Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb

16.12.2025 · 14:03 · Sosial

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb.

APA-nın məlumatına görə, bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb.

Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir.

Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

AzPost.az

580 taksi sürücüsü test imtahanında uğur qazanıb

16.12.2025 · 13:46 · Sosial
Taksi

Dekabrın 16-da Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı təşkil edib.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün 845 namizəd qeydiyyatdan keçib. Onlardan 782-si imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 580 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası dekabrın 17 və 18-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50

AzPost.az

Körpəsi doğulan kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək –

16.12.2025 · 13:19 · Sosial

Uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda işçilərin xahişi ilə bir iş ilində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək ödənişsiz məzuniyyətlər verilir. Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

AzPost.az

Azərbaycanda bu rayonlarda icra başçısı yoxdur

16.12.2025 · 13:04 · Sosial

Hazırda Azərbaycanda bir neçə inzibati ərazidə icra başçısı vəzifəsi boşdur.

AzPost xəbər verir ki, həmin rayon və şəhərlərdə əvvəlki icra başçıları Prezident sərəncamları ilə vəzifədən azad olunub və yeni təyinatlar hələlik həyata keçirilməyib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin son icra başçısı Orxan Çingiz oğlu Mürsəlov olub. O, 2025-ci ilin noyabr ayında vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda Gədəbəy rayonuna yeni icra başçısı təyin olunmayıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin son rəhbəri Vüqar Vahid oğlu Novruzov olub. O da 2025-ci ilin noyabrında vəzifəsindən azad edilib və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan sonra Naftalan şəhərində icra başçısı postu boş qalıb.

Naxçıvan Muxtar Respublikası
Culfa Rayon İcra Hakimiyyətinin son icra başçısı Siyam Çərkəz oğlu Hacıyev olub. O, 31 avqust 2023-cü il tarixində vəzifəsindən azad edilib. Həmin vaxtdan etibarən Culfa rayonuna yeni icra başçısı təyin edilməyib.

AzPost.az