Nazirlikdən Cəfər Cabbarlının bərbad halda olan büstü barədə açıqlama

18.11.2025 · 18:52 · Sosial

Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının “Azəbaycanfilm” kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq “Kinopark”da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq: “Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq”.

AzPost.az

Ünvanı səhv salan qadını güllələdi

18.11.2025 · 15:54 · Maraqlı

ABŞ-ın İndiana ştatının Uaytstaun qəsəbəsində səhər saatlarında ağır hadisə baş verib.

Azpost.az yerli mediaya istinadla xəbər verir ki, ev sahibi Kurt Andersen səhv ünvan gətirdiyi üçün evinin kandarında dayanan qadını – Mariya Florinda Rios Peres de Velaskesi güllələyib. Qadın hadisə yerində dünyasını dəyişib.

Məlum olub ki, qadın həyat yoldaşı Maurisio ilə birlikdə təmizlik briqadasının tərkibində işləyirmiş və həmin gün iş üçün yaxınlıqdakı başqa ünvana getməli imişlər. Heç biri evə daxil olmağa cəhd etməyib, lakin Andersen içəridən, qapıdan birbaşa atəş açıb.

Bun qraflığının prokuroru Kent İstvud açıqlamasında bildirib ki, ev sahibinə “ehtiyatsızlıqdan qəsdən adam öldürmə” maddəsi üzrə ittiham irəli sürülüb. O vurğulayıb ki, qərar ştatın “ərazini qoruma hüququ” kimi tanınan qanununa zidd deyil, sadəcə bu hadisənin xüsusiyyətləri həmin müdafiə qaydasına uyğun gəlmir.

Prokurorluq qeyd edir ki, Andersenin ölümcül gücdən istifadə etmək üçün əsaslı səbəbi olmayıb. Yəni ona real təhlükə törədildiyini düşünməyə hüquqi əsas görünməyib.

Qadının ailəsinin vəkili Aleks Limones bu ölümü “qarşısı alına bilən faciə” adlandırıb və bildirib ki, dörd uşaq anasız qalıb. Ailənin sözlərinə görə, hadisə baş verəndə qadın sadəcə dayanıb və qapını döyməyə hazırlaşırmış.

Hadisədən sağ çıxan Maurisio Velaskes yerli telekanala bildirib ki, güllə qapının arasından atılıb və sonra qapıda açıq şəkildə güllə dəliyi tapılıb. O deyib: “Əvvəlcə polis çağırmaq lazım idi, qapının arxasından atəş açmaq yox.”

Uaytstaun polisi baş verənləri “çox həssas və mürəkkəb hadisə” adlandıraraq, cəmiyyətə istintaqa müdaxilə etməməyi və gəzən şayiələrə uymamağı tövsiyə edib.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Missuri ştatında da yeniyetmə oğlan yanlış ünvana yaxınlaşdığı üçün güllələnmişdi.

AzPost.az

İndoneziyada Semeru vulkanı püskürdü-

18.11.2025 · 15:35 · Sosial

Vulkanın tüstü və kül sütunu 800 metrə yüksəlib, əhaliyə xəbərdarlıq edilib

İndoneziyanın Şərqi Cava əyalətində Semeru vulkanında yenidən püskürmə qeydə alınıb.

AzPost Voice of Indonesia portalına istinadla xəbər verir ki, vulkandan qalxan kül və tüstü sütunu təxminən 800 metr hündürlüyə çatıb.

Rəsmi məlumatda bildirilir ki, püskürmə yerli vaxtla saat 06:11-də başlanıb. Nəzarət məntəqəsinin açıqlamasına görə, dəniz səviyyəsindən 4476 metr yüksəklikdə yerləşən vulkanın zirvəsi üzərində qatı kül təbəqəsi əmələ gəlib və kül axını bölgənin müxtəlif hissələrində müşahidə olunub.

Mütəxəssislər Semeru vulkanına ikinci təhlükə səviyyəsi verildiyini bildirirlər. Bunun kül kütləsinin ani genişlənməsi və alovlu daş parçalarının qısa müddətdə yaxın ərazilərə yayılması ehtimalı ilə əlaqəli olduğu qeyd olunur.

Səlahiyyətli qurumlar əhaliyə xəbərdarlıq edərək, vulkanın krateri ətrafında təhlükə yarandığını və üç kilometrdən yaxın məsafəyə keçməyin qadağan edildiyini açıqlayıblar. Hazırda bölgədə müşahidə işləri gücləndirilib və mümkün əlavə püskürmələrə qarşı operativ qruplar yüksək hazırlıq vəziyyətində saxlanılır.

AzPost.az

Trampın Ağ Evdə söküntü qərarının səbəbi üzə çıxdı

18.11.2025 · 15:29 · Dünya

ABŞ lideri yeni bədii-tədbir zalı yaratmaq üçün Şərq qanadının sökülməsinə göstəriş verib.

Ağ evdə aparılan genişmiqyaslı tikinti işlərinin səbəbi aydınlaşıb.

AzPost.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Şərq qanadını tamamilə sökdürərək onun yerində böyük tutumlu yeni bədii-tədbir zalı inşa etdirməyi qərara alıb.

1942-ci ildə tikilmiş həmin Şərq qanadı uzun illər birinci xanımın ofisi və müxtəlif inzibati otaqlar üçün istifadə olunurdu. Lakin son məlumatlara əsasən, binadan demək olar ki, heç nə qalmayıb – hətta əsasın özü də sökülüb. Vaşinqton abidəsindən çəkilmiş son görüntülərdə həmin ərazidə böyük qazıntı meydanı və ağır texnikanın işlədiyi sahə açıq görünür.

Yeni zalın təxminən 650 nəfər tutumu olacağı bildirilir. Məkan rəsmi qəbul mərasimləri, dövlət ziyafətləri və geniş tədbirlərin təşkili üçün nəzərdə tutulub. Layihənin Ağ evin tarixi məkanında daha çox insanı eyni anda qəbul etməyə imkan verəcəyi vurğulanır.

Ağ evin rəsmi məlumatında qeyd olunub ki, sökülmüş köhnə tikililər “estetik baxımdan gözəgələn sayılmırdı” və yeni konsepsiya memarlıq baxımından daha səliqəli və təmtəraqlı görünüş yaradacaq.