NATO-nun yeni Baş katibi Ukraynada səfərdədir

03.10.2024 · 14:59 · Dünya

NATO-nun yeni Baş katibi Mark Rutte Ukraynaya dəstəyini ifadə etmək üçün Kiyevə səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, bu səfər Alyansın Rusiya ilə davam edən münaqişə şəraitində Ukraynaya yardım göstərməyə davam etmək əzmini nümayiş etdirmək üçün mühüm addımdır.

Səfər zamanı Rutte Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və onlar təhlükəsizlik məsələləri, gələcək əməkdaşlıq və hərbi yardım, həmçinin Kiyevlə NATO arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Azpost.info

 

QHT Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək

03.10.2024 · 14:42 · Sosial
Bələdiyyələr

Yaxın günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci ilin kiçik, orta və böyük qrant müsabiqələrini elan edəcək.

Bu barədə Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

 

O, bildirib ki, “Kiçik qrant müsabiqəsi” çərçivəsində qalib layihələrə maksimum 15 000 manat, “Orta qrant müsabiqəsi” çərçivəsində maksimum 30 000 manat, “Böyük qrant müsabiqəsi” çərçivəsində isə maksimum 50 000 manat qrant məbləği ayrılacaq: “Müsabiqə elanına uyğun olaraq, QHT müsabiqəyə tək və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər.

QHT-lər müsabiqələrin elanından 1 ay sonra layihələrini ötən il olduğu kimi müvafiq sistemə daxil edəcək. Bunun üçün də 1 ay vaxt veriləcək. Beləliklə, 2 ay müddəti geniş imkan verir ki, QHT-lər müsabiqələrə hazırlaşmaq üçün çox vaxt qazansınlar. Ötən ildən bu praktika tətbiq edilir, uğurlu nəticələri var”. (APA)

Ancelina Coli FTB-yə qarşı məhkəmə iddiasını geri götürüb

03.10.2024 · 14:38 · Şou Biznes

Hollivud ulduzu, aktrisa Ancelina Colinin Bred Pittin ailə daxilindəki sui-istifadəsi ilə bağlı Federal Tədqiqat Bürosuna qarşı irəli sürdüyü iddiasının geri götürüldüyü barədə məlumat yayılıb.

Azpost.info bildirir ki, xəbəri “Daily Mail” nəşri yayıb.

Bir neçə il əvvəl agentlik bu qalmaqallı işi araşdırmaqdan imtina etdiyi üçün aktrisa FTB-ni başqa adla məhkəməyə vermişdi.

Ancelina Coli təsdiq edib ki, o həqiqətən də FTB-yə qarşı qaldırdığı iddiasını geri götürüb, çünki agentlik həmin ərəfələrdə bununla bağlı apardığı araşdırmalardan sonra ulduz aktyor Bred Pittin öz ailəsinə qarşı aqressiv davranışı ilə bağlı cinayət ittihamı irəli sürməkdən imtina edib.

“Daily Mail” nəşrinin yazdığına görə İddia 2016-cı ildə qaldırılıb, ərizəçi “Miss Doe” nümunəsi altında çıxış edib. 2022-ci ilin avqustunda isə bu sənəddə dəyişikliklər edildi və bunun sayəsində media iddianın məhşur cütlük kimi tanınan Coliyə, eləcə də Pittə aid olduğunu təsdiqləyə bildi.

Məlum olduğu kimi Federal Təhlükəsizlik Bürosunun tədqiqatçıları şikayətin daxil olduğu 2016-cı ildən bəri şəxsi təyyarədə baş verən qalmaqalı, ər-arvad arasındakı yaranan kəskin mübahisəni araşdırmağa başlamışdı. Ancelina Colinin o zaman və ilk dəfə verdiyi ifadəsinə görə, Pitt uçuş zamanı özünü çox aqressiv aparıb.

Ancelina Colinin dediyinə görə o ata kimi qardaşının müdafiəsinə qalxmaq istəyən oğullarından birinin boynundan tutub və digərinə isə sillə vurub. Aktyor hətta onu sakitləşdirmək istəyən həyat yoldaşını da itələyib. Hətta Pittin öz həyat yoldaşının və uşaqlarının üzərinə şərab, pivə atması, təyyarədə ailə üzvlərini təhdid etməsi də iddia olunur.

Hadisədən bir neçə gün sonra isə məhşur aktrisa Hollivud ulduzu olan aktyor Bred Pittdən ayrılmaq qərarını verib. Ancelina Coli ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Pitt öz növbəsində bütün ittihamları rədd edib.

Yaranmış böyük səs-küyə və qarşı tərəfin çox ciddi ittihamlarına baxmayaraq FTB Colinin şikayətini tam geniş araşdıraraq nəzərdən keçirib, lakin ciddi arqumentlər olmadığından agentlik məhşur amerikalı kimi milyonların sevimlisi olan Bred Pittə qarşı ciddi ittiham irəli sürməyib.

Belə bir nəticədən sonra çox qəzəblənən aktrisa Ancelina Coli şiddətlə bu şöbəni, FTB-ni qınayıb və onları fəaliyyətsizlikdə ittiham edib. Daha sonra isə zərərçəkmiş şəxs kimi o öz hüquqlarının pozulduğunu iddia edən Coli növbəti dəfə də hərəkətə keçib və Federal Təhlükəsizlik Bürosuna qarşı məhkəmə iddiası qaldırıb.

“Daily Mail” nəşrinin yazdığından məlum olduğu kimi bir neçə gün öncə isə məlum olub ki, artıq Hollivudun ulduz aktrisası Ancelina Coli FTB – yə qarşı iddiasını geri götürüb.

Oqtay Qorçu

Qərbi Azərbaycan İcması Litva XİN başçısının fikirləri ilə bağlı bəyanat yayıb

03.10.2024 · 14:30 · Siyasət

Qərbi Azərbaycan İcmasının bəyanat yayıb. 

Bəyanatda deyilir: “Litvanın xarici işlər naziri Qabrieulius Landsberqis Avropa Şurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycan fikirlər səsləndirmişdir.

Litvanın xüsusən Vətən müharibəsindən sonra sistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrah doğurur. “Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlı açıqlamalar verəcəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litva naziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu gün Qərbdə Azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözün mahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasib olan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi, diletant siyasətçi var.

Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemli şəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan Litva Azərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqına sahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanada ilə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncı ölkələrdəndir.

Reç Pospolitanın xiffətini çəkən litvalı nazir müstəqilliyini birinci olaraq tanıdıqları Ermənistan rəsmilərinin ən azı sözdə ifadə etdikləri “mifik Ermənistan”dan “real Ermənistan”a keçid niyyəti kimi “real Litva”ya keçməlidir.

Q.Landsberqisin qayıdış hüququnu yalnız etnik ermənilərə aid etməsi, Ermənistanın etnik təmizləməsinə məruz qalmış bir milyondan artıq azərbaycanlıya, o cümlədən qərbi azərbaycanlılara qarşı ayrı-seçkiliyin, qərəzin, onun səlibçi təfəkkürünün göstəricisidir.

Avropa Şurası Parlament Assambleyasının bir ovuc rasist və korrupsioner üzvünün Azərbaycana girişinə icazə verilməməsi məsələsinə gəldikdə, vurğulamaq lazımdır ki, suveren bir dövlət kimi onlara giriş qadağası qoymaq tamamilə Azərbaycanın haqqıdır. Litvalı nazirin bununla bağlı da açıqlamaları lüzumsuzdur. Həmin addım Azərbaycana və Azərbaycan xalqına qarşı etnik və dini ayrı-seçkiliyin ifşa edilməsinə və insan hüquqlarının təşviqinə xidmət edir”.