“Tank istədik, təyyarə istədik, susdunuz…” –

24.03.2022 · 15:28 · Dünya

Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrindən Kiyevə hərbi yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.

Azpost.info xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən NATO sammitinə müraciətində bildirib. “Ukraynanın sərhədsiz hərbi yardıma ehtiyacı var. Necə ki Rusiya məhdudiyyətsiz bütün arsenalını bizə qarşı istifadə edir. Onilliklər ərzində Rusiya çoxlu resurs toplayıb. Hərbi resurslar, texnika, bomba və raketlər. Dünya insan həyatına sərmayə qoyanda, onlar ölümə çılğın pullar yatırıblar”, – Ukrayna lideri bildirib.

Zelenski xatırladıb ki, bu, onun NATO-ya ikinci müraciətidir: “Hələ fevralın 24-də tam aydın, məntiqli xahişlə sizə müraciət etdim. Səmamızı bağlamağa kömək edin, xalqımızı rus bombalarından və raketlərindən qoruyun, dedim. Amma aydın cavab eşitmədm”.

O, sammit üzvlərinə müraciətində qeyd edib ki, rəsmi Kiyev alyansın tanklarının yüzdə birini istəyib, lakin heç bir cavab almayıb: “Tanklarla bağlı müraciət etdik ki, Rusiyanın yüz minlərlə insanı girov saxladığı, süni şəkildə aclıq yaratdığı, yaşayış massivlərini külə çevirdiyi şəhərlərimizin blokadasını aça bilək. Ən azı 20 min tankınız var! Ukrayna bütün tanklarınızın yüzdə birini istədi! Ver və ya sat! Yenə də dəqiq cavab yoxdur…”.

Zelenski NATO-dan Ukraynaya Alyansın təyyarələrinin bir faizini, həmçinin çoxsaylı reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri verməsini xahiş edib: “Ukrayna göstərdiyi hərbi yardıma görə bütün müttəfiqlərinə minnətdardır. Lakin bu, Rusiyanın hücumunu effektiv şəkildə dayandırmaq üçün kifayət etmir”.

Azpost.info

İsa Qəmbər Olbryatın ölümündən yazdı –

24.03.2022 · 15:11 · Sosial

Milli Məclisin sabiq sədri İsa Qəmbər ABŞ dövlət katibi Madlen Olbraytın vəfatı ilə bağlı yazıb.

Azpost.info bildirir ki, İ.Qəmbər Olbratyı “dünya mənzərəsini müəyyən edən şəxs” adlandırıb: “XX əsrin sonunda dünyanın mənzərəsini müəyyənləşdirən şəxslərdən daha biri – ABŞ-ın keçmiş Dövlət katibi Madlen Olbrayt 84 yaşında vəfat etdi. Hər bir ictimai-siyasi şəxsiyyət kimi doğruları və yanlışları var idi. Doğrularına görə sağ olsun. Yanlışlarına görə tanrı günahlarından keçsin…”-deyə İsa Qəmbər qeyd edib.

Göygöl buz bağlayıb –

24.03.2022 · 15:02 · Sosial

Bu ilin soyuq mart ayı daha bir sürprizlə yadda qaldı. Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə də müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Firuddin Əliyev bildirib.

“Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir”, – o bildirib.

F. Əliyevin sözlərinə görə, bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub: “Yaz dövründə çox az hallarda qeydə alınan bu mənzərəni görmək üçün ziyarətçiləri hələ davam edən tətil günlərində Göygöl Milli Parkına gəlməyə, gecikmiş qış mənzərəsindən zövq almağa dəvət edirik”.

Bolqarıstan Rusiyadakı səfirini geri çağırır

24.03.2022 · 14:55 · Dünya

Bolqarıstan Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırır.

Azpost.info xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov deyib. Bolqarıstan hökumətinin başçısı Sofiyanın qərarını açıqlayıb: “Bizim edəcəyimiz şey Rusiyadan səfirimizi məsləhətləşmələr üçün geri çağırmaqdır. Bütün diplomatlar bunun nə demək olduğunu bilirlər”.

Azpost.info