AZAL Avropanın altı şəhəri üzrə aviabiletlərə endirim elan edib

23.01.2024 · 14:55 · Sosial

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropanın bir sıra məşhur istiqamətləri üzrə endirim aksiyasına start verib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, təklif çərçivəsində Praqa, London, Vyana, Berlin, Barselona və Milan şəhərlərinə daha sərfəli qiymətlərlə səyahət etmək olar. Endirimli aviabiletləri yanvarın 23-dən fevralın 1-dək əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 fevral–17 aprel tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Göstərilən istiqamətlər üzrə aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir:

– Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Milan-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 299 avro təşkil edir.

– Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 349 avrodur.

– Bakı-London-Bakı: Qetvik hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti 359 avro, Hitrou hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti isə 391 avro təşkil edir.

Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kiloqrama qədər əl yükünün daşınmasına icazə verilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Xankəndidə Poçt Filialı yaradılır

23.01.2024 · 14:43 · Sosial

“Azərpoçt” MMC tərəfindən son 20 il ərzində ölkə üzrə maddi-texniki baza gücləndirilib, poçt şöbələri və filiallar əsaslı təmir edilib və ya binaları yenidən tikilib. Bu illərdə 887 yeni poçt şöbəsi binası tikilib, 126 poçt şöbəsi binası əsaslı təmir edilib, 11 poçt filialı üçün isə yeni bina tikilib.

Əlavə olaraq qurum tərəfindən 367 yeni avtomobil alınaraq istifadəyə verilib.

Eyni zamanda, 2003-2023-cü illər ərzində 72 yeni ATM quraşdırılıb, 1236 poçt şöbəsi isə mərkəzi şəbəkəyə qoşulub.

Xatırladaq ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.

Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əsgəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Ötən il Azərbaycan banklarının xalis mənfəəti nə qədər olub?

23.01.2024 · 14:35 · İqtisadiyyat

Ötən il banklar 1,076.4 milyon manat xalis mənfəət, 1,641.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Mərkəzi Bankın məlumatına görə, ötən il ərzində banklar tərəfindən ümumilikdə 308,2 milyon manat məbləğində mənfəət vergisi ödənilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz və ya 46.7 milyon manat daha çoxdur.

BŞTİ birinci sinfə elektron qeydiyyatla bağlı valideynlərə müraciət edib

23.01.2024 · 14:26 · Sosial

Bakı məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı vətəndaş müraciətləri davam edir. Daxil olan 370 vətəndaş müraciəti (15-23 yanvar tarixlərində) cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1 nömrəli) 311 zəng, dislokasiya@baku.edu.gov.az elektron poçtuna 45 müraciət daxil olub. 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə isə 14 vətəndaş müraciət edib.

Birinci sinfə elektron qeydiyyat prosesi ilə bağlı ilk dəfə olaraq bu ildən məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. Birinci sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytındakı müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirə bilirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 2024-cü il fevralın 15-dək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər. “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər. Əlavə sualı olan vətəndaşlara BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya dislokasiya@baku.edu.gov.az elektron poçtuna yazmaq tövsiyə olunur.

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.