AZAL təyyarə qəzasında həyatını itirən sərnişinlərin yaxınlarına başsağlığı verib

25.12.2024 · 17:41 · Sosial

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Aviaşirkətin açıqlamasında bildirilir:

“Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq”.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

“Oğlum dedi yaralanmışam, xəstəxanadayam”

25.12.2024 · 17:25 · Sosial

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”.

Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva açıqlamasında deyib.

“Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb”, deyə G. Alıyeva bildirib.

Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb: “Səs ataraq dedi ki, Allaha şükür sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi”(apa).

İsrail Prezidentindən qza ilə bağlı MESAJ

25.12.2024 · 17:10 · Siyasət

İsrail Prezidenti İshak Hersoq Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

O, bununla bağlı “X” hesabında paylaşım edib.

“Bu gün səhər saatlarında Aktau yaxınlığında Azərbaycan Hava Yollarının Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm”, – Hersoq bildirib.

Milli Məclisin sabiq deputatı vəfat edib

25.12.2024 · 17:03 · Sosial

Milli Məclisin sabiq deputatı Fərhad Qəribov vəfat edib.

72 yaşlı eks-millət vəkili Bakıda dünyasını dəyişib.

Sabiq deputat bu gün Kürdəmir rayonunda dəfn ediləcək.

Qeyd edək ki, deputat seçilməzdən əvvəl uzun müddət meliorasiya sahəsində çalışmış F.Qəribov müstəqillik illərində biznes fəaliyyəti ilə məşğul olub. O, illər əvvəl lisenziyası ləğv edilmiş “Debutbank”ın və bir neçə digər iri kommersiya müəssisələrinin sahibi idi.

F.Qəribov parlamentin 3-cü və 4-cü çağırış (2005-2015) deputatı olub.