Bu il ödəniş kartları ilə 90 milyard manatlıq əməliyyatlar aparılıb

29.10.2024 · 11:12 · İqtisadiyyat
Bank kartı

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 90 milyard 654 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 42.4% və ya 27 milyard manat çoxdur.

Xatırladaq ki, ötən ay debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 11 milyard 144 milyon manat təşkil edib ki, bunun 10 milyard 344 milyon manatı debet kartları ilə, 799 milyon manatı isə kredit kartları ilə aparılıb.

Qeyd edək ki, bu ilin oktyabr ayının 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədədə yüksəlib ki, bu kartların 15 milyon 189 min ədədi təmassız kartlardır. Ödəniş kartlarının 2 milyon 273 min ədədi kredit kartları, 16 milyon 650 min ədədi isə debet kartlarıdır.

Türkiyə ilə münasibətlərimizin zirvədə olmasından böyük fərəh hissi duyuruq

29.10.2024 · 11:06 · Aktual

Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq.

APA xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ünvanladığı təbrik məktubunda yer alıb.

“Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir”, – dövlət başçısının məktubunda vurğulanıb.

 

Putin Kim Çen Indan 5,5 milyard dollarlıq silah alıb

29.10.2024 · 10:57 · Dünya

Şimali Koreyanın Rusiyaya 5,5 milyard dollar dəyərində silah satdığı ehtimal edilir.

Azpost.info xəbər verir ki, bu barədə hesablamanı Almaniyanın “Fridrix Nauman Fondu” aparıb.

Tədqiqatda kəşfiyyat hesabatları, sızan sənədlər və Şimali Koreyanın əvvəllər silah satışında olan sursatların dəyəri araşdırılıb. Məbləğ bütün KXDR iqtisadiyyatının təxminən dörddə birinə bərabərdir. Cənubi Koreya Mərkəzi Bankının məlumatına görə, Şimali Koreyanın 2023-cü il üçün ÜDM-i 23,7 milyard dollar olub.

Şimali Koreya silah ixracı ilə bağlı heç bir məlumat dərc etmir, bu da ətraflı təhlili demək olar ki, qeyri-mümkün edir. Cənubi Koreyanın kəşfiyyat agentliklərinin hesabatları Seulun qonşusunun dəniz trafikini izləmək üçün istifadə etdiyi peyk görüntülərinə əsaslanır. Bu məlumatlara görə, Şimali Koreya Rusiyanı ilk növbədə artilleriya mərmiləri və yaxın mənzilli raketlərlə təmin edir.

Fondun araşdırmasında o da qeyd olunur ki, Rusiya Şimali Koreya qoşunlarını Ukraynaya qarşı müharibəyə cəlb edərsə, Pxenyanın Moskva ilə hərbi əməkdaşlıqdan əldə etdiyi gəlir yüz milyonlarla dollar arta bilər.

“Kim Çen In Şimali Koreya rejiminin sabitliyini təhdid etməmək üçün Vladimir Putinə 20 mindən çox əsgər verməyəcək. Bu qədər qoşun isə çətin ki, müharibənin gedişatını Rusiyanın xeyrinə dəyişsin. Bu addım tam əks nəticəyə – Ukraynaya dəstəyin artmasına gətirib çıxara bilər. Bunu Kiyevə öldürücü silahların tədarükünü nəzərdən keçirməyə başlayan Cənubi Koreyanın reaksiyası da sübut edir”, – tədqiqat müəllifi bildirir.

Fond həmçinin bu ilin birinci yarısında KXDR ilə Rusiya arasında rəsmi ticarət dövriyyəsinin 52,9 milyon dollara yüksəldiyini qeyd edib. Bu, bütün 2023-cü illə müqayisədə (34,4 milyon dollar) 18,5 milyon dollar çoxdur. Analitiklər istisna etmirlər ki, illik ikitərəfli ticarət 2017-ci ildə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsindən əvvəlki səviyyəyə qayıda bilər.

Münasibətlərin dərinləşməsinə Moskva ilə Pxenyan arasında diplomatik səfərlərin artması da sübutdur. Beləliklə, yanvar ayından bəri artıq 24 belə görüş keçirilib, baxmayaraq ki, son üç onillikdə ildə beşdən çox olmamışdı.

Azpost.info

 

9 ayda 112 min nəfərə elektron qaydada pensiya təyin edilib

29.10.2024 · 10:44 · Sosial
Pensiya

2024-cü ilin yanvar-sentyabr ayları ərzində 112 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə Azpost.info-ya DSMF-dən bildirilib.

Onların 53,3%-ni kişilər, 46,7%-ni isə qadınlar təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilir.