Təcavüz olarsa Azərbaycan və Türkiyə bir-birinə hərbi yardım göstərəcək –

16.12.2025 · 12:00 · Baş Yazı

Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 22 iyul 2025-ci il tarixində İstanbul şəhərində Azərbaycan Respublikasının müdafiə naziri və Türkiyə Respublikasının milli müdafiə naziri tərəfindən imzalanıb.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” qanun layihəsini təqdimat edərkən deyib.

Arzu Nağıyev bildirib ki, sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir: “Memorandumun məqsədi hərbi təhlükəsizlik sahəsində qarşılıqlı koordinasiyanın gücləndirilməsi, birgə təlimlərin, hərbi təhsilin və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsidir. Sənəd 8 maddədən ibarətdir.

Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.

Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.

Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.

Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları ( məxfi, tam məxfi, xüsusi əhəmiyyətli) bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.

Tərəflər arasında bu Memorandumun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yaranan fikir ayrılıqları yalnız tərəflər arasında keçiriləcək danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.

Anlaşma Memorandumuna tərəflərin qarşılıqlı yazılı razılığına əsasən istənilən zaman düzəliş və ya əlavələr edilə bilər.

Tərəflərdən hər biri digər tərəfə ləğvetmə niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirərək Memorandumu ləğv edə bilər. Bu halda Memorandum həmin bildirişin alındığı tarixdən 60 gün sonra ləğv edilir.

Anlaşma Memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir”.

 

Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

AzPost.az

“Amnistiya aktı həbsdə olan jurnalistlərə də şamil olunsun” –

16.12.2025 · 11:57 · Media

“Amnistiya aktının həbsdə olan jurnalistlərə də tətbiq edilməsini arzulayıram”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Amnistiya ilə bağlı nə qədər insan sevinəcək: “Bu, çox mühüm bir aktdır və insanların Yeni il qabağı sevincidir. Arzulayıram ki, bu, jurnalistlərə də şamil olunsun. Düzdür, günahları var, cinayətləri var, amma müəyyən cinayətləri bağışlamaq olar. Bir daha həbsdən çıxacaq dustaqları təbrik edirəm. Bir də ora qayıtmasınlar və cinayət törətməsinlər. Prezidentimizə isə eşq olsun, ona uzun ömür arzulayıram”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.

AzPost.az

Qlobal dəyişikliklər fonunda Azərbaycanın “yol xəritəsi” –

16.12.2025 · 11:50 · Müsahibə
Qlobal sistemlərin sarsıldığı, köhnə iqtisadi modellərin öz funksionallığını itirdiyi bir dövrdə Azərbaycan yeni inkişaf mərhələsinin astanasındadır. Regionda hərbi-siyasi reallıqları dəyişən ölkə indi qarşısında daha böyük və strateji bir hədəf qoyur: qələbəni dayanıqlı iqtisadi gücə çevirmək.
Məhz bu kontekstdə beynəlxalq biznes və strateji investisiyalar sahəsində uzun illər fəaliyyət göstərmiş Güləli Bağırovun təqdim etdiyi “NeoOrdo” konsepsiyası diqqət mərkəzinə düşür.
“NeoOrdo” yalnız bir layihə deyil, bu, yeni idarəetmə fəlsəfəsi, yeni iqtisadi nizam və Azərbaycanın qlobal proseslərdə izləyici yox, qərarverici mövqeyə yüksəlməsi iddiasıdır. Dövlət siyasəti ilə uzlaşan, dövlət büdcəsinə yük salmayan və insanı mərkəzə alan bu model minlərlə yeni iş yeri, sosial rifah və uzunmüddətli sabitlik vəd edir.
Jurnalist Xəyal Abdullayevin Güləli Bağırovla apardığı müsahibə “NeoOrdo”nun mahiyyətini, məqsədlərini və ən əsası, bu layihənin adi Azərbaycan vətəndaşının həyatında nəyi dəyişəcəyini aydın şəkildə ortaya qoyur. Bu müsahibə təkcə bir layihənin təqdimatı deyil, Azərbaycanın gələcək inkişaf yoluna dair strateji baxışdır.
 
AzPost  həmin müsahibəni təqdim edir:
– Güləli bəy, müsahibəmizə başlamazdan öncə oxucularımız üçün sizi daha yaxından tanıtmaq istərdik. Güləli Bağırov kimdir, hansı yolun və baxışın təmsilçisidir?
– Mən Güləli Bağırovam. Uzun illərdir beynəlxalq biznes, strateji investisiyalar və böyükmiqyaslı inkişaf layihələri üzərində çalışıram. Fəaliyyətim təkcə kommersiya məqsədi daşımayıb, hər zaman davamlı inkişaf, milli maraqlar və uzunmüddətli dövlətçilik baxışı üzərində qurulub. Müxtəlif ölkələrdə qazandığım təcrübə mənə göstərib ki, müasir dünyada güc təkcə resurslarda deyil, düzgün planlama, strateji düşüncə və zamanında atılan addımlardadır.
Əsas hədəfim Azərbaycanı yalnız regionda deyil, qlobal miqyasda söz sahibi olan, qərar verən və istiqamət göstərən bir dövlətə çevirməkdir. Bizim buna həm tarixi haqqımız, həm də intellektual və iqtisadi potensialımız var. NeoOrdo layihəsi də məhz bu baxışın, bu düşüncə tərzinin və bu uzunmüddətli strategiyanın real və konkret nəticəsidir. Bu layihə ilə məqsədim Azərbaycanın imkanlarını dünya miqyasında sistemli şəkildə ortaya qoymaq və ölkəmizi yeni inkişaf mərhələsinə daşımaqdır.
– “NeoOrdo” layihəsi nədir və Azərbaycan üçün nə vəd edir?
– “NeoOrdo” sadəcə bir tikinti və ya şəhər layihəsi deyil. Bu, yeni iqtisadi model, yeni idarəçilik fəlsəfəsi və yeni dünya baxışıdır. Layihə reallaşdıqdan sonra Azərbaycan maliyyə, texnologiya, logistika və innovasiya sahələrində dünyanın əsas mərkəzlərindən birinə çevriləcək.
– Bu layihənin sosial və iqtisadi təsiri necə olacaq?
– Ən vacib məqam budur ki, “NeoOrdo” layihəsi ilə Azərbaycanda işsizlik problemi minimum səviyyəyə enəcək. Minlərlə yeni iş yeri yaradılacaq, gənclər üçün real perspektivlər açılacaq. Bu layihə xalqın rifahını yüksəltmək üçün nəzərdə tutulub.
– Xalqın bu layihəyə dəstəyi nə üçün önəmlidir?
– Azərbaycan xalqı tarix yazmış xalqdır. 44 günlük Vətən müharibəsində xalqımız təkcə torpaqlarını deyil, dünya tarixinin axarını dəyişdi. İndi isə yeni mərhələdəyik. Müharibə meydanında qazanılan qələbəni iqtisadi və sosial rifah qələbəsinə çevirməyin vaxtıdır. “NeoOrdo” bu keçidin adıdır. Bu layihə xalqla birlikdə qurulacaq və xalqın gələcəyinə xidmət edəcək.
– Turizmə faydası nədir?
– 2024-cü ildə dünya üzrə beynəlxalq turist axını təxminən 1 milyard 400 milyon nəfər təşkil edib. Qlobal turizm statistikası göstərir ki, bu turistlərin azı 20 faizi səyahət marşrutunu seçərkən unikal, simvolik və miqyaslı layihələrə üstünlük verir. Bu amil iri və innovativ turizm layihələri üçün son dərəcə yüksək bazar potensialı yaradır. 36 hektar ərazidə, ABŞ-dəkı Disneyland modelindən daha müasir, texnoloji və çoxfunksiyalı bir turizm-əyləncə kompleksinin yaradılması Azərbaycanın qlobal turizm xəritəsində mövqeyini köklü şəkildə gücləndirə bilər. Belə bir layihə dünya üzrə mövcud turist axınının yalnız məhdud bir hissəsini cəlb etsə belə, ildə təxminən 280 milyon turistin ölkəyə səfər etməsi iqtisadi baxımdan əsaslandırıla bilən ssenari kimi qiymətləndirilə bilər.
Hər bir turistin minimum 1 000 ABŞ dolları həcmində xərcləmə etdiyini nəzərə alsaq, bu rəqəm orta qlobal xərcləmədən aşağı və konservativ hesablamadır, nəticədə Azərbaycan iqtisadiyyatına illik təxminən 280 milyard ABŞ dolları həcmində birbaşa maliyyə axını təmin oluna bilər.
Bu göstərici təkcə turizm gəlirləri ilə məhdudlaşmır. Layihə eyni zamanda:
xidmət sektorunun genişlənməsinə,
minlərlə yeni iş yerinin yaradılmasına,
nəqliyyat və şəhər infrastrukturunun inkişafına,
vergi və qeyri-vergi daxilolmalarının artmasına,
ölkənin beynəlxalq investisiya cəlbediciliyinin yüksəlməsinə xidmət edərək, Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlığını və regional liderlik mövqeyini gücləndirən strateji platformaya çevrilə bilər.
– Layihə dövlət büdcəsinə hər hansısa əlavə öhdəlik yaradacaqmı?
– Xeyr. Layihə elə bir maliyyə modeli əsasında qurulub ki, onun icrası dövlət büdcəsi üçün heç bir əlavə risk və ya yük formalaşdırmır. “NeoOrdo”nun maliyyələşdirilməsi əsasən özəl və beynəlxalq investisiya mexanizmləri üzərindən həyata keçiriləcək. Uzunmüddətli perspektivdə isə bu təşəbbüs iqtisadi fəallığın artmasına, yeni gəlir mənbələrinin formalaşmasına və dolayısı ilə dövlət maliyyə dayanıqlığının güclənməsinə xidmət edəcək.
– Layihə dövlət siyasəti ilə necə uzlaşır?
“NeoOrdo” layihəsi Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına tam uyğundur. Biz bütün fəaliyyətimizi qanunlar çərçivəsində, dövlət maraqlarına uyğun aparırıq. Bütün məmurlar Prezidentin verdiyi rəsmi tapşırıq və göstərişlərə əməl etməyə borcludur.
– Konkret olaraq desək, “NeoOrdo” nədir?
“NeoOrdo” nizam, ədalət və texnologiya üzərində qurulan yeni bir sistemdir. Burada insan mərkəzdədir, şəffaflıq əsas prinsipdir, inkişaf davamlıdır. “NeoOrdo” Azərbaycanı proseslərin izləyicisi yox, oyun qurucusuna çevirən modeldir.
– Sizin “Yeni Dünya Düzəni” ilə bağlı baxışlarınız cəmiyyətdə geniş maraq doğurur. Bu barədə nə deyə bilərsiniz?
– Köhnə dünya düzəni artıq öz funksiyasını itirib. Müharibələr, iqtisadi böhranlar, ədalətsizliklər bunu açıq göstərir. “Yeni Dünya Düzəni” gücə deyil, ağla, ədalətə və əməkdaşlığa söykənməlidir. Mən inanıram ki, Azərbaycan bu yeni düzənin kənarında yox, mərkəzində yer almalıdır. “NeoOrdo” bu baxışın real və praktik ifadəsidir.
– Güləli bəy, insanlar böyük layihələrdən danışılarkən tez-tez belə bir sual verir: “Bu layihə mənim həyatımda nəyi dəyişəcək?” Sizcə, “NeoOrdo” adi Azərbaycan vətəndaşı üçün nə ifadə edir?
– Bu sual çox haqlıdır və mən bunu tam səmimiyyətlə anlayıram. İnsan üçün ən önəmli olan təhlükəsizlik, sabit gəlir və övladlarının gələcəyinə ümiddir. “NeoOrdo” layihəsi məhz bu üç əsas ehtiyaca cavab vermək üçün düşünülüb. Bu layihə adi vətəndaşın həyatına birbaşa toxunacaq: yeni iş yerləri, peşə imkanları, sosial rifah və daha güvənli gələcək deməkdir. İnsan bilməlidir ki, sabah bugünkündən daha yaxşı olacaq. “NeoOrdo” bu inamı yaratmaq üçündür.
– Bəzi vətəndaşlar düşünür ki, böyük layihələr yalnız seçilmiş bir qrup üçün faydalı olur. Bu narahatlığa münasibətiniz necədir?
– Bu düşüncə illər ərzində yaranmış psixoloji yorğunluğun nəticəsidir və mən bunu anlayıram. Amma “NeoOrdo” fərqlidir. Bu layihə qapalı deyil, açıq sistem üzərində qurulub. Burada imkanlar yalnız bir qrup üçün yox, bacaran, çalışan və öyrənmək istəyən hər kəs üçündür. Ədalətli sistem qurulmasa, heç bir layihə uzunömürlü ola bilməz. “NeoOrdo”nun əsasında məhz ictimai ədalət və şəffaflıq dayanır.
– Xalqın sizə inanması üçün əsas səbəb nə olmalıdır?
– İnsan sözə yox, niyyətə və əmələ inanır. Mən xalqdan kor-koranə etimad istəmirəm. Mən deyirəm: izləyin, sual verin, tənqid edin. Çünki gizlədiləcək heç nə yoxdur. “NeoOrdo” xalqın gözü önündə, dövlətin nəzarəti altında və qanun çərçivəsində həyata keçiriləcək. Bu səmimiyyət və açıq münasibət inamın əsasını təşkil edir.
– Son olaraq Azərbaycan xalqına nə demək istərdiniz?
– Mən Azərbaycan xalqına güvənirəm. 44 gündə göstərilən birlik ruhu indi iqtisadi dirçəlişə yönəlməlidir. “NeoOrdo” bu xalqın gücü, ağlı və iradəsi ilə həyata keçəcək layihədir. Məqsədimiz güclü dövlət, güclü iqtisadiyyat və firavan cəmiyyət qurmaqdır. Bu layihə təkcə bu günün deyil, gələcək nəsillərin də qələbəsi olacaq.
“NeoOrdo” layihəsi Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, ölkəni “Yeni Dünya İqtisadi Nizamı”nın əsas mərkəzlərindən birinə çevirməyi hədəfləyir.
– Bir lider kimi sizi xalqdan ayırmayan əsas xüsusiyyət nədir?
– Mən özümü xalqdan ayrı görmürəm. Mən də bu torpağın övladıyam. Mənim də ailəm, övladlarım, gələcəklə bağlı narahatlıqlarım var. Xalqın hiss etdiyini hiss etməyən insan xalq üçün iş görə bilməz. Ona görə də qərarlar kağız üzərində yox, insanların real həyatına baxaraq verilməlidir. “NeoOrdo” da masa arxasında deyil, həyatın içində formalaşıb.
– Müsahibənin yekununda xalqa nə mesaj verməyinizi istərsiniz?
– Azərbaycan xalqı ağır günlərdən keçib, amma heç vaxt ümidini itirməyib. 44 günlük Vətən müharibəsində göstərilən birlik ruhu sübut etdi ki, bu xalqın gücü tükənməzdir. İndi isə həmin gücü rifaha, inkişaf və sabitliyə çevirməyin zamanıdır. “NeoOrdo” bir nəfərin yox, bütün xalqın layihəsidir. Bu yol birlik yoludur. Mən bu xalqa güvənirəm və inanıram ki, birlikdə daha güclü gələcək quracağıq.

AzPost.az

Sosial şəbəkədə “xəstə uşaq” adı ilə 200 min manat yığan dələduz həbs edilib –

16.12.2025 · 11:22 · Kriminal

Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, son dövrlər sosial şəbəkələrdə “körpələrə yardım”, “fiziki qüsurlu uşaqlara ianə”, “təcili əməliyyat üçün pul lazımdır” kimi çağırışlara rast gəlinir: “Amma təəssüflə qeyd olunmalıdır ki, əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.

Bu cür hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir. Kiberpolisin növbəti tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini “Instagram” sosial şəbəkəsində yaratdığı “Zəhra balama yardım”, “Körpə balama dəstək”, “Əli üçün yardım”, “Yusif serebral iflic” və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib.

R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200.000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib”.

Bildirilib ki, R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

“Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin, sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq”, DİN-in məlumatında deyilir.

 

AzPost.az