Media nümayəndələri “Qəbələ Konserv Zavodu” ilə tanış olub

13.01.2025 · 10:55 · Gündəm

Ötən ayın sonları kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Qəbələ Konserv Zavoduna media tur təşkil edilib.

Tur çərçivəsində Qəbələ Konserv Zavodu MMC-nin əməkdaşı təmsil etdiyi qurum barədə media nümayəndələrinə məlumat verib. Belə ki, o qonaqlara “Natura” brendinin istehsalçısı olan Qəbələ Konserv Zavodunun müasir Avropa texnologiyaları ilə təchiz edildiyini bildirib.

Bununla yanaşı, qonaqlar zavodun iş prosesi ilə tanış olublar. Onlara “Natura” şirələrinin istehsal mərhələləri əyani şəkildə göstərilib.

Qəbələ Konserv Zavodu MMC-nin direktor müavini Rahib Kərimov bildirib ki, şirkət öz istehsal prosesini geniş auditoriyaya təqdim etməkdən məmnunluq duyur: “Qəbələdə istehsal etdiyimiz məhsulların keyfiyyəti və qida təhlükəsizliyi bizim üçün ən önəmli prioritetdir. Biz hər istehsal mərhələsində müasir texnologiyalardan istifadə edərək məhsullarımızın ən yüksək standartlara uyğun olmasını təmin edirik. Yerli bazarda və beynəlxalq arenada keyfiyyətli, həmçinin etibarlı məhsullar təqdim etmək əsas məqsədimizdir”.

Qeyd edək ki, müəssisə Padovan (İtaliya), Sidel (Fransa) və Tetra Pak (İsveç) kimi müasir texnologiyalar ilə təchiz edilib. Belə ki, şirkət həm müştəri tələbləri, həm də dövlətin və beynəlxalq təşkilatların müəyyən etdiyi qaydalara əsasən texnoloji avadanlıqlarını ekoloji tələblərə uyğun şəkildə hazırlayıb. Missiya istehsal və istehlak sahələrində təbii resursların qorunması, ətraf mühitin sağlamlığı və dayanıqlı inkişafın təmin edilməsidir.

Həmçinin zavodda “çirkab su arıtma sistemi” də mövcuddur. Çirkab suların arıtılma və təmizlənməsi, ekoloji baxımdan təhlükəsiz hala gətirilməsi prosesi fiziki, kimyəvi və bioloji arıtma olmaqla üç mərhələdən ibarətdir.

Azərbaycanda ilk dəfə icra edilən NBBR bioloji arıtma texnologiyası da elə məhz Qəbələ Konserv Zavodunda mövcuddur. NBBR texnologiyasının üstünlüyü kiçik həcmli bakteriya hovuzlarında daha effektiv nəticə almaqdır. Belə ki, bu texnologiya çirkab suları arıtmaq, təbii su ehtiyatlarını mühafizə etmək, ekosistemə zərər verməmək, insan sağlamlığını qorumaq və suyun təkrar istifadəsini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, qabaqcıl Avropa texnologiyaları ilə təchiz edilən zavodun illik meyvə şirəsi və konsentratı, sərinləşdirici içkilərinin istehsalat gücü 320 min tondur. Şirkətdə, yerli sakinlərlə yanaşı, Bakı və ətraf rayonlardan cəlb olunan peşəkar mütəxəssislər də çalışır. Müəssisə regionun ən irimiqyaslı meyvə şirəsi və sərinləşdirici içkilər istehsal edən zavodu olmaqla Qəbələ rayonunda işsizliyin aradan qaldırılmasına böyük töhfə verir.

Qeyd edək ki, Qəbələ Konserv Zavodunun istehsalı olan “Natura” brendi 2011-ci ilin martında bazara təqdim olunub. Təbii tərkibli bu meyvə şirəsi və nektarları qatılaşdırılmış meyvə şirəsi və püresindən hazırlanaraq alma, multimeyvə, ananas, albalı, nar, portağal, şaftalı, ərik, qarağat və tomat kimi 10 fərqli dadda istehlakçılarına təqdim edilir.

Səfərin sonunda Rahib Kərimov jurnalistlərin suallarını cavablandırıb. Zavoddan xoş təəssüratla ayrılan media nümayəndələri zavod əməkdaşları ilə birgə xatirə fotosu çəkdiriblər.

Alimlər piylənmə əleyhinə vaksin yaratdılar –

13.01.2025 · 10:38 · Araşdırma

Alimlər piylənməyə qarşı peyvənd yaradıblar. Bu iynədən sonra kökəlmə riski olmadan hər şeyi yeyə bilərsiniz.

Azpost Daily Mail–ə istinadən bildirir ki, bu preparat orqanizmi piylərin yığılmasından “qoruyan” “Mycobacterium vaccae” bakteriyasına əsaslanır.

Peyvənd artıq siçanlar üzərində uğurla sınaqdan keçirilib. Təcrübələr göstərib ki, pəhrizdə şəkər və karbohidratlar yüksək olduqda, subyektlərin çəkisi artmır və həmçinin visseral yağda da azalma olur.

Növbəti sınaqların insanlar üzərində aparılması planlaşdırılır.

Bilgəhdə dəniz sahilində 2 suiti və 15 quş cəsədi tapıldı –

13.01.2025 · 10:11 · Sosial

Bilgəhdə dəniz sahilində 2 suiti və 15 quş csədi tapılıb. 

Azpost bildirir ki, bu barədə “Ekofront” təşkilatı məlumat yayıb.

“Bizə daxil olan məlumata görə Bilgəhdə ictimai çimərliklərdən birində (Diki plaj adlanan yer, koordinatlar: 40°35’17.5″N 50°01’58.2″E) 2 suiti və 15 dən çox quş cəsədi aşkarlanıb. Məsələnin epidomoloji riskləri nəzərə alınaraq aidiyyəti qurumlar üzrə araşdırılması vacibdir”-deyə məlumatda bildirilir.

 

Kimlərə ayda 400 manat ödəniləcək? –

13.01.2025 · 10:05 · Sosial
Pensiya
Baş nazir məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiq edib. Bu qaydalar Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərə əsasən hazırlanıb. Nazirlər Kabinetinin son qərarlarından sonra artıq bu sahədə bütün qaydalar qüvvəyə minib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti 3 aya yaxın müddətdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək.
Yeni qaydalar iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 400 manat vəsait almasına imkan verəcək. Gələcəkdə minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək.
Yeni məşğulluq aləti özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.
Yeni mexanizm eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Xüsusən də əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır.
Bütövlükdə, yeni mexanizm ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Vüqar Bayramov
Milli Məclisin deputatı