Səudiyyə Ərəbistanı ilk dəfə öz avtomobillərini təqdim etdi –

23.09.2026 · 10:08 · Dünya

Səudiyyə Ərəbistanından 1100 at gücündə elektrikli avtomobil – 2,1 saniyəyə 100 km/saat

Səudiyyə Ərəbistanının avtomobil şirkəti Ceer ilk iki modelini – elektrik sedan və qeyri-adi bucaqlı dizayna malik Exobot krossoverini təqdim edib.

Autocar yazır ki, avtomobillər “qağayı qanadı” tipli qapıları və 1100 at gücündən artıq gücə malik elektrik ötürücü sistemi ilə diqqət çəkir.

Şirkət avtomobillərin seriya istehsalına 2027-ci ilin yanvarında, ilk müştəri tədarüklərinə isə mart ayında başlamağı planlaşdırır.

Ceer 2022-ci ildə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) və Tayvanın Foxconn şirkətinin birgə müəssisəsi kimi yaradılıb. Şirkət ölkə iqtisadiyyatını şaxələndirməyə və neft sektorundan asılılığı azaltmağa yönəlmiş Vision 2030 proqramının bir hissəsidir.

Avtomobillər səhrada sınaqdan keçəcək

Ceer avtomobillərinin istehsalı Səudiyyə Ərəbistanının qərb sahilində yerləşən Kral Abdullah İqtisadi İnkişaf şəhərində həyata keçiriləcək.

Amerikanın elektrikli avtomobil istehsalçısı Lucid də PIF-ə məxsusdur və həmin ərazidə öz zavodunu tikir.

Ceer-in ilk modelləri böyük E-seqmentinə aid sedan və Exobot SUV olacaq.

Hər iki avtomobil paz formasında kuzaya, böyük şüşə tavana və 32 elementdən ibarət işıq zolaqlarına sahibdir. Bu dizayn detalı 1932-ci ildə Səudiyyə Ərəbistanının birləşdirilməsinə istinaddır.

Avtomobillərdə kuzovun mərkəzi dayaqları yoxdur. Böyük qapılar isə yuxarı doğru açılır.

Ceer şirkətinin rəhbəri Ceyms DeLuka bildirib ki, bu qeyri-adi dizayn şirkət rəhbərliyinin konstruktorlardan mövcud avtomobillərdən prinsipial şəkildə fərqlənən model yaratmağı tələb etməsindən sonra ortaya çıxıb.

1100 at gücü və 2,1 saniyə

Avtomobillərin salonunda mərkəzi sensor ekranla yanaşı, fiziki düymələr də saxlanılıb.

Digər texnologiyalar arasında “by-wire” sükan sistemi, ənənəvi dinamikləri əvəz edən xüsusi vibrasiya yayıcıları və salonun soyutma sistemi var.

Ön şüşənin üzərinə günəş istiliyini əks etdirən xüsusi gümüşü örtük çəkiləcək.

Exobot krossoveri səhrada istifadə nəzərə alınaraq hazırlanır və ciddi yolsuzluq imkanlarına malik olacaq.

Modelin ən güclü versiyaları 1100 at gücündən çox güc hasil edəcək. Avtomobilin 0-dan 100 km/saata təxminən 2,1 saniyəyə sürətlənəcəyi bildirilir.

Avtomobildə sürətli start üçün idarəetmə sistemi və idarəolunan sürüşmə rejimi də nəzərdə tutulub.

BMW və Hyundai də layihədə iştirak edir

Ceer avtomobillərin hazırlanması zamanı bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.

Foxconn avtomobil platformasını və elektrik arxitekturasını hazırlayır. BMW texnoloji əməkdaşlıqda iştirak edir. Xorvatiyanın Rimac şirkəti arxa elektrik mühərrikini, Hyundai Transys isə ön mühərrikləri təchiz edəcək.

İlk avtomobillər Səudiyyə Ərəbistanında və digər Körfəz ölkələrində satılacaq.

Şirkət gələcəkdə model çeşidini daha beş avtomobillə genişləndirməyi planlaşdırır.

2027-ci ildə D-seqmentinə aid sedan, krossover və kupe-krossover modellərinin, 2028-ci ildə isə daha kompakt avtomobillərin təqdim edilməsi nəzərdə tutulur.

Sunay Aydın

AzPost.az

Alimlər sınıq sümükləri birləşdirən yapışqan hazırladı

23.09.2026 · 10:00 · Maraqlı

Alimlər on ildən artıqdır ki, sınıq sümükləri birləşdirə bilən və zamanla yeni sümük toxumasına çevrilən xüsusi yapışqan üzərində çalışırlar.

Azpost.info -nun məlumatına görə, Medical Xpress yazır ki, yeni hazırlanmış sümük yapışqanı ilk dəfə insan üzərində tətbiq edilib. Avqustun əvvəlində İngiltərədə diz nahiyəsində aparılan əməliyyat zamanı materialdan istifadə olunub.

Pasiyent oynaqların yaxınlığında baş verən sınıqlarda materialın effektivliyini qiymətləndirəcək klinik tədqiqatın ilk iştirakçısı olub.

10 ildən artıq davam edən araşdırma

İşlənməyə on ildən artıq əvvəl Uppsala Universitetinin alimləri Hokan Enqkvist və Filip Prokter tərəfindən başlanılıb. Hazırda materialın hazırlanması ilə İrlandiyanın Biomimetic Innovations Ltd. şirkəti məşğul olur.

Materialın ilkin versiyası Enqkvist, Prokter və Cerard İnsli tərəfindən Uppsala Universitetinin Ångström laboratoriyasında hazırlanıb.

“İşin necə irəlilədiyini və nəhayət real məhsulun klinik sınaq mərhələsinə çatdığını görmək çox maraqlıdır”, – materialşünaslıq üzrə professor Hokan Enqkvist bildirib.

Alimlər sümük parçalarını etibarlı şəkildə birləşdirə biləcək yapışqanın tərkibini uzun müddət araşdırıblar.

İlk sınaqlar kəsim məntəqəsindən əldə edilən inək sümükləri üzərində aparılıb. Birləşmənin möhkəmliyini nümayiş etdirmək üçün tədqiqatçılar sümükləri bir-birinə yapışdırıb, onları alma ağacından asıb və üzərlərinə su ilə dolu vedrələr yerləşdiriblər.

Enqkvist bildirib ki, laboratoriyada materialın kimyəvi tərkibi üzərində iş aparılıb və müxtəlif sınaqlar keçirilib. Nəticələr sümük parçalarının bir-birinə kifayət qədər möhkəm birləşdirilə bildiyini göstərib.

Yapışqan sümük toxumasına çevrilir

Yeni material kalsium fosfat və fosfoserinin su ilə qarışığından ibarətdir. Əldə olunan kütlə yapışqan konsistensiyaya malikdir, sürətlə bərkiyir və çox möhkəm birləşmə yaradır.

Materialın əsas xüsusiyyətlərindən biri isə onun insan orqanizmində əbədi qalmamasıdır.

Kalsium fosfat təbii olaraq sümük toxumasında mövcuddur. Fosfoserin isə orqanizmin özü tərəfindən hazırlanan molekuldur.

Zaman keçdikcə yapışqan parçalanır və onun yerini yeni sümük toxuması tutur.

Heyvanlar üzərində sınaqlar uğurlu olub

Uppsala Universitetində kiçik heyvanlar üzərində aparılan sınaqlar materialın effektivliyini təsdiqləyib. Bundan sonra Biomimetic Innovations daha geniş tədqiqatlara başlayıb.

Hazırda şirkət Lids Universitetinin klinik xəstəxanası ilə birlikdə materialın insanlar üzərində təsirini araşdırır.

İlk klinik tədqiqat oynaqların yaxınlığında baş verən sınıqlara həsr olunub.

Belə sınıqlar zamanı oynağa yaxın sümük hissəsi yalnız çatlamır, həm də əzilir. Nəticədə sümükdə boşluq yaranır və zədələnmiş hissənin bərpası üçün həmin boşluğun doldurulması tələb olunur.

Biomimetic Innovations şirkətinin təsisçisi, Uppsala Universitetinin materialşünaslıq və mühəndislik kafedrasının professoru Filip Prokter yeni mərhələni mühüm addım adlandırıb.

“Biomateriallar üzrə mütəxəssislər üçün işləmənin laboratoriyadan çıxarılması və nəhayət real şəraitdə işləyib-işləmədiyinin yoxlanılması bir arzudur”, – Prokter deyib.

Onun sözlərinə görə, indi cərrahlar materialın praktik istifadəyə nə dərəcədə yararlı olduğunu və onun daha da təkmilləşdirilməsinə ehtiyac olub-olmadığını qiymətləndirə biləcəklər.

 

AzPost.az

“İranı bombalamaqla hakimiyyəti dəyişmək mümkün deyil” –

23.09.2026 · 09:51 · Dünya

Fransa Prezidenti Emmanuel Makron İranda hakimiyyət dəyişikliyinin ölkənin bombalanması yolu ilə həyata keçirilə bilməyəcəyini bildirib.

Makron bu barədə ABŞ-ın ABC News telekanalına müsahibəsində danışıb. O, İranın bombalanmasının hakimiyyət dəyişikliyinə gətirib çıxaracağına inanmadığını deyib.

“Bir ölkəni bombalamaqla hakimiyyət dəyişikliyinin həyata keçirilməsini mümkün hesab etmirəm. Mənim üçün bu, yaxşı variant deyil, çünki işləmir. Son onilliklərdə biz bu səhvi bir neçə dəfə etmişik”, – Makron bildirib.

Fransa lideri eyni zamanda İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının hamı üçün “çox vacib” olduğunu vurğulayıb.

Makron müsahibəsində İran müharibəsi fonunda Hörmüz boğazındakı vəziyyətə də toxunub. O bildirib ki, boğazın açılması və enerji böhranının aradan qaldırılması ABŞ və Fransa arasında müzakirələrin əsas mövzularından biridir. Makron vəziyyətin əvvəlcə lazımi səviyyədə qiymətləndirilmədiyini deyib və Hörmüzdən keçidin təmin edilməsi üçün Fransanın daha fəal rol oynamağa hazır olduğunu açıqlayıb.

Makron həmçinin ABŞ-ın İranla bağlı hərbi qərarını tənqid edərək Fransanın müharibəyə qoşulmamaq qərarını müdafiə edib. Onun sözlərinə görə, hərbi əməliyyata başlamazdan əvvəl müttəfiqlərlə strategiyanın müzakirə edilməsi vacibdir.

Makronun açıqlaması İranla bağlı hərbi və diplomatik müzakirələrin intensivləşdiyi bir vaxtda səslənib. Eyni zamanda ABŞ nümayəndələri ilə İran tərəfi arasında BMT Baş Assambleyası çərçivəsində dolayı danışıqların aparıldığı barədə məlumatlar yayılıb.

AzPost.az

Evdə hazırlanan qidalara sertifikat tələb olunacaq? –

23.09.2026 · 09:39 · Sosial

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsullarına hazırda sertifikat tələbi yoxdur və sertifikatı olmayan şəxslərin cəzalandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”na əsasən, ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi ilə bağlı tənzimləmə tədbirlərinin 2028-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.

“Lakin təkrar edirəm ki, hansısa sertifikat tələbi qoyulmayıb. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur”, – AQTA rəsmisi vurğulayıb.

Məişət zəhərlənmələrinin 57 faizi ev şəraitində baş verib

AQTA bildirir ki, insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida zəhərlənmələrinin minimuma endirilməsi məqsədilə kompleks tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir.

Aparılan təhlillərə əsasən, 2024–2025-ci illər və 2026-cı ilin ilk 8 ayı ərzində Azərbaycanda təsdiqlənmiş 241 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Bu hadisələrin 137-si məişət zəminində baş verib. Bu isə ümumi qida zəhərlənməsi hallarının 57 faizini təşkil edir.

AQTA-nın məlumatına görə, məişət zəminində baş verən həmin hadisələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub.

Agentlik hesab edir ki, mənşəyi və izlənilməsi mümkün olmayan bu cür məhsullardan baş verən zəhərlənmələrin qarşısının alınması üçün onların bazara yerləşdirilməsi ilə bağlı tənzimləmə mexanizminə ehtiyac var.

Ev məhsullarının bazara çıxarılması üçün yeni mexanizm hazırlanacaq

Azərbaycan Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub.

Proqram üzrə bu istiqamətdə tədbirlərin icra müddəti 2028–2032-ci illəri əhatə edir.

Bu çərçivədə ev şəraitində hazırlanan məhsulların bazara yerləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır.

AQTA-nın açıqlamasına görə, məqsəd bir tərəfdən ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışını təmin etməklə bu sahədə fəaliyyət göstərən şəxslər üçün biznes imkanları yaratmaq, digər tərəfdən isə istehlakçıları mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorumaqdır.

AQTA xüsusi olaraq bildirir ki, ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi və cərimələrin tətbiq ediləcəyi barədə yayılan məlumatlar yanlışdır.

AzPost.az