidməti (DMX) 2022-ci ilin yanvar ayı üzrə statistik məlumatları açıqlayıb.

DMX-dən bildiriblər ki, cari ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9112 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 14 min 933 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 877 qərar qəbul olunub.