Qəzada zərərçəkənlərin ailələrinə yardım göstəriləcək

25.12.2024 · 18:25 · Sosial

Bakı-Qroznı reysi üzrə uçuşu həyata keçirilən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkən şəxslərin yaxınlarına dəstək məqsədi ilə psixololoqlardan ibarət qrup yaradılıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, qrup üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir, heyətin bir neçə üzvü isə Aktauya ezam edilib.

“Bununla yanaşı, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirilməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd edilib.

AZAL Bakıdan Qroznı və Mahaçqalaya aviareysləri dayandırdı

25.12.2024 · 18:19 · Aktual

İstintaq prosesi başa çatana qədər “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.

Bu barədə AZAL-dan bildirilib.

Qeyd edilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.

Fiziki şəxslərin əmanətlərinin neçə faizi milli valyutadadır?

25.12.2024 · 18:03 · İqtisadiyyat

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,1 faiz bəndi azalaraq 34,1 faiz təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, fiziki şəxslərin əmanətlərinin 65,2 faizi (9,034.8 milyon manat) milli valyutada, 34,8 faizi (4,825.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60,4 faizi (8,371.4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0,7 faiz və ya 56,6 milyon manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 15,833.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,2 faizini təşkil edib.

Dövriyyədə olan ödəniş kartlarının sayı

25.12.2024 · 17:56 · İqtisadiyyat
Bank kartı

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 301 min ədəd artaraq 19 milyon 463 min ədəd təşkil edib.

Mərkəzi Bankdan bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,7 faiz, kredit kartları üzrə 3,2 faiz təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə artıb. 2024-cü ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6939 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64 faizini təşkil edib.