İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

15.09.2025 · 18:24 · Baş Yazı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulandı.

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlətimizin başçısı qeyd etdi ki, birliyimiz dünya miqyasında önəmli amildir. Prezident İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığını vurğuladı.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunuldu.

Bugünkü görüşün 15 sentyabr – Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulandı.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

AzPost.az

Azərbaycan 8 ayda bu ölkələrə 16 milyon ton neft ixrac edib

15.09.2025 · 17:05 · İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 4 801 518,97 min ABŞ dolları dəyərində 9 198 216,58 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

Azərbaycanın neft ixracında Çexiya ikinci yerdə qərarlaşıb

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 653 375,34 min dollar dəyərində 1 217 841,38 ton neft ixrac edilib.

Üçüncü yerdə Xorvatiya qərarlaşıb

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2025-ci ilin yanvar-avqust aylarında bu ölkəyə 497 444,69 min dollar dəyərində 919 870,22 ton neft ixrac edilib.

Hesabat dövrünün əsas göstəriciləri

Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.

Ümumi ixrac göstəriciləri

Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə ümumilikdə 8 396 005,89 min dollar dəyərində 15 924 752,22 ton neft ixrac edilib.

Azərbaycanın hesabat dövründə neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyərinə görə) təqdim edirik:

Ölkələr Miqdar (ton) Statistik dəyər
№ Cəmi 15 924 752.22 8 396 005.89
1. İtaliya 9 198 216.58 4 801 518.97
2. Çexiya 1 217 841.38 653 375.34
3. Xorvatiya 919 870.22 497 444.69
4. Almaniya 841 915.48 445 304.60
5. Rumıniya 778 615.54 429 334.05
6. Portuqaliya 714 269.12 385 076.01
7. Böyük Britaniya 514 926.69 237 052.39
8. İrlandiya 331 558.01 174 262.24
9. Yunanıstan 232 396.39 128 990.34
10. Niderland 223 330.70 126 482.41
11. Tunis 186 998.53 102 302.16
12. Tailand 137 785.75 75 910.84
13. İndoneziya 130 925.36 72 131.22
14. İsveçrə 89 696.92 53 857.85
15. Danimarka 88 157.38 49 689.27
16. Bolqarıstan 79 260.85 48 231.11
17. Avstriya 90 177.31 42 664.79
18. Fransa 81 701.93 41 316.86
19 Türkiyə 65 361.01 30 279.23
20 Hindistan 1 747.07 781.52

AzPost.az

Bu il Azərbaycana 75 minə yaxın avtomobil gətirilib

15.09.2025 · 16:58 · İqtisadiyyat

2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 381 milyon 385 min ABŞ dolları dəyərində 74 481 ədəd avtomobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 26.4%, dəyəri isə 24.3% artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 110 milyon 905min ABŞ dolları dəyərində 58 939 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 1412 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.4% azdır.

AzPost.az

Tramp açıqladı: ABŞ və Çin TikTok-la bağlı razılığa gəldi –

15.09.2025 · 16:37 · Dünya

ABŞ və Çin TikTok-la bağlı razılığa gəlib.

AzPost bildirir ki, bununla bağlı prezident Tramp öz paylaşımında bildirib.

Tramp Avropada aparılan ticarət danışıqlarının çox yaxşı getdiyini söyləyib.

O, cümə günü Çin lideri Si Sinpinlə  telefonla  danışacağını bəyan edib.

AzPost.az