Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verib

25.12.2024 · 19:02 · Siyasət

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Başsağlığında deyilir:

“Xarici İşlər Nazirliyi Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan Respublikası hökumətinə və xalqına Səudiyyə Ərəbistanı Krallığının səmimi başsağlığını bildirir, yaralıların tezliklə sağalmasını diləyir”.

Qəzaya uğrayan təyyarədə yaralananlardan 11-nin vəziyyəti ağırdır

25.12.2024 · 18:54 · Sosial

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Bu barədə Manqistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib.

Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək, yaralılardan bir neçəsini şəxsən müayinə edib.

O da qeyd olunub ki, Manqistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq(apa).

Türkiyə Parlamentinin sədrindən BAŞSAĞLIĞI

25.12.2024 · 18:47 · Siyasət

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat görə, Numan Kurtulmuş “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.

Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Qəzada xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq

25.12.2024 · 18:31 · Dünya

Rusiya Fövqəladə Hallar Nazirliyinin tibii modullarla təchiz olunmuş İl-76 xüsusi təyyarəsi Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarını Moskvaya çatdıracaq.

Bu barədə Rusiya FHN-dən bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığına və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişinə əsasən, xüsusi reys Moskvadan Aktauya uçub.

Bildirilib ki, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan rusiyalıların sanitar təxliyəsini tibbi təyyarə həyata keçirəcək.

Təyyarə yaralıların daşınması üçün bütün lazımi avadanlıqla təchiz olunub.Müasir xüsusi tibbi modullar, süni tənəffüs aparatları və ürək monitorları uçuş zamanı xəstələrə tibbi yardım göstərməyə və onların vəziyyətinə nəzarət etməyə imkan verir.

Əlavə olunub ki, “Centrospas” dəstəsinin həkimləri, Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi təyyarədə zərərçəkənləri müşayiət edəcək.

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraya Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsində miliyyətcə azərbaycanlı olan üç Rusiya vətəndaşının da olduğu bildirilib(apa).