Elmə bağışlanan meyitləri satdı

27.05.2025 · 07:44 · Dünya
Morq

Harvard morq müdiri elmi tədqiqatlar üçün vəsiyyət edilən meyitləri 5 il satıb.

AzPost xəbər verir ki, ABŞ-ın Harvard Universitetinin Tibb Məktəbində morq müdiri işləyən Sedrik Lodc beş il ərzində insan qalıqlarını qanunsuz şəkildə satdığı üçün cinayət məsuliyyətinə cəlb olunub.

Rəsmi məlumatlara görə, Lodc meyitləri elmi məqsədlə bağışlayan şəxslərin bədən hissələrini oğurlayaraq kommersiya məqsədilə istifadə edib. Onun həyat yoldaşı Denis də bu cinayət sxemində ona yardımçı olub. Cütlük uzun müddət müxtəlif alıcılara insan kəllələri, beyin toxuması, dəri və sümük parçaları göndərib.

İstintaq zamanı məlum olub ki, alıcılardan biri Lodca üç il ərzində otuz yeddi min dollar ödəyib və ödənişləri “braiiiiiiins” kimi qeyri-etik mesajlarla müşayiət edib. Hətta Lodc bəzi hallarda morqda alıcı ilə şəxsən görüşərək üz fraqmentlərini və dəri parçalarını şəxsən təhvil verib.

Məlumatlara əsasən, Lodc bu bioloji materialları tibb tələbələrinin dərs prosesində istifadə etdikdən sonra məhv edilməli olduqları mərhələdə qanunsuz şəkildə mənimsəyib.

İş üzrə sənədlərdə göstərilir ki, həmin orqan və toxumalar təhsil məqsədilə istifadə edildikdən sonra kremasiya və ya dəfn edilməli idi. Bunun əvəzində isə onlar qara bazara çıxarılıb. Hadisə ictimaiyyətdə də ciddi qəzəb doğurub. Zərərçəkənlərdən birinin qızı “Bunu eşidəndə ürəyim ağrıdı. Bu, sadəcə dəhşətlidir və insanlığa ziddir,” deyə bildirib.

Hazırda cütlüyün cinayət məsuliyyətinin hansı həddə olacağına dair məhkəmə qərarı gözlənilir. ABŞ hüquq-mühafizə orqanları hadisənin digər iştirakçıları və əlaqəli alıcılar barədə araşdırmanı davam etdirir.

AzPost.az

Üç yaşlı uşaq anasının meyiti ilə bir neçə gün mənzildə qalıb

27.05.2025 · 02:17 · Dünya
Meyit

Honq-Konqun Kwun Tong rayonundakı yaşayış kompleksində dəhşətli hadisə qeydə alınıb. AzPost xəbər verir ki, üç yaşlı qız anasının meyiti ilə dörd gün eyni mənzildə tək qalıb.

South China Morning Post-un yaydığı məlumata əsasən, uşağın davamlı ağlaması qonşuların diqqətini çəkib və onlar kompleksin mühafizəsi ilə əlaqə saxlayıblar. Mənzilin sahibi qapını açmadıqda, hadisə yerinə polis çağırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olduqda azyaşlı qızı anasının cəsədinin yanında, çarpayıda uzanmış vəziyyətdə görüblər.

Məhkəmə-tibbi ekspertizası ananın astma xəstəliyindən vəfat etdiyini, ölümün dörd gün əvvəl baş verdiyini müəyyənləşdirib. Bu müddət ərzində uşaq aclıqdan ölməmək üçün evdə olan quru yeməklərlə qidalanıb.

Həkimlərin verdiyi məlumata görə, uşağın səhhəti hazırda qənaətbəxşdir və o, sosial xidmət orqanlarının nəzarəti altında müvəqqəti olaraq xəstəxanaya yerləşdirilib.

AzPost.az

Xərçəngin erkən aşkarlanmasına imkan verən lazer hazırlanıb

27.05.2025 · 01:14 · Maraqlı
Həkim

Honq-Konq Politexnik Universitetinin alimləri xəstəliklərin, o cümlədən xərçəngin erkən diaqnostikası üçün yeni texnologiya üzərində işləyirlər. AzPost xəbər verir ki, tədqiqatçılar 3D çap texnologiyasından istifadə etməklə yüksək həssaslığa malik mikrolazer əsasında biosensor yaradıblar.

Sözügedən cihaz polimer mikrolazerdən – pıçıltı qalereyası rezonatorundan istifadə etməklə hazırlanıb və laboratoriya çiplərində erkən diaqnostika üçün yeni imkanlar yaradır.

Əsas texnoloji yenilik limakon formalı mikrorezonator həndəsəsinin tətbiqidir. Bu forma vasitəsilə daha əvvəl bu tip sensorların tətbiqində müşahidə olunan çətinliklərin bir qismi aradan qaldırılır.

İstiqamətləndirilmiş işıq emissiyası siqnalın oxunmasını asanlaşdırır və bu da cihazın mikrofluidik sistemlərə daha rahat inteqrasiyasına imkan verir.

Əlavə olaraq qeyd olunur ki, bu yenilik sayəsində konik optik liflərə – diametri iki mikrometrdən az olan, çətin konfiqurasiyaya malik və xarici təsirlərə həssas komponentlərə ehtiyac qalmır.

Alimlər hesab edirlər ki, bu texnologiya gələcəkdə effektiv və qənaətcil diaqnostika metodlarının əsasını təşkil edə bilər.

AzPost.az

Rafael İbrahimovun ailəsi Britaniyadakı qalmaqaldan danışdı

26.05.2025 · 23:45 · Baş Yazı
Rafael İbrahimov

Xəbər verdiyimiz kimi, bu ilin fevralında Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunaraq 16 ay müddətinə şərti həbs edilib və ona iki il sınaq müddəti verilib.

“Qafqazinfo”nun məlumatına görə, Rafael İbrahimov yazılanlara şərh vermək istəməsə də, onun ailəsi məsələyə münasibətini bildirib.

İbrahimovlar ailəsindən bildirilib ki, hadisələrin baş verdiyi müalicə müəssisəsinə qarşı iddia qaldırılıb.

Qeyd olunub ki, bu ilin mayın 20-də Britaniya Trubunal Məhkəməsi (HM Courts and Trubunals) Rafael İbrahimovun xeyrinə qərar qəbul edib.

“Fevralda Norzviç qəzetində məqalə çıxanda, biz – Rafaelin ailəsi, buna sakit yanaşdıq. Müalicə müəssisəsinin əməkdaşlarının yerli qəzetlə aşkar əlaqələri var və onların simpatiyası aydın görünür. Ətraflı danışmadan, Rafaelin günahsız olduğuna və bu işin absurd olmasına sizi inandırmaq istəyirik. Britaniyadakı məhkəmədə ilk iddiamızı qazanmışıq”, – deyə R.İbrahimovun ailəsinin açıqlamasında bildirilir.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. O, burada yuxu dərmanlarından yaranan asılılıqdan müalicə kursu keçirmiş.

AzPost.az