Azərbaycandan Rusiyaya 1,5 milyon ədəd yumurta göndərilib

11.01.2024 · 14:56 · İqtisadiyyat
yumurta qıtlığı

Yanvarın 11-də “Yaraq Qazmalar” buraxılış məntəqəsindən Rusiya ərazisində satış məqsədilə Azərbaycandan idxal olunmuş və 18,63 tonluq (306 min ədəd) növbəti ərzaqlıq yumurta partiyası buraxılıb.

Trend bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.

“Yük müvəqqəti saxlama anbarına gətirildikdən sonra qida məhsulunun keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə nümunələr götürülüb. Yanvarın 11-dək Rusiyaya Azərbaycandan 1,5 milyon ədəd (90,63 ton) ərzaqlıq yumurta gətirilib”, – “Rosselxoznadzor”un məlumatında deyilir.

Qeyd edək ki, bu gün Azərbaycanda toyuq yumurtalarının gündəlik istehsalı təqribən 5 milyon ədəd, gündəlik tələbat isə təqribən 3,6 milyon ədəddir. Yalnız tələbatdan artıq məhsul ixrac edilir.

“Rusiyada 80 min “ABŞ məzunu” var, “beşinci kolon” qurmaq istəyirlər”

11.01.2024 · 14:33 · Dünya

Vaşinqton ABŞ mübadilə proqramlarının məzunlarından ibarət “beşinci kolon” yaratmağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

Onun sözlərinə görə, sözügedən şəxslərin köməyi ilə Birləşmiş Ştatlar ölkədə vəziyyəti qızışdırmağa və Rusiyadakı prezident seçkilərinə müdaxilə etməyə çalışacaq.

“Rusiyada prezident seçkiləri ərəfəsində amerikalılar ölkəmizdəki daxili siyasi vəziyyəti qarışdırmaq üçün ən kiçik fürsətdən istifadə edirlər”, – Narışkin bildirib.

Kəşfiyyat rəhbəri ABŞ Dövlət Departamentinin ABŞ-ın təhsil və mədəniyyət təşəbbüslərinin Rusiya təqaüdçüləri haqqında məlumatlarına istinad edib: “80 mindən çox insan Access, FLEX, Advance, Global UGRAD, Work and Travel USA və Fulbright proqramlarını bitirib. Vaşinqton hesab edir ki, onlar öz məzunlarını “beşinci kolon”un əsas elementi” edə bilər”.

Narışkin əmindir ki, artıq seçkilərə müdaxilə üçün müvafiq proqram hazırlanır. Onun sözlərinə görə, fevralın 16-18-də Riqada xüsusi təlim keçiriləcək: “Müəllimlər” rolunu ABŞ-ın Moskva və Riqadakı səfirliklərində diplomatik postlar adı altında işləyən ABŞ kəşfiyyatçıları oynayacaqlar. “Dinləyicilərin” tərkibini öyrənmək çətin olmayacaq. Vaşinqton təhsil proqramlarının məzunlarına millətlərarası və sosial ədavətin qızışdırılması, seçkilərə müdaxilə və sosial şəbəkələrdə ölkə rəhbərliyini gözdən salmaq üsullarını öyrədəcək”.

Azpost.info

“Braqa”nı keçəcəyik…” –

11.01.2024 · 14:20 · İdman

“Qarabağ”ın braziliyalı müdafiəçisi Riçard Almeyda AZƏRTAC-a müsahibə verib. 

Azpost.info müsahibəni təqdim edirik.

– Mövsümün ikinci hissəsinə hazırlıq necə keçir?

– Hər şey istədiyimiz formada gedir. Hazırlığın ilk həftəsi artıq sona çatmaq üzrədir. Əvvəlcə yüngül məşqlərlə başladıq. Bu gündən isə fiziki yükü daha da artırdıq. Topla davranış, taktiki məşqlər üzərində işləməyə başladıq. Hər şey plan üzrə gedir. Ümid edirəm ki, bu formada davam edərək fasilədən sonrakı ilk oyunumuz üçün hazır vəziyyətdə olacağıq. Nəinki həmin qarşılaşma, çalışacağıq ki, mövsümün digər matçları üçün qarşımıza qoyduğumuz hədəflərə çataq. Ona görə də bu hazırlıq dönəmi bizim üçün çox vacibdir. Komandada olan hər kəs əlindən gələni edir.

– “Qarabağ” bu dəfə qış təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmadı. Bu amil komandanın mövsümün qalan hissəsindəki çıxışına necə təsir edə bilər?

– Bu amilin hazırlığımıza mənfi təsir göstərəcəyini düşünmürəm. Təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmamaq baş məşqçi və rəhbərliyin birlikdə verdiyi qərardır. Fikirləşdik ki, bu dəfə hazırlığı Bakıda keçirək. Fikrimcə, burada heç bir problem yoxdur. Çünki infrastruktur toplanışı öz bazamıza keçmək üçün bizə imkan verir. Eyni zamanda meydançalarımız əla vəziyyətdədir. Bazamız çox yaxşıdır. İdman zalımız isə dünya standartlarına cavab verir. Bu baxımdan toplanışın Bakıda keçirilməsinin çıxışımıza hər hansı təsirinin olacağını düşünmürəm. Burada hazırlıq oyunları da keçirəcəyik.

– “Qarabağ”la müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Klubdan yeni təklif almısınız?

– Düzdür, “Qarabağ”la müqaviləm mövsümün sonunda bitir. Amma sözləşməni yeniləməklə bağlı klubdan hər hansı təklif almamışam. Hələlik bu barədə düşünmürəm. Çünki başımı aşağı salıb öz işimlə məşğul olmalıyam və bunu edirəm. Hər şeyi Allahın ixtiyarına buraxmışam. İndidən dəqiq bir şey deyə bilmərəm. Hələlik “Qarabağ”a məxsusam. Komandaya kömək üçün yenə də əlimdən gələni edəcəyəm. Gələcəkdə baş verəcəkləri isə birlikdə izləyib görəcəyik.

– Artıq 34 yaşınız var. Karyeranızla bağlı qərar vermisiniz?

– Hələ karyeramı bitirməklə bağlı qərar verməmişəm. Özümdə oynamaq üçün güc olduğunu düşünürəm. Bundan sonra karyeramın “Qarabağ” və ya başqa klubda davam edəcəyini dəqiq deyə bilmərəm. Hazırda sadəcə futboldan zövq almaq istəyirəm. Özümü həm də işgüzar futbolçu hesab edirəm. Mənəvi olaraq da özümü buna kökləmişəm. Ümid edirəm ki, məqamı gələndə Allah mənə doğru yolu göstərəcək. Gələcəkdə harada olacağımı bilmirəm. Amma bildiyim tək şey var ki, o da oynamağa davam etmək istəyimdir.

– “Qarabağ” “Sabah”dan Aleksey İsayevi heyətinə qatdı. Sizin də çıxış etdiyiniz yarımmüdafiə xətti üçün edilən transferi necə qiymətləndirirsiniz?

– Aleksey haqqında ancaq xoş sözlər deyə bilərəm. Çünki onu Azərbaycanda çıxış edən yerli oyunçular arasında ən yaxşılardan hesab edirəm. Keyfiyyətli futbolçudur. Milli komandada da bir yerdə vaxt keçirmişik. Bir neçə matçda birlikdə oynamışıq. Onun keyfiyyətinə və potensialına bələdəm. Düşünürəm ki, “Qarabağ”a doğru məqamda gəldi. Komandanın gücünə güc qatacağı ilə bağlı şübhəm yoxdur, çünki bacarıqlıdır. O, komandamızda indiki bacarığını 20-25 faiz daha da artıracaq. Çünki baş məşqçilər heyəti ona inkişaf etmək üçün kömək edəcəklər. İsayev “Qarabağ” kimi böyük kluba keçməyə layiq idi. Bununla “Sabah”ı kiçiltmək istəmirəm. Təbii ki, “Sabah” da öz növbəsində çox yaxşı komandadır. Amma istənilən halda “Qarabağ”ın Avropa təcrübəsi daha çoxdur. Demək olar ki, hər il avrokuboklarda qrup mərhələlərində mübarizə aparırıq. Bu baxımdan burada daha da inkişaf edəcək. Aleksey öz idman səviyyəsi və keyfiyyəti ilə klubumuza kömək edəcək. Bir sözlə, onu komandamız üçün uğurlu transfer hesab edirəm.

– Son olaraq, Portuqaliyada oynamış futbolçu kimi Avropa Liqasının pley-off mərhələsindəki rəqibiniz olan “Braqa” ilə matçlardan nə gözləyirsiniz?

– Doğrudur, Azərbaycana gəlməzdən öncə iki il Portuqaliyada oynamışam. “Braqa” Portuqaliyada tarixi ənənəsi olan klublardan biri hesab olunur. Ölkənin ən böyük dördüncü komandasıdır. Bu klub həm yaxşı məşqçilərdən, həm də səviyyəli oyunçulardan təşkil olunub və olduqca güclüdür. Son illər Avropa arenasında yaxşı çıxış edirlər. Buna baxmayaraq, biz də güclü komandayıq. Bizim də yaxşı baş məşqçimiz, heyətimizdə keyfiyyətli futbolçularımız var.

– Sizcə, “Qarabağ”ın “Braqa”nı keçmək üçün lazımi potensialı və gücü varmı? Ümumiyyətlə, bu komandanı mübarizədən kənarlaşdırmağınız sensasiya sayıla bilərmi?

– Bu gün artıq hər şey fərqlidir. Futbol xeyli dəyişib. Bəzən meydanda oyunun taleyini kiçik detallar həll edir. Hansı komanda məşqçinin tapşırıqlarını daha doğru yerinə yetirəcək, daha çox diqqətini cəmləyəcək, daha az səhvə yola verəcəksə, heç şübhəsiz ki, qələbəni də həmin kollektiv qazanacaq. Bu baxımdan ümid edirəm ki, hər iki oyunda uğurlu tərəf biz olacağıq. Azərbaycan adına da bu mərhələni keçmək böyük uğur sayılacaq. Hər kəsə məlumdur ki, pley-offa vəsiqə qazanmaqla ölkə futbolu üçün yeni tarix yazdıq. Amma bununla heç nə bitmir. Əgər şans və imkanımız olarsa, növbəti tarixi uğura imza atacağıq. Ona görə də hədəfimiz “Braqa” ilə matçda qələbə qazanıb növbəti mərhələyə adlamaqdır.

Müharibə başlayandan Rusiyadan 10 minə yaxın xarici şirkət gedib

11.01.2024 · 14:12 · Dünya

Ukraynada müharibə başlayandan Rusiyadan gedən xarici şirkətlərin sayı 9600-ə çatıb.

Azpost.info xəbər verir ki, 2022-ci ildə onlardan 6,2 min, ötən ilin 10 ayı ərzində isə daha 3,4 mini ölkəni tərk edib.

Ümumilikdə, 2022-ci ilin mart ayından qeyri-rezidentlərin iştirakı ilə 23,5 min şirkət fəaliyyətini dayandırıb. Bunlar əsasən kiçik təşkilatlar idi: onlardan yalnız 2 mininin 50 milyon rubldan çox gəliri var idi.

Eyni zamanda, yeni şirkətlər arasında MDB və Çindən olan həmtəsisçilərin fəallığı nəzərəçarpacaq dərəcədə artıb.

Məsələn, ötən ilin 10 ayı ərzində Çindən 1500 şirkət qeydiyyatdan keçib. İindi onlar bütün yeni qeydiyyatların dörddə birini təşkil edir.

Azpost.info