“Neftçi”nin nəticələri məni də məyus edir

20.09.2024 · 23:35 · İdman

“İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı komandaya qarşı mübarizə apardıq. İlk hissənin sonlarına yaxın rəqib hücumlar edirdi”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VII turunda doğma meydanda “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, yerli çempionatdan fərqli olaraq, avrokuboklarda daha yüksək templə oynayacaqlarını söyləyib: “Hər bir elementə hazır olmalıyıq. “Neftçi” ilə oyunda bəzi zonaları “Tottenhem”lə oyunöncəsi yoxladım”.

Q. Qurbanov “Neftçi”nin nəticələrinə məyus olduğunu bildirib: “Heç bir komanda başına gələnlərdən sığortalanmayıb. “Qarabağ” da uğursuzluq yaşaya bilər. “Neftçi” böyük komandadır. Mən özüm də bu klubun şərəfini qorumuşam. İnanıram ki, hər şey yaxşı olacaq”.

53 yaşlı çalışırdırıcı sabiq futbolçusu Qara Qarayev haqqında da fikirlərini bölüşüb: “Onun hazırda “Qarabağ”a qayıdacağı gündəmdə deyil. Qara güclü xarakterə malik olan biridir. Onun işləri yolunda getməyəndə özünü hər zaman günahlandırır”.

Mütəxəssis Ağdam şəhərində təməli qoyulan “İmarət” stadionunun tikintisi barədə də danışıb: “Çox xoş hal idi. Bu cür başlamaq möhtəşəmdir.

“Qarabağ” “Neftçi”ni böyük hesabla məğlub edib

20.09.2024 · 22:09 · İdman

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində “Qarabağ” komandası “Neftçi”ni qəbul edib.

“Azersun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

Matçın 18-ci dəqiqəsində “Neftçi”nin heyətində Robert Bauer avtoqol müəllifi olub.

Qarşılaşmanın 29-cu dəqiqəsində Olavio Juninyo hesabda fərqi artırıb.

Görüşün 45+3-cü dəqiqəsində Yassin Benzia top fərqini üçə çatdırıb.

90+1-ci dəqiqədə isə Leandro Andrade adını tabloya yazdırıb.

Bununla da “Qarabağ” 3 xalı 4 cavabsız qolla qazanıb.

Ağdam şəhərində “Aghdam City Hotel” fəaliyyətə başlayıb

20.09.2024 · 21:01 · Sosial

Ağdam şəhərində “Aghdam City Hotel” fəaliyyətə başlayıb.

Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunan hotel binası 5 mərtəbədən ibarətdir.

Ən müasir standartlara cavab verən hotel binası 130 otaqdan ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır.

Burada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zalları yaradılıb. Hoteldə qonaqların istirahəti üçün demek olar ki, hər şərait yaradılıb.

Otelin direktoru Murat Kodan jurnalistlərə öz açıqlamasında hoteldə fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş 4 otaq da mövcud olduğunu, həmçinin qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradıldığını bildirib.

O, həmçinin burada işlə təmin edilənlərlə də bağlı danışıb:

“Ağdamdan məcburi köçkün düşənlərin siyahısını aldıq və onlarla əlaqə yaratmağa başladıq. Ağdamdan məcburi köçkün düşmüş 15-ə yaxın işçimiz var. Gələcəkdə də bu say sürətlə artacaq. PMD Group olaraq Ağdamın turizminə böyük dəstək verəcəyik. Hoteldə 130 otaq, bir restoran və bir barımız var. Otaqların dördü suite, ikisi əngəlli insanlar üçündür. Üç toplantı zalımız var. Hotelimizdə iş adamları üçün hər cür şərait yaradılıb”, – direktor bildirib.

SOCAR və bp qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək

20.09.2024 · 20:12 · İqtisadiyyat

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və bp bu gün enerji təchizatı təhlükəsizliyinin artırılması mədsədilə beynəlxalq neft və qaz apstrim (kəşfiyyat və hasilat) layihələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq niyyətlərini dəstəkləyən bir anlaşma memorandumu (AM) imzaladıqlarını elan ediblər.

Bu barədə bp Azərbaycan şirkətindən məlumat verilib.

Bildirilib ki, memorandum çərçivəsində şirkətlər beynəlxalq səviyyədə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində sinerji potensialını və bir sıra yeni investisiya imkanlarını birgə qiymətləndirəcək.

Memorandum həmçinin bu iki şirkətin dünyaya etibarlı və əlçatan enerji təchizatını təmin etmək imkanlarının qiymətləndirilməsində öz təcrübə və biliklərini bölüşmək niyyətini əks etdirir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf dedi: “Azərbaycan üçün tarixi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə təsadüf edən bu saziş SOCAR ilə bp arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrində yeni səhifə açır. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji bazarlarında əsas təchizatçılarından birinə çevrilməsini təmin etdi. Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyamıza uyğun olaraq, bu gün biz gələcəkdə təhlükəsiz və dayanıqlı enerji təchizatını təmin etmək üçün yeni imkanları araşdırır, bu istiqamətdə birgə fəaliyyətimizi davam etdiririk”.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu gün biz SOCAR-la yeni əməkdaşlıq erasının təməlini qoyuruq. Biz 30 ildir ki, Azərbaycanın neft və qaz ehtiyatlarının uğurla işlənməsində birgə çalışırıq və bu uğurlar ölkənin həm region, həm də dünya üçün etibarlı enerji təchizatçısı rolunu təmin etmişdir. İndi isə regionda və qlobal miqyasda yeni əməkdaşlıq sahələrini axtarmaq və yeni tərəfdaşlıq imkanlarına başlamaq vaxtıdır. Biz birlikdə daha çox iş görə bilərik. Dünyaya bu gün ehtiyac duyduğu enerjini təmin etmək üçün səylərimizi birləşdirərək SOCAR-la əməkdaşlığın yeni səhifəsinə başlamaqdan çox məmnunuq”.