Londonda Baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı alınıb

23.01.2024 · 14:12 · Siyasət

Londonda Baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı alınıb.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması erməni diasporunun və havadarlarının növbəti təxribatının qarşısını alıb.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda 5 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan tədbirə ev sahibliyi etməyi planlaşdırırdı. Bu tədbir qatı ermənipərəst, türklüyə və islam dininə düşmən münasibəti bəsləyən Baronessa Karolina Koks, ona dəstək verən Lord de Moli TD və Ermənistanın Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyan tərəfindən təşkil olunmalı idi.

Bundan xəbər tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti ölkədəki Azərbaycan İcmasının adından Karlton Klubunun rəhbərliyinə açıq etiraz məktubu göndərib. Məktubun surəti Britaniya xarici işlər naziri Devid Kemerona, parlament üzvlərinə, Lordlar Palatasının üzvləri Lord Evans, Lord Əhməd, Lord Kilkluni, Lord Sarfraz və Baronessa Manzila Pola Udinə, Avropa və Şimali Amerika üzrə nazir Leo Dokertiyə, Britaniya XİN-in xüsusi komitəsinin rəhbəri Alisiya Kernsə, “Mühafizəkarların Səsi” təşkilatının rəhbərliyinə ünvanlanıb.

Nəzərə çatdırılıb ki, tarixi məkanın əsassız tədbirə ev sahibliyi etməsi Azərbaycan icmasının dərin narahatlığına səbəb olub. Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin təşkilinin iki ölkə arasında sülh perspektivlərini açıq şəkildə pozduğu, Birləşmiş Krallığın sülhü dəstəkləyən mövqeyinə və ölkənin xarici siyasətinə tam zidd olduğu vurğulanıb.

Azərbaycana qarşı etnik təmizləmə iddialarının tamamilə əsassız oluğu, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin faktaraşdırıcı missiyalarının Qarabağda mülki infrastruktura hər hansı ziyanın dəydiyinə və ya Azərbaycan hakimiyyəti tərəfindən erməni mülki şəxslərinin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar etmədiyi və sənədləşdirmədiyi bir daha yada salınıb. Bundan başqa, Ermənistanın Britaniyadakı səfirinin öz ölkəsinin Baş naziri Nikol Paşinyanın siyasətinin əleyhinə olan görüşün təşkilatçıları arasında olması təəccüblü fakt kimi xüsusi vurğulanıb.

Mötəbər sübutların olmadığı təqdirdə, əsassız ittihamların davam etdirilməsi nəticəsində xoşagəlməz vəziyyətin yarana biləcəyini, ötən il Queen Mary Universitetinin nümunəsini xatırladan cəmiyyət sədri Karlton Klubunun rəhbərliyini bu qərəzli tədbiri ləğv etməyə çağırıb.

Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib. “Bu, bizim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər üzərində növbəti qələbəsidir”, – deyə Fəridə Pənahova vurğulayıb.

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

23.01.2024 · 14:00 · Siyasət

Cari ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin məsul vəzifəli şəxslərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan Ordusunda hərbi xidmətə yeni gələn çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib.

Müdafiə Nazirliyindən bildirilib ki, çağırışçıların hərbi hissələr üzrə bölgü prosesi elektron qaydada, xüsusi kompüter proqramı vasitəsilə tam şəffaf şəkildə icra olunub.

Şəxsi heyətin bölgüsü onların ailə tərkibi və fiziki hazırlığı, eləcə də əks-ərazi prinsipi nəzərə alınmaqla ixtisaslara uyğun yerinə yetirilib.

DİN Bakıda əməliyyat keçirdi

23.01.2024 · 13:53 · Kriminal

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində odlu silah-sursat saxlayan, eləcə də, narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar həyata keçirib.

DİN-dən bildirilib ki, nəticədə dövriyyədən 24 kiloqram narkotik vasitə və 4 ədəd odlu silah çıxarılıb.

Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Murad Baxşızadə, Elşad Camalov, Məmməd Məmmədov və Anar Ərəbov üzərlərində odlu silah gəzdirdikləri üçün saxlanılıblar. Onlardan lüləsi və və qundağı kəsilmiş 4 ədəd tüfəng aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən Abşeron, Nəsimi və Suraxanı rayonlarında keçirilən əməliyyatlar zamanı isə narkotiklərin dövriyyəsini təşkil edən Soltan Şiriov, Cavid Əlizadə, tanışı Turan Mustafayev, əvvəllər məhkum olunmuş Fərid Kazımov və Zaur İbrahimov saxlanılıblar. Bu şəxslərdən 19 kiloqram tərkibi psixotrop maddələlər zənginləşdirilən qurudulmuş marixuana və 5 kiloqram heroin aşkar olunub.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Real Madrid” Arda Güləri icarəyə verməyə hazırlaşır

23.01.2024 · 13:42 · İdman

İspaniyanın “Real Madrid” klubu futbolçusu Arda Güləri icarəyə verməyə hazırlaşır.

İspaniya mətbuatına xəbər verir ki, “kral klubu” bu mövsüm az oyun praktikası qazanan 18 yaşlı yarımmüdafiəçini yayadək başqa komandaya göndərməyi planlaşdırır.

Türkiyəli oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi iki matçda meydana çıxıb. Bunlardan biri ölkə kuboku, digəri isə İspaniya Superkuboku uğrunda qarşılaşma olub.

Qeyd edək ki, Arda Gülər ötən ilin yayında “Fənərbağça”dan 20 milyon avro qarşılığında “Real Madrid”ə transfer olub(azərtac).