“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü

15.09.2025 · 19:41 · Media

İnnovasiya və sürət lideri “Bakcell” 15 sentyabr – Bilik Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) “Növbəti nəsil: Süni intellekt və İnnovasiya” adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi gənclərin süni intellekt və innovasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin rəqəmsal çağırışlarına hazırlamaq olub.

Görüş çərçivəsində “Bakcell” və MTK-nın rəhbərliyinin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə süni intellektin gündəlik həyat və iş mühitinə təsirləri, innovasiyaların gələcəyi geniş şəkildə müzakirə edilib. Tədbir zamanı süni intellekt əsaslı robotun iştirakı iştirakçılarda böyük maraq yaradıb. “Prompt mühəndisliyi” mövzusunda keçirilən sessiyada isə iştirakçılar süni intellekt alətlərinin təqdim etdiyi imkanlarla, həmçinin bu alətlərin ölkədə və beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələrinə təsiri ilə daha yaxından tanış olublar. Gənclər praktiki məşğələlər vasitəsilə öz ideyalarını vizuallaşdıraraq sessiyanın sonunda real təcrübə qazanıblar.

“Azərbaycanın rəqəmsal gələcəyi məhz gənclərin bacarığı və onların yaratdığı innovasiya ekosistemi üzərində qurulacaq. Bu istiqamətdə təşkil olunan tədbirlər Azərbaycanın gənclərinə biliklərini zənginləşdirmək, praktiki bacarıqlar qazanmaq və gələcəyin innovativ liderləri kimi formalaşmaq üçün imkan yaradır”, – deyə “Bakcell”in baş icraçı direktoru Klaus Müller bildirib.

“Süni intellekt kimi müasir texnoloji platformaların gətirdiyi çətinliklərin öhdəsindən gəlmək üçün təhsil müəssisələri sabah yox, bu gün addım atmalıdır”, – deyə MTK-nın baş icraçı direktoru Tural Abbasov bildirib.

“Bakcell” sürətlə dəyişən dünyada gənclərin innovativ düşüncə tərzinin formalaşmasını və rəqəmsal bacarıqların inkişafını əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkədə innovasiya ekosisteminin güclənməsinə və gələcəyin işçi qüvvəsinin hazırlanmasına töhfə verir.

 

AzPost.az

Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunacaq

15.09.2025 · 19:29 · Sosial

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah Vətənə gətiriləcək.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.

Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

AzPost.az

Ərdoğan Bakının azadlıq günü ilə bağlı Azərbaycanı təbrik etdi

15.09.2025 · 18:47 · Siyasət

Türkiyə prezidenti Ərdoğan 15 sentyabr Bakının azad edilməsinin ildönümü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

AzPost bildirir ki, bununla bağlı Ərdoğan rəsmi səhifəsində paylaşım edib.

“Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümü münasibətilə sizi ürəkdən təbrik edirəm. Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil paşanın və bütün qəhrəmanlarımızı rəhmətlə yad edir, Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”

 

AzPost.az

Şuşada gizli saxlanc yerlərində külli miqdarda silah-sursat tapıldı

15.09.2025 · 18:29 · Sosial

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

AzPost.az