İlham Mirzəyevin vəziyyəti ağırdır

07.09.2026 · 15:14 · Sosial

Teleaparıcı İlham Mirzəyevin hazırkı səhhət vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.

Qeyd olunub ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya yerləşdirilib.

Onun üzərində angioplastika əməliyyatı aparılıb və stent implantasiya edilib. Hazırda teleaparıcının müalicəsi kardioreanimasiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, İlham Mirzəyev bundan əvvəl sosial şəbəkə hesabında paylaşım edərək yaxınları və izləyiciləri ilə halallaşmış, onun üçün dua etmələrini xahiş etmişdi.

AzPost.az

Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi davam edir

07.09.2026 · 15:10 · Sosial

Azad edilmiş ərazilərdə yeni xəstəxanaların layihələndirilməsi ilə bağlı işlər davam edir.

Bunu Səhiyyə Nazirliyinin rəsmisi Cabir Muradov “Bakı İqlim Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, işlər Böyük Qayıdış Dövlət Proqramına uyğun şəkildə nazirlik tərəfindən həyata keçirilir.

Cabir Muradov xəstəxanaların layihələndirilməsi zamanı enerji səmərəliliyi ilə bağlı tələblərin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, layihələr hazırlanarkən yalnız Azərbaycan qanunvericiliyinin deyil, Ümumdünya Səhiyyə Təşkilatının standartlarının da tələbləri nəzərə alınır.

Nazirlik rəsmisi enerji effektivliyi pasportunun tətbiq müddəti, layihələrdə istifadə ediləcək izolyasiya materiallarına dair standartlar və bu tələblərin maliyyə baxımından mümkünlüyü ilə bağlı məsələlərin onlar üçün maraq doğurduğunu bildirib.

Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov isə qeyd edib ki, binalar üçün enerji effektivliyi pasportu tələbi 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Onun sözlərinə görə, hazırda binaların tikintisində tətbiq olunan norma və standartlar gələcəkdə də əsas götürüləcək. Standartlar yeniləndiyi halda isə müvafiq tələblər də dəyişə bilər.

AzPost.az

Azərbaycanda pul bazası 24 milyard manatı keçdi

07.09.2026 · 14:53 · İqtisadiyyat

Azərbaycanda pul bazasının həcmi avqustun 31-nə 24,2 milyard manat təşkil edib.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib.

Məlumata görə, ilin əvvəlindən ölkədə pul bazası 1,8 milyard manat və ya 7,9 faiz artıb.

Avqust ayında da pul bazasında artım qeydə alınıb. Ay ərzində göstərici 296 milyon manat və ya 1,2 faiz yüksəlib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə pul bazası 3,1 milyard manat, yaxud 14,8 faiz artıb.

AzPost.az

“QHT işi”ndə hökm: Əhməd Məmmədzadə sərbəst qaldı

07.09.2026 · 14:42 · Kriminal
Məhkəmə

“QHT işi” üzrə təqsirləndirilən Əhməd Məmmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən son iclasda iş üzrə hökm elan olunub.

Məhkəmənin qərarı ilə Əhməd Məmmədzadəyə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin təyin olunan cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Buna görə də o, məhkəmə zalından sərbəst buraxılıb.

Əhməd Məmmədzadəyə Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı maddələri üzrə yekun ittiham irəli sürülüb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərin fəaliyyəti ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb. Araşdırma çərçivəsində yerli və xarici qeyri-hökumət təşkilatlarının, onların rəhbərlərinin, filial və nümayəndəliklərinin fəaliyyətində mümkün qanun pozuntuları araşdırılır.

İş üzrə bir sıra QHT rəhbərləri və nümayəndələri də təqsirləndirilən şəxslər qismində cəlb olunublar. Onların arasında “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), “Benefisiar: Hüquqi Yardım Mərkəzi” və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, həmçinin Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli də var.

Məmməd Alpay və Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli isə istintaqdan yayındığı üçün axtarışa verilib.

Bundan başqa, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da həmin cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qərarı çıxarılıb. ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilib.

Cinayət işi çərçivəsində Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi və hüquq müdafiəçisi Zamin Zəki, həmçinin Əhməd Abbas oğlu Məmmədzadə də həbs edilən şəxslər arasında olub.

AzPost.az