Bakıda ittiham olunan şəxs məhkəmə zalında ölüb – FOTO

23.12.2022 · 14:19 · Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.

Bu barədə APA-ya vəkil Adəm Məmmədov xəbər verib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən 1960-cı il təvəllüdlü Şəmil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.

Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.

Şəmil Qədimov həbsdə deyilmiş.

ABŞ Bayden-Putin görüşünə hazırdır, Kreml nə deyir?

23.12.2022 · 14:17 · Dünya

“Vladimir Putin və Co Baydenin mümkün görüşü barədə hələlik danışıqlar getmir”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bu məsələ ilə bağlı təmaslar yoxdur”, – Peskov bildirib.

Peskov bu açıqlaması ilə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ-ın Baydenlə Putin arasında görüş keçirməyə hazır olması ilə bağlı fikirlərini şərh edib.

Eyni zamanda o bildirib ki, istənilən münaqişə danışıqlar masası arxasında bitir. Peskovun sözlərinə görə, Rusiya üçün prioritet Ukraynadakı hərbi əməliyyatın bütün məqsədlərini yerinə yetirməkdir.

Kirbi bildirmişdi ki, Rusiya danışıqlara ciddi iradə göstərərsə, Bayden Putinlə görüşməyə hazırdır. O əlavə edib ki, görüşün digər şərti Ukrayna ilə məsləhətləşmələrin aparılmasıdır.

Azpost.info

Məmurlara nəzarət üçün Etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilir

23.12.2022 · 14:16 · Sosial
Bələdiyyələr

Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilir.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, etik davranış üzrə müvəkkil vəzifəsi təsis edilməklə, müvəkkilə aid tələblər və onun səlahiyyətləri müəyyən olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi və dövlət orqanlarında etik davranış qaydalarına daha ciddi riayət edilməsinin təmin edilməsi məqsədilə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməli olduğu qeyd olunub.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə dövlət orqanlarında etik müvəkkil vəzifəsinin təsis edilməsinə dair təkliflər hazırlamalı idilər. Qanun layihəsi də məhz buna uyğun olaraq hazırlanıb.

Rəhbər vəzifələr üzrə 3 ildən az olmamaqla, 5 ildən çox dövlət qulluğunda inzibati vəzifələrdə qulluq keçən və yüksək mənəvi keyfiyyətlərə malik şəxslər etik davranış üzrə müvəkkil ola bilərlər.

Etik davranış üzrə müvəkkil:

– etik davranış qaydalarına emal olunması vəziyyətini öyrənir, etik davranış qaydalarının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir;

– dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır,

– daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir;

– dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlarını hazırlayır və təlimlərin təşkilində iştirak edir;

– etik davranış qaydalarının pozulmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir;

– dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir.

Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət halları artır. Belə ki, layihəyə əsasən, bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulmasının etik davranış üzrə müvəkkil tərəfindən müəyyən edilməsi ilə intizam icraatına başlanıla biləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda ictimaiyyətə təqdim edilib

23.12.2022 · 13:54 · Baş Yazı

Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

Tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Naxçıvan Muxtar Respublikasının həmişə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu, ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.