“Qırmızı Körpü” gömrük postunda gözləyən maşınların sayı açıqlanıb

23.01.2024 · 15:35 · Sosial

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 220 avtomobil gözləyir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Astara gömrük postunda 118, Biləsuvar gömrük postunda 47, Mazımqara gömrük postunda 26, Xanoba gömrük postunda 3, Samur gömrük postunda 38 yük maşını var.

AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.

Qar yağacaq, görünüş məsafəsi məhdudlaşacaq, yollar buz bağlayacaq

23.01.2024 · 15:24 · Sosial

Yanvarın 24-ü axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0°-dən 2°-dək şaxta olacağı proqnozlaşdırılır.

Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görmə məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var.

Yanvarın 24-ü axşamadək Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə – Naxçıvan Muxtar Respublikasında, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aranda yağıntıların intensiv olacağı bildirilir. Havanın temperaturu Aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görmənin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı bildirilir.

Mətbuat Şurası açıqlama yaydı

23.01.2024 · 15:16 · Media

Jurnalistlərin mitinqlər, piketlər, nümayişlər, ümumiyyətlə, kütləvi aksiyalar zamanı informasiya toplamaq və yaymaq hüququ var. Amma bu hüquq media təmsilçilərini tərəfə çevirməməli, elə təəssürat yaranmamalıdır ki, onlar hansısa qütbün maraq və mənafelərindən irəli gələn fəaliyyət göstərirlər.

Bu fikirlər Azərbaycan Mətbuat Şurasının jurnalistlərin kütləvi aksiyaları işıqlandırmaları ilə bağlı açıqlamasında yer alıb.

Açıqlamada, həmçinin qeyd olunur: “Jurnalistlər küçə aksiyalarında obyektiv davranmalı, soyuq yanaşmaları ilə seçilməli, durumun həssaslığını ciddi şəkildə düşünərək, yalnız cəmiyyətin informasiya almaq hüququnun təminatçısı rolunda çıxış etməlidirlər. Onların özləri deyil, hadisə yerindən hazırladıqları materialların ictimai yükü ön planda dayanmalıdır.

Ötən müddətdə Azərbaycan mediası qeyd etdiyimiz istiqamətdə təcrübə toplayıb, peşəkar vərdişlərə yiyələnib. Amma təəssüf ki, bəzən bu müsbət dinamikaya zidd meyillər qalmaqdadır. Ötən gün paytaxtın Nəriman Nərimanov metrosu yaxınlığında keçirilmiş icazəsiz aksiyada bəzi jurnalistlərin, xüsusilə jurnalist Gülnaz Qəmbərlinin davranışları bunu söyləməyə əsas verir. Həmin aksiya zamanı belə qənaət formalaşdı ki, media təmsilçiləri prosesə informasiya yayıcısı deyil, konkret tərəf olaraq qatılmış, öz vəzifə borcunu yerinə yetirən polis əməkdaşlarını hədəfə gətirməyə və ümumilikdə vəziyyətin gərginləşməsinə çalışmışlar.

Jurnalistlərin kütləvi aksiyalar zamanı münasib yerlərdə peşə vəzifələrini yerinə yetirmələri məsələsi dünya təcrübəsində də əksini tapıb. Bu təcrübəyə əsasən deyə bilərik ki, media nümayəndələri hüquq-mühafizə orqanları əməkdaşları ilə aksiya iştirakçıları arasında hadisələrin gərginləşdiyi məqamlarda, tərəflərin heç biri ilə mübahisəyə girməməli, qıcıq doğuracaq fikir və ifadələr işlətməməlidirlər.

Jurnalistlər prinsip etibarilə onu da mütləq nəzərə almalıdırlar ki, hansısa kütləvi aksiya vacibdirsə, onu cəmiyyətə təqdim etmək qərarına gəlirlərsə, bu zərurətin ödənməsinin qarşısını alacaq hərəkətlərdən uzaq durulmalıdır. Xidməti vəzilərini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mübahisə, onları gözdən salmaq cəhdi, yersiz ifadələrin işlədilməsi, aqressiv ton, istər-istəməz, ictimai maraq amilini riskə atır, ümumən, peşəkar jurnalistika dəyərləri ilə bir araya sığmayan durum formalaşdırır.

Azərbaycan Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistləri, ümumən, özünü cəmiyyətə informasiya verməyə məsul sayan ayrı-ayrı şəxsləri bütün bunları nəzərə almağa, nəticə çıxarmağa çağırır. Şura ünvanladığı bu tövsiyələrin onların gələcək fəaliyyətində ciddi şəkildə nəzərə alınacağına ümidvardır”.

Müharibəyə görə Rusiyanı tərk edənlər yerli şirkətlərdən qovulur

23.01.2024 · 15:05 · Dünya

Müharibə və səfərbərliyə görə Rusiyanı tərk edən ruslar yerli şirkətlərdən kütləvi şəkildə qovulur.

Azpost.info xəbər verir ki, köçənlərin 43 faizi ilk vaxtlar Rusiya şirkətlərində işləməyə (uzaqdan) davam edirdisə, 2023-cü ilin yayından onların sayı üç dəfədən çox azalıb.

Bu nəticəni sosioloqların 10 mindən çox mühacirdən müsahibə götürdüyü “OutRush” layihəsinin sorğusu ortaya çıxarıb.

Eyni zamanda, rusların ölkəni tərk etdikdən sonra gəlir səviyyəsi bərpa olunmayıb. Onların ən yoxsulları arasında gəlirlərin sabitləşməsi qeydə alınır, ən zənginlərin gəlirləri isə azalmaqda davam edir.

Azpost.info