Əfqanıstanda 6,3 bal gücündə zəlzələ olub

11.01.2024 · 14:07 · Dünya

Əfqanıstanda zəlzələ olub.

APA “Geo TV”yə istinadən xəbər verir ki, 6,3 bal gücündə zəlzələ qonşu Pakistanın bir sıra bölgələrində, həmçinin İslamabad, Pişəvər və Lahorda da hiss edilib.

Yeraltı təkanlar Pəncab, Xeybər Paxtunxva və Azad Cammu və Kəşmirin (AJK) bir sıra bölgələrində də hiss olunub.

Pakistan Meteorologiya İdarəsinin (PMD) məlumatına görə, dərinliyi 213 km olan zəlzələnin episentri Hinduquş bölgəsidir.

Zəlzələ qonşu ölkələrdə, o cümlədən Özbəkistan, Qazaxıstan və Hindistanda da hiss olunub.

İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırılıb

11.01.2024 · 13:56 · İqtisadiyyat

İctimai və sosial fondlara köçürülən vəsaitlərin vergidən azad olan hissəsi artırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, vergi ödəyicilərinin sosial – korporativ məsuliyyətindən irəli gələn maliyyə dəstək proqramlarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən meyarlara cavab verən, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb.

Dəyişiklik vergi ödəyicilərinin ictimai və sosial layihələrə maliyyə yardımları ayırmalarına maraqlarının, eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artırılması məqsədi daşıyır.

Xarkovda otelə raket hücumu olub

11.01.2024 · 13:40 · Dünya

Yanvarın 11-nə keçən gecə Rusiya ordusunun Xarkov şəhərinin mərkəzi hissəsinə raket hücumu nəticəsində üçmərtəbəli otelə ciddi ziyan dəyib.

Azpost.info xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, bina iki raketlə vurulub, 13 nəfər yaralanıb.

Qonaqlar arasında Ukraynadakı müharibəni işıqlandıran Türkiyənin “Anadolu” agentliyinin iki əməkdaşı – müxbir David Kaçkaçişvili və fotomüxbir Özge Elif Kızıl da olub.

Hadisə nəticəsində türk jurnalistlər yüngül xəsarət alıb. Hazırda hər iki jurnalistin səhhəti qənaətbəxşdir. Onlar əlavə müayinə üçün təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.

Azpost.info

İşğaldan azad olunan ərazilərdə yaradılan seçki məntəqələrində müşahidə aparmaq sərbəstdir

11.01.2024 · 13:33 · Siyasət

İşğaldan azad olunan ərazilərdə ilk dəfə seçki keçiriləcək. Hesab edirəm ki, bu, Azərbaycan üçün tarixi hadisədir. Bildiyiniz kimi, həmin ərazilərdə 26 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr orada tikilmiş müasir binalarda yerləşir. Həmin məntəqələri çox yüksək səviyyədə lazımi seçki ləvazımatları ilə təchiz etmişik. Məntəqələrdə müşahidə aparmaq azaddır. Beynəlxalq müşahidəçilər həmin məntəqələrə gedib proseslə tanış ola bilərlər.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 11-də jurnalistlərə müsahibəsində deyib.

Həmin seçki məntəqələrində çəkilişlərin aparılmasının önəmini qeyd edən MSK sədri bildirib: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq beynəlxalq müşahidəçi kimi fəaliyyət göstərir. Onlar uzunmüddətli müşahidəçiləri artıq yerlərə göndəriblər. Bu müşahidəçilər kifayət sayda dairələrdə olublar. Çalışırıq ki, onlarla əməkdaşlığımızı konstruktiv əsaslarla quraq”.