Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə edib

23.12.2022 · 16:11 · Baş Yazı

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşündə Laçın yolundakı vəziyyət müzakirə olunub.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı qeyd edib ki, bugünkü görüşdə Laçın yolundakı vəziyyət və Qarabağdakı filiz yataqlarının işlənməsi ilə bağlı məsələlər müzakirə edilib

Ərdoğan Türkiyədə islahatların anonsunu verdi

23.12.2022 · 16:01 · Dünya

“Türkiyədə yaxın vaxtlarda hakimiyyət qollarının gücləndirilməsi istiqamətində islahatlar aparılacaq”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Gələn il Türkiyədə hakimiyyət qollarının təkmilləşdirilməsi istiqamətində yeni islahatların aparılması planlaşdırılır. Transformasiyalar həm icra hakimiyyətinin səmərəliliyini artıracaq, həm də qanunvericilik və icraçı sistemlərin işinə töhfə verəcək”, – Ərdoğan bildirib.

Ərdoğanın fikrincə, hakimiyyət qolları arasındakı ziddiyyətlər istər-istəməz cəmiyyətə təsir edir və qanunun aliliyindən istənilən kənarlaşma ölkə əhalisinin məhkəmələrə və icra hakimiyyətinə hörmətinin azalmasını qaçılmaz edir.

Azpost.info

Finlandiyalı professor Bakıya kitabının təqdimatına gəldi –

23.12.2022 · 15:41 · Sosial

Kitabı Azərbaycan dilinə tərcümə edilən finlandiyalı professor Bakıya gəldi, ölkəsinin təhsil sistemindən danışdı – FOTO

Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Kitabıstan” nəşriyyatı İsveç Kral Elmlər Akademiyasının üzvü, Finlandiyada İsveç Ədəbiyyatı Cəmiyyətinin sədri, Helsinki Universitetinin professoru Henrik Meynanderin “Finlandiya tarixində təhsilin rolu. Finlandiyada təhsil və həyat” mövzusunda konfransını təşkil edib.

Konfransda professor H.Meynanderin Kitabıstan tərəfindən nəşr edilmiş “Finlandiya tarixi” kitabı da təqdim olunub. Sözügedən konfransla Kitabıstan yeni layihəsinə – “Kitabistan Talks”a start vermiş oldu. Konfransın açılışında Kitabıstanın təsisçisi Şəhriyar Məcidzadə çıxış edib.

O, professor Henrik Meynanderin “Finlandiya tarixi” kitabı və “Kitabistan Talks” layihəsinin əhəmiyyəti barədə məlumat verib. Ş.Məcidzadə bildirib ki, Finlandiyanın digər ölkələrdən bir fərqi var: “O da budur ki, Finlandiyanın əsas yatırımı təhsilə, maarifçiliyə və vətəndaş cəmiyyətinə olub. Professor Meynanderin “Finlandiya tarixi” kitabı artıq Azərbaycan dilinə tərcümə edilib. Bu kitabın önəmi budur ki, siz Finlandiya tarixini xülasə şəklində həm oxuya biləcəksiniz, həm öyrənə biləcəksiniz, həm də öyrəndiklərinizi tətbiq edə biləcəksiniz”.

Daha sonra konfransda çıxış edən Finlandiyanın Cənubi Qafqaz regionu üzrə fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinen qonaqları salamlayıb və konfransın təşkilatçılarına təşəkkür edib. O, çıxışı zamanı tarixi öyrənməyin önəmi haqqında da danışıb: “Keçmişdə baş verən hadisələr bugünkü vəziyyətimizə təsir edir. Onlar bizə həm keçmişi öyrənmək, həm də daha yaxşı gələcək qurmaq üçün keçmişin təcrübəsindən istifadə etmək imkanı verir. Bunun üçün bizə tarix haqqında kitablar yazan və tarixi hadisələri anladan tədqiqatçılar, kitabı çap edib oxucuların ixtiyarına verən naşirlər lazımdır. Daha sonra isə onları oxuyan oxucular lazımdır”.

Keçirilən konfransın önəminə toxunan səfir bildirib ki, bu konfrans Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edilməsinin ən yaxşı yoludur. Səfirin çıxışından sonra Kitabıstan tərəfindən xüsusi olaraq konfrans üçün hazırlanmış video təqdim olundu və daha sonra professor Henrik Meynander kürsüyə dəvət edildi. “Kitabistan Talks”un ilk məruzəçisi kimi çıxış edən professor Henrik Meynander əvvəlcə Finlandiyanın keçdiyi inkişaf yolunun tarixi, sonra isə bu prosesdə Finlandiya təhsilinin rolundan bəhs edib.

XVI-XVII əsrlərdə təhsilin cəmiyyətin inkişafına göstərdiyi təsirdən danışan professor bildirib: “Evlənə bilmək üçün hər bir şəxs keşişə göstərməli idi ki, o oxumağı bacarır. Bunun üçün hər bir kənddə oxu dərsləri və imtahanları var idi. Şəhər yerlərində isə elita üçün məktəblər var idi. Lakin bu məktəblər dövlətə bağlı deyildi və özəl şəkildə yaradılmışdı.

Bundan əlavə, bizim 1640-cı ildə dövlət – monarxiya üçün məmurlar yetişdirmək məqsədilə qurulmuş universitetimiz var idi”. Sonda iştirakçıların suallarını cavablandıran Henrik Meynander Finlandiya təhsil sisteminin sirlərindən danışıb: “Finlandiya təhsilinin sərbəst təməl daşları üzərində qurulduğunu söyləmək olar. Əlbəttə ki, bunlardan biri hər bir finlandiyalının müqəddəs kitabı oxuya bilməsi ilə bağlı lüteran tələbinə əsaslanan təhsil mədəniyyəti və ənənəsidir. Digər səbəb isə məncə, daha çox təhsillə deyil, sosial strukturumuzla bağlıdır. Finlandiya və digər cəmiyyətlərdə müxtəlif sosial təbəqələr var. Ancaq Avropanın əksər hissələrinə nisbətən bizdə sosial təbəqələşmə çox aşağıdır. Beləliklə, sosial iyerarxiyanın aşağı olması həm də bütün uşaqlara vahid təhsil sisteminə uyğun olaraq təhsil verməyin daha asan olması deməkdir. Əlavə etmək istərdim ki, təhsili xüsusilə XIX əsrdə ruslaşmaya qarşı müdafiə adlandırmaq olar”.

Konfransın yekununda professor Henrik Meynander tarix elminə verdiyi töhfəyə və innovativ yanaşmasına görə Kitabıstanın fəxri vətəndaşı elan olundu və ona plaket təqdim edildi. Onu da qeyd edək ki, “Kitabistan Talks” layihəsi çərçivəsində dünyanın müsbət nümunələrini Azərbaycanda təqdim etmək üçün mütəmadi olaraq elmi konfranslar keçiriləcək.

Restoran və dönərxanalara yararsız at və mal əti satan şəxs tutulub

23.12.2022 · 15:26 · Kriminal

Paytaxtda yerləşən restoran və dönərxanalardan bəzilərinə qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Zaur Rüstəmov tərəfindən Bakı şəhərində fəaliyyət göstərən müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satılıb. Baş İdarənin əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkar olunmuş ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.