Azərbaycanda internetin sürəti 4 faiz artıb

16.12.2025 · 12:52 · Media

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” noyabr ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 86,15 Mb/s, mobil internetin median sürəti isə 83,37 Mb/s olub.

Oktyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 1,33 MB/s, yaxud 1,57 faiz, mobil internetin sürəti isə 3,43 Mb/s və ya 4,29 faiz yüksəlib.

Qeyd olunan dinamika ölkədə rəqəmsallaşma proseslərinin sürətlənməsi, elektron xidmətlərə tələbatın artması, distant iş və təhsil imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın qlobal internet sürəti reytinqlərində mövqeyinin yaxşılaşdığını göstərir.

AzPost.az

Şeyxülislam BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda çıxış edib

16.12.2025 · 12:45 · Din

Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam edəcək.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda çıxışı zamanı deyib.

O, BMT Sivilizasiyalar Alyansının iki onillik fəaliyyəti ilə özünü bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına töhfə verən mühüm beynəlxalq platforma olaraq təsdiq etdiyini və qurumun sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə nailiyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

A.Paşazadə, həmçinin, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı əks etdirən dəyərli tarixi təcrübəyə, dinlərarası tolerantlıq, məzhəblərarası anlaşma modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

QMİ sədri bildirib ki, Azərbaycanda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesinin tərəfdaşı olan Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığımızın gözəl nəticələridir:

“Azərbaycan bundan əvvəl BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi edib. Ölkəmizin BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı qarşıda nəzərdə tutulan birgə tədbirlərlə davam edəcək”.

Şeyxülislam, eyni zamanda, Azərbaycanın BMT-nin məlum qətnamələri əsasında işğaldan azad etdiyi Qarabağda vandalizmə məruz qalmış dini-mənəvi irsini dirçəltdiyini, ölkənin bütün dinlərə məxsus məbədləri bərpa və yenidən quraraq bu gün bölgədə və dünya müstəvisində sülh gündəliyində fəal iştirakını, insan həmrəyliyinə xidmət edən təşəbbüslərin önündə getməsini qeyd edib.

 

AzPost.az

Sabaha olan hava proqnozu

16.12.2025 · 12:34 · Sosial
Hava

Dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

AzPost.az

Ali Məhkəmədən həbsdə olan Əjdər Olun şikayəti ilə bağlı qərar

16.12.2025 · 12:17 · Kriminal

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərara əsasən şikayət təmin olunmayıb.

Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Əjdər Ol 2023-cü ildə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan şikayəti geri götürüb. /APA/

AzPost.az