Südçülük niyə inkişaf edə bilmir? –

18.11.2025 · 13:03 · İqtisadiyyat

Azərbaycanda süd və süd məhsullarına olan tələbat artır. Lakin istehsal sektoru bu artıma uyğun modernləşmə tempini göstərə bilmir.

Rəsmi statistikaya görə, ölkədə ildə təxminən 2,1 milyon ton süd istehsal olunur, amma bu rəqəm real bazar ehtiyaclarını ödəmir. İdxaldan asılılıq hələ də yüksək olaraq qalır. Sektorun əsas problemi struktur və istehsal texnologiyalarının geri qalmasıdır.

İstehsalın 90 faizi xırda təsərrüfatlardadır

Azərbaycan südçülüyünün ən böyük çətinliyi istehsalın xırda ailə təsərrüfatlarında cəmlənməsidir. Bu təsərrüfatların əksəriyyətində məhsuldarlıq aşağı, yemləmə qeyri-professional, baytarlıq xidmətləri isə məhduddur.

Kənd təsərrüfatı eksperti Rövşən Məmmədlinin sözlərinə görə, Azərbaycanın süd sektoru sənaye istehsalından çox, məişət səviyyəsində formalaşmış istehsal modelinə əsaslanır. Nəticədə həm məhsuldarlıq aşağı olur, həm də emal müəssisələri sabit xammal təminatında çətinlik çəkir.

Xırda təsərrüfatlardan toplanan südün böyük hissəsi soyuq zəncir sistemi olmadan bazara daxil olur. Bu isə mikrobioloji riskləri artırır və keyfiyyəti qeyri-sabit edir. Emal müəssisələrinin bəziləri xammalın keyfiyyətsizliyinə görə zavod gücündən tam istifadə edə bilmir.

Süd emalı üzrə mütəxəssis Lalə Qasımova qeyd edir ki, bəzi günlər emal zavodları lazım olan qədər süd tapa bilmir, bəzi günlər isə keyfiyyət o qədər zəif olur ki, qəbul edilmir. Bu səbəbdən emal müəssisələrinin orta güc istifadəsi 40–60 faiz aralığındadır.

Yem bazası necədir?

Son illərdə yem məhsullarının qiymətinin artması süd istehsalçılarının əsas şikayətlərindən biridir. Azərbaycanda yem istehsalı məhduddur, fermerlər idxaldan asılıdırlar. İdxal qiymətlərindəki dəyişkənlik birbaşa südün maya dəyərinə təsir edir. Ekspertlərin fikrincə istehsalçıya verilən subsidiya yem bazasının böhranını həll etmir. Yemin bahalığı fermerin mənfəətini azaldır və heyvan sayının artırılmasını ləngidir.

Südçülük sektorunun inkişafını məhdudlaşdıran amillərdən biri də yerli mal-qaranın məhsuldarlığının aşağı olmasıdır. Azərbaycanda inəklərin böyük hissəsi 1,8–2,5 ton illik süd verir, halbuki dünya standartında 6–8 ton normadır. Bunun səbəbləri cins heyvan çatışmazlığı,süni mayalanma xidmətlərinin qeyri-kafi səviyyəsi, fermer maarifləndirilməsinin zəifliyidir.

Süd və süd məhsulları, xüsusən də pendir və qaymaq üzrə qeyri-rəsmi bazar genişdir. Kəndlərdən şəhərə daşınan südün və ev istehsalı pendirlərin böyük hissəsi vergi və dövlət statistikasından kənarda qalır. Bu səbəblə həm istehsal rəqəmləri, həm də real bazar payları dəqiq müəyyən olunmur. Bu vəziyyət idxal-istehsal balansının doğru təhlilinə mane olur.

Dövlət dəstəyi varmı?

Bu sahədə dövlət öz dəstəyini göstərir. Dövlət son illər südçülük sahəsində bir sıra təşviq mexanizmləri tətbiq edib. Bura cins heyvanların güzəştli kreditlə verilməsi, süni mayalanma xidmətinin subsidiyalaşdırılması, iri südçülük komplekslərinin inşası, soyuq zəncir infrastrukturunun genişləndirilməsi prioritetdir. Lakin hələlik bu proqramlar xırda təsərrüfatların transformasiyasını sürətləndirəcək səviyyəyə çatmayıb.

Azərbaycan süd sektorunun bazar payını artırması və idxaldan asılılığı azaltması üçün üç əsas istiqamət mühüm əhəmiyyət daşıyır.

Burada xırda təsərrüfatların kooperasiya modeli ilə birləşdirilməsi mühüm məsələdir. Fermerlərin kooperativlər vasitəsilə böyük süd emalçılarına bağlı şəkildə işləməsi həm məhsuldarlığı, həm də keyfiyyəti artırar.

Digər məsələ yem istehsalı və yem sənayesinin genişləndirilməsidir. Yem asılılığı aradan qaldırılmadan südün maya dəyəri yüksək qalacaq.

Cins heyvan fondunun yenilənməsi və texnoloji modernləşmə həllini gözləyən əsas məsələlərdəndir. Süni mayalanma, süd sağım avadanlıqları və soyuq zəncir xəttinin geniş tətbiqi vacib şərtdir.

Ölkədə südçülüyün potensialı böyükdür. Amma inkişaf üçün bazar strukturu modernləşdirilməli, xırda təsərrüfatların payı tədricən sənaye modelinə keçməlidir. Mövcud problemlər həll olunsa, Azərbaycan yalnız daxili tələbatı qarşılamayacaq, regionda süd məhsulları ixracatçısına çevrilə bilər.

Sunay AYDIN

AzPost.az

BMT Təhlükəsizlik Şurası Trampın “Qəzza sülh planını” təsdiqləyib

18.11.2025 · 12:20 · Dünya

17 noyabrda BMT Təhlükəsizlik Şurası Donald Trampın Qəzza sülh planını dəstəkləyən qətnaməni təsdiqləyib.

AzPost bildirir ki, 20 maddəlik təşəbbüs kimi tanınan plan keçid idarəetməsinə nəzarət etmək üçün Trampın rəhbərliyi altında müvəqqəti “Sülh Şurası”nın yaradılmasını təklif edir. Eləcə də təhlükəsizliyi təmin etmək, HƏMAS-ı tərksilah etmək, humanitar yardımı əlaqələndirmək və anklavı yenidən qurmaq üçün beynəlxalq hərbi kontingent olan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsini tələb edir.

13 ölkə qətnaməyə səs verib. Rusiya və Çin bitərəf qalıb.

AzPost.az

Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

18.11.2025 · 12:07 · Sosial

İctimai fəal Bəxtiyar Hacıyevin işi üzrə kasasiya şikayətinə baxılıb.

Teleqraf xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, şikayət təmin olunmayıb.

Xatırladaq ki, Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin apellyasiya şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

Bəxtiyar Hacıyevin işi üzrə zərərçəkmiş qismində iki nəfər – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayev tanınıb.

Onlar Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıblar.

AzPost.az

“Baku Electronics”də haqsız rəqabət halları aşkar edilib

18.11.2025 · 12:05 · Sosial

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” MMC barəsində Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə işə baxılmasını yekunlaşdırıb.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, işin predmetini şirkətin fəaliyyətində YOSHIRO əmtəə nişanlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.

İşə baxılmanın nəticəsi olaraq “Baku Electronics”ə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

AzPost.az