“Darvinin təkamül nəzəriyyəsi dərslikdən çıxarılsın” –

21.09.2024 · 10:09 · Dünya

Rusiya Baş nazirinin köməkçisi, Çeçenistanın sabiq baş naziri Müslüm Xuçiyev Darvinin təkamül nəzəriyyəsinin məktəb proqramından çıxarılmasını təklif edib. 

Azpost.info bildirir ki, Xuçiyev bu təkliflə Ümumrusiya Valideynlər Komitəsinin ilk iclasında çıxış edib.

O, bu nəzəriyyənin “uşaqların mənəvi aşınmasına töhfə verdiyini” bildirib.

“Biz sadəcə bunu aradan qaldıra bilərik. Darvinin nəzəriyyəsi doğru deyil, dini təhsilə ziddir. Bütün dinlər bunu qəbul edib. Bunu başqa kim etiraf etməlidir ki, məktəblilərin yaddaşından silinsin, uşaqlarımızın şüuruna salınmasın?”- Xuçiyev vurğulayıb.

Milyarder Konstantin Malofeev də Müslüm Xuçiyevin səsləndirdiyi Darvinin nəzəriyyəsinin məktəb proqramından çıxarılması ideyasını dəstəkləyib.

“Əsasən, təhsil sistemimiz seçim qarşısındadır: Beşinci sinif şagirdlərimizə nəyə inanmağı öyrədirik? Onların Allahın surətidir, yoxsa dik yeriyən primatların törəmələrdir? Bu cür təhsil nəyə gətirib çıxara bilər? Biz Allahdan uzaqlaşmış quduz Qərbi mühakimə edə bilərik. Uşaqlarımız üçün eyni gələcəyi istəmiriksə, məktəb proqramlarını dəyişməyin vaxtıdır”-  – milyarder Konstantin Malofeev yazıb.

Azpost.info

 

Xətaidə suyun verilməsində iki gün fasilə yaranacaq

21.09.2024 · 09:58 · Sosial

23.09.2024-cü il tarixdə saat 12:00-dan 24.09.2024-cü il saat 12:00-dək Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, fasiləyə səbəb magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədardır.

Britaniya alimləri yeni qan qrupu kəşf ediblər

21.09.2024 · 09:42 · Araşdırma

Böyük Britaniyada 50 illik araşdırmalar nəticəsində yeni qan qrupu kəşf edilib.

“Euronews.com” saytının məlumatına görə tədqiqatçıların “MAL” adlandırdıqları yeni kəşf edilmiş qan qrupuna çox az adamın sahib olduğu düşünülür.

İngiltərədə Bristol Universiteti, NHS Qan və Transplant və NHSBT Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasının tədqiqatçıları 50 illik iş nəticəsində həmin yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar. Bu araşdırma ilə varlığı çoxdan məlum olan, lakin sirr olaraq qalan AnWj qan qrupu antigeninin genetik infrastrukturu tamamlanıb. Tədqiqatın nəticələri bu qan qrupu olan xəstələri müəyyənləşdirmək və müalicə etmək üçün istifadə olunacaq.

NHS Qan və Transplantın üzvü baş tədqiqatçı Luiz Tile bildirib ki, “AnWj”nin genetik fonu 50 ildən çoxdur sirr olaraq qalır və onun həlli uzun bir komanda səyinin nəticəsidir. Nadir qan qrupunun mənfi növü indiyədək yalnız bir neçə insanda aşkarlanıb. Lakin son kəşf sayəsində artıq bu qan qrupuna malik olan digər insanları tapmaq daha asan olacağı bildirilir. Tədqiqat göstərir ki, bir çox insan ABO və RH qan qrupu sistemləri ilə tanış olsa da, başqa qan qrupları da mövcuddur. “AnWj” mənfi və “AnWj” müsbət qan qrupları arasında qanköçürmənin müxtəlif reaksiyalara səbəb ola biləcəyi və hətta ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edilir.

L.Tilley diqqətə çatdırıb ki, nəhayət, bu yeni qan qrupu sisteminin tətbiqi nadir, lakin vacib xəstələrə ən yaxşı qayğı göstərmək üçün böyük bir nailiyyətdir: “Miyelin və limfosit zülallarında olan və “AnWj” antigenini ehtiva edən 47-ci tanınmış qan qrupu olan “MAL” 1972-ci ildə kəşf edilib. Lakin İngiltərədə araşdırmalar tamamlanana qədər onun genetik mənşəyi məlum deyildi. Tədqiqat qrupumuz “AnWj” antigeninin “MAL” zülalında daşındığını aşkarlayıb. Bu qan qrupu olan insanların 99,9 faizindən çoxu “AnWj” müsbətdir və tam ölçülü “MAL” zülalı bu şəxslərin qırmızı qan hüceyrələrində olur, “AnWj”li fərdlərin hüceyrələrində isə olmur”.

Tədqiqatın nəticələri Amerika Hematologiya Cəmiyyətinin “Qan” jurnalında dərc olunub və həmin məqaləni onlayn oxumaq da mümkündür.

Lerikdə 3,1 bal gücündə zəlzələ olub

21.09.2024 · 09:39 · Sosial

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.

Məlumata görə, Bakı vaxtı ilə saat 03.45-də baş verən zəlzələnin maqnitudası 3,1, dərinliyi 19 kilometr olub.