“Ramiz Mehdiyev üçün silahlı mühafizəni dövlət ayırıb” –

09.02.2022 · 21:19 · Sosial

Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanovun qurumun prezidenti Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsi və onun üçün Rəyasət Heyətinin yerləşdiyi tarixi binada özəl lift quraşdırması ilə bağlı fikirlərinə münasibət bildirib.

AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, binada lift Ramiz Mehdiyev prezident seçilməzdən əvvəl quraşdırılıb:

Bundan başqa, prezidentin silahlanmış şəxslərlə işə gəlməsi məsələsinə gəldikdə, AMEA-dan bildirilib ki, mühafizə dövlət tərəfindən ayrılıb: “Yəni, o, özü üçün xüsusi mühafizə xidməti saxlamır”.

Məlumat üçün bildirək ki, Misir Mərdanovun mətbuatda dərc olunan məqaləsində Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəldiyini iddia edib. O, həmçinin bu səbəbdən heç kəsin ona yaxınlaşıb dərdini demək şansının olmadığını əlavə edib. Eyni zamanda bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edildiyini, üçüncü mərtəbəyə qalxa bilməyən AMEA prezidenti üçün xüsusi lift quraşdırıldığını vurğulayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2019-cu ildən AMEA-nın prezidentidir.

Jurnalistlər üçün tikilmiş 3-cü bina ipoteka ilə veriləcək? –

09.02.2022 · 20:23 · Media

“Cənab Prezident tərəfindən imzalanmış müvafiq fərman müəyyən edilmiş tələblərə cavab verən bütün jurnalistləri əhatə edir və bu fərmanın şərti olaraq “üçüncü bina” adlandırılan bina ilə ümumiyyətlə heç bir əlaqəsi yoxdur”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Report”un “Jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyi necə olacaq? Bu bina da ipoteka əsasında jurnalistlərə verilə bilərmi?” sualını cavablandırarkən deyib.

“Qeyd olunan layihələr bir-biri ilə bağlı olmayan tamamilə fərqli layihələrdir, bina ilə bağlı bizdə hər hansı bir məlumat mövcud deyil. Bir daha xüsusilə vurğulamaq istərdik ki, ötən gün imzalanan fərmanın sözügedən bina ilə əlaqələndirilməsi üçün hər hansı hüquqi və məntiqi əsas mövcud deyildir”, – o vurğulayıb.

Bundan başqa, Ə.İsmayılov jurnalistlərə vergi güzəştlərindən də danışıb:

“Jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması barədə məsələ müvafiq dövlət qurumları ilə müzakirə olunmaqdadır. Konkret nəticələr barədə məlumat veriləcək”.

“Əli aşından da olmuşuq, Vəli aşından da…” –

09.02.2022 · 20:13 · Sosial
Azərbaycanın sabiq xarici işlər naziri, yazıçı-tərcüməçi  Vilayət Quliyev son zamanlar müzakirə olunan təhsil problemləri ilə bağlı maraqlı yanaşma sərgiləyən status paylaşıb.
Azpost.info həmin statusu oxucularına təqdim edir:
Hər şeylə maraqlanmaq lazımdırmı?
1995-ci ildə ilk dəfə ABŞ-na getmişdim. Vaşinqtonda bizi gəzdirən gid bərpa altındakı bir binanı göstərib məşhur “Ford” teatrı olduğunu dedi. Məşhurluğunun səbəbini izah etməyə macal tapmamş “Bağışlayın, bu Avraam Linkolnun öldürüldüyü teatr deyil?”-deyə soruşdum. (Bir neçə il əvvəl ABŞ prezidentlərinin bioqrafiyalarından ibarət populyar bir kitab oxumuşdum. Oradan yadımda qalmışdı). Gid təqdiredici şəkildə başını tərpətdi, sonra maraqlandı ki tarixçiyəm, yoxsa sənətşünas? Heç biri olmadığımı biləndə bir az təəccübləndi.
Mən isə dil-boğaza qoymadan Konfederasiya tərəfdarı aktyor Con Butun 1865-ci ildə Cənubla Şimal arasında vətəndaş müharibəsi bitəndən bir neçə gün sonra bu teatrdakı tamaşa zamanı prezidentin lojasına gəlib onu öldürməsindən danışmağa başladım. Gid maraqlandı ki, bəlkə amerikanşünasam? Bu sahənin də mütəxəssisi olmadığımı biləndə mənə deyəsən, başını işə heç bir xeyri olmayan lüzumsuz məlumatlarla doldurmuş anormal adam kimi baxmağa başladı.
Aydın məsələdir ki, Vaşiqton küçələrində keçirilən ekspress-sorğuda 100 nəfərdən 95-nin “Tokio haradır?” sualına cavab verə bilmədiyi bir ölkədə belə “ağıl nümayişi” istehzadan başqa ayrı hiss doğurmayacaqdı.
Bizim yetirməsi olduğumuz təhsil sistemi hər şeylə maraqlanmağa təşviq edirdi, ABŞ təhsil sistemi isə mübaliğəli olsa da deyək ki, bütöv qırxayaqla yox, hətta qırxayağın dal ayağı ilə məşğul olan mütəxəssislər yetişdirirdi. Heç bilmirsən, hansı daha yaxşıdır?
Amma indi Əli aşından da olmuşuq, Vəli aşından da…

“Müharibə olsa Ukraynadan 20 min qaçqın qəbul edə bilərik” –

09.02.2022 · 20:06 · Dünya, Katogriyasız

“Rusiya ilə Ukrayna arasında müharibə başlayacağı təqdirdə, Estoniya iki min, ciddi ehtiyac yaranarsa, iyirmi minə qədər ukraynalı qaçqını qəbul etməyə hazırdır”.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin sosial müdafiə naziri Signe Riisalo bildirib: “Müharibə başlasa, ukraynalıların özlərini necə aparacaqlarını və
Estoniyanın onların ilk növbədə getmək istədikləri yer olub-olmadığını bilmirik. Amma təbii ki, biz hazır olmalıyıq və bu gün kifayət qədər yaxşı hazırlaşırıq. Normal vaxtlarda Estoniya beynəlxalq mühafizə altında 100-ə qədər insanı qəbul etməyə hazır olur. Lakin fövqəladə
hallar zamanı bizim iki min nəfərə qədər insanı yaşayış yeri ilə təmin etmək imkanımız var”.

Nazir onu da bildirib ki, ciddi ehtiyac yaranarsa, bu rəqəmi 20 minə yüksəldə bilərlər: “Bu, çox çətindir. Amma belə olsa, biz əlbəttə ki, onlar üçün əlavə mənzil axtaracağıq”.

Azpost.info