Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb

01.10.2026 · 17:20 · Sosial

Ermənistanın Sünik bölgəsində Azərbaycan hərbçisinin Ermənistan vətəndaşını güllə ilə yaraladığı və saxlanıldığı bildirilib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan hərbi hissələrindən birinin hərbçisinin xidmət yerini naməlum şəraitdə tərk etməsi barədə məlumat verib.

Məlumata görə, həmin şəxsin Ermənistan ərazisinə qanunsuz keçməsi ehtimalı ilə Azərbaycan və Ermənistanın aidiyyəti qurumları əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Ermənistanın Daxili İşlər Nazirliyinin 112 Əməliyyat Mərkəzinə oktyabrın 1-də saat 14:15-də Sünik rayonunun Şəki kəndində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə məlumat daxil olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib və araşdırma aparılıb. Ermənistan MTX-nin məlumatına görə, hadisəni Azərbaycan hərbçisi törədib və o, saxlanılıb.

Bəyanatda hadisə ilə bağlı məlumatların Azərbaycan tərəfinə təqdim edildiyi, Ermənistan İstintaq Komitəsinin isə cinayət işi başlatdığı qeyd olunub.

AzPost.az

Bakı–Tbilisi qatarına əlavə reyslər təyin edilib

01.10.2026 · 17:10 · Sosial

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

ADY-dən  verilən məlumata görə, 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.

Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir.

Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.

Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56.80 AZN-dir.

Əlavə reyslərə bilet satışına oktyabrın 2-dən başlanılacaq.

Əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim ediləcək. Bununla da sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər.

 

Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:00-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.

Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışı prosesinin daha da təkmilləşdirilməsi, eləcə də mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra yeniliklər edilib. Belə ki, ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər şəxsi kabinet məlumatlarını MyGov ID-dən istifadə etməklə verifikasiya etməlidirlər. Bu addım sərnişinlərin maraqlarının qorunmasına və onlayn bilet alışının daha etibarlı təşkilinə xidmət edir. Şəxsi kabinet sahibləri müvafiq bölməyə FİN kodu daxil etdikdən sonra bütün zəruri məlumatlar əks olunacaq. Bilet alışı üçün şəxsi kabinetin verifikasiyası mütləq tamamlanmalıdır.

Xarici ölkə vətəndaşları isə vətəndaşı olduğu ölkənin adını və həmin ölkəyə aid telefon nömrəsini müvafiq bölməyə daxil etməlidirlər. Telefon nömrəsi SMS vasitəsilə göndərilən OTP kodu ilə təsdiqləndikdən sonra şəxsi məlumatları dəyişdirmək olar. Bundan əvvəl qeydiyyatdan keçmiş istifadəçilər də bilet almaq üçün telefon nömrəsini OTP vasitəsilə təsdiqlətməlidirlər.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub.

ADY beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.

AzPost.az

Avropada ömür artımı dayanıb –

01.10.2026 · 15:51 · Sosial
Qoca

2011-ci ildən etibarən Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə yavaşlayıb. Şərqi İngiltərə Universitetinin apardığı araşdırmaya görə, bu vəziyyətin əsas səbəbləri arasında düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, piylənmə və COVID-19 pandemiyasının nəticələri göstərilir.

Bu barədə “Earth.com” yazır.

Alimlər səhiyyə sahəsində əldə olunan mühüm nailiyyətlərə baxmayaraq, bir çox insanın daha erkən ölüm riski ilə üzləşməsindən narahatdırlar.

UEA-nın Norviç Tibb Məktəbinin professoru Nik Stil bildirib ki, XX əsrdə tibbi və səhiyyə sahəsindəki nailiyyətlər sayəsində Avropada ömür uzunluğu ildən-ilə artıb, lakin hazırda bu proses dayanıb.

Ürək-damar xəstəlikləri əsas amillərdən biridir

1990–2011-ci illər arasında Avropada ürək-damar xəstəliklərindən ölüm hallarının davamlı azalması orta ömür uzunluğunun artmasına şərait yaradıb.

Lakin 2011–2019-cu illərdə bu irəliləyişin tempi zəifləyib. Bunun səbəblərindən biri piylənmə, yüksək qan təzyiqi və yüksək xolesterin kimi risk faktorlarının Avropa ölkələrinin əksəriyyətində artması və ya əvvəlki kimi yaxşılaşmaması olub.

Nik Stilə görə, 2011–2019-cu illərdə ömür uzunluğunun artımının yavaşlamasında əsas rol ürək-damar xəstəliklərindən ölüm hallarının dinamikasına məxsus olub. 2019–2021-ci illərdə isə COVID-19 pandemiyası ömür uzunluğunun azalmasına ciddi təsir göstərib.

Araşdırmalar göstərib ki, yüksək qan təzyiqi və xolesterinin müalicəsində əldə edilən irəliləyişlər sağlam olmayan həyat tərzinin yaratdığı mənfi təsirləri kompensasiya etməyib.

19 Avropa ölkəsi araşdırılıb

Tədqiqat çərçivəsində 19 Avropa ölkəsinin göstəriciləri araşdırılıb.

2011-ci ildən sonra gözlənilən ömür uzunluğunun artım tempinin ən çox zəiflədiyi ölkə İngiltərə olub. Oxşar tendensiya Böyük Britaniyanın digər bölgələrində də müşahidə edilib.

Norveç, İslandiya, İsveç, Danimarka və Belçikada isə nəticələr daha müsbət olub.

Alimlər hesab edirlər ki, uzunmüddətli perspektivdə əhalinin sağlamlığını yaxşılaşdırmaq üçün piylənmə, düzgün olmayan qidalanma və fiziki aktivliyin aşağı olması kimi əsas risk faktorlarına qarşı dövlət siyasəti gücləndirilməlidir.

Uzunömürlülük üçün hələ imkan var

Tədqiqatın nəticələri eyni zamanda göstərir ki, insanların ömrünün daha da uzadılması hələ mümkündür.

Professor Nik Stil qeyd edib ki, bir sıra ölkələrdə yaşlı insanların gözlənilən ömür uzunluğu artmaqda davam edir. Bu isə insanların uzunömürlülük potensialının hələ tam həddinə çatmadığını göstərir.

Alimlərin fikrincə, gənc insanlar arasında vaxtından əvvəl ölüm hallarının qarşısını almaq üçün ictimai səhiyyə tədbirlərinin gücləndirilməsi vacibdir. Buraya daha sağlam qidalanmanın təşviqi, fiziki aktivliyin artırılması və piylənmə ilə mübarizə daxildir.

Əks halda Avropanın yeni nəsillərinin əvvəlki nəsillərdən daha qısa ömür sürməsi riski yarana bilər.

AzPost.az

Azərbaycan qazı Yunanıstana axını artırır

01.10.2026 · 15:07 · İqtisadiyyat

Azərbaycanla Yunanıstan arasında enerji əməkdaşlığı yeni mərhələyə keçir. İki ölkə arasında qaz, yaşıl enerji, elektrik infrastrukturu və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi gündəmdədir.

Azpost.info bildirir ki, Afinada energetika naziri Pərviz Şahbazov və Yunanıstanın xarici işlər nazirinin müavini Theoharis Theoharisin həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası keçirilib.

İclasda enerji əməkdaşlığı əsas istiqamətlərdən biri olub.

Yunanıstan 8 ayda 700 milyon kubmetr Azərbaycan qazı alıb

Rəsmi açıqlamaya görə, Azərbaycan 2025-ci ildə Yunanıstana 1,1 milyard kubmetr təbii qaz ixrac edib. 2026-cı ilin ilk 8 ayında isə Yunanıstana təxminən 700 milyon kubmetr Azərbaycan qazı çatdırılıb. Bu rəqəm göstərir ki, Azərbaycan qazı Yunanıstanın enerji təminatında mühüm mənbələrdən birinə çevrilməkdə davam edir. Eyni zamanda, ilin qalan aylarında ixracın ümumi həcminin 2025-ci ilin göstəricisi ilə müqayisə olunacaq səviyyəyə çatıb-çatmayacağı da diqqət çəkir.

Azərbaycan qazının Yunanıstana nəqlində Cənub Qaz Dəhlizi və onun Avropaya çıxışını təmin edən Trans-Adriatik Boru Kəməri (TAP) mühüm rol oynayır.

TAP-dan Yunanıstana 6 milyard kubmetr qaz

Energetika Nazirliyinin məlumatına əsasən, TAP-ın istismara verilməsindən indiyədək Yunanıstana ümumilikdə 6 milyard kubmetr Azərbaycan qazı çatdırılıb. Daha böyük mənzərədə isə Azərbaycan qazının Avropaya nəqli daha yüksək rəqəmlərlə ifadə olunur. TAP vasitəsilə indiyədək Avropa ölkələrinə ümumilikdə 61,4 milyard kubmetr Azərbaycan qazı çatdırılıb.

Beləliklə, Yunanıstanın payına düşən 6 milyard kubmetr qaz Avropaya TAP vasitəsilə nəql olunan ümumi Azərbaycan qazının təxminən 10 faizinə bərabərdir. Bu göstərici Yunanıstanın Azərbaycan qazının Avropa bazarına çıxarılmasında mühüm istiqamətlərdən biri olduğunu göstərir.

Yunanıstan-Bolqarıstan interkonnektoru da gündəmdədir

Görüşdə “Yunanıstan-Bolqarıstan İnterkonnektoru”nun (IGB) da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və qaz təchizatının şaxələndirilməsində strateji rolu vurğulanıb. Bu bağlantı Azərbaycan qazının Cənub-Şərqi Avropanın enerji bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycanın Avropaya qaz ixracında əsas məqsədlərdən biri yalnız mövcud bazarları qorumaq deyil, həm də enerji təchizatının coğrafiyasını genişləndirməkdir. Yunanıstan isə yerləşdiyi coğrafi mövqeyə görə Cənub-Şərqi Avropanın enerji sistemində mühüm bağlantı nöqtələrindən biridir.

İndi söhbət yalnız qazdan getmir

Azərbaycan-Yunanıstan enerji əməkdaşlığının digər istiqaməti bərpa olunan enerji və elektrik infrastrukturu ilə bağlıdır. Görüşdə Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, Xəzər regionu ilə Avropa arasında yaşıl enerji bağlantılarının yaradılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Tərəflər yaşıl enerji, elektrik infrastrukturu və regional bağlantılarla yanaşı, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini də qeyd ediblər. Bu, Azərbaycanla Avropa arasında enerji münasibətlərinin tədricən yalnız təbii qazla məhdudlaşmayan daha geniş əməkdaşlıq modelinə çevrildiyini göstərir.

Tranzit yükdaşımalar 90 faiz artıb

İki ölkənin əməkdaşlığında enerji ilə yanaşı nəqliyyat və logistika da ön plana çıxır. Rəsmi məlumata görə, ötən il Azərbaycanla Yunanıstan arasında tranzit yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Bu göstərici xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə diqqət çəkir. Azərbaycan Orta Dəhlizin mühüm hissəsi kimi Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz üzərindən Avropa bazarları ilə birləşdirən nəqliyyat marşrutunda əsas ölkələrdən biridir. Yunanıstanın isə Avropanın cənub-şərqində yerləşməsi və Aralıq dənizinə çıxışı iki ölkə arasında logistika əməkdaşlığı üçün əlavə imkanlar yaradır.

Görüşdə Cənubi Qafqaz, Avropa və Şərqi Aralıq dənizi arasında bağlantıların inkişafı, liman və dəniz əməkdaşlığının genişləndirilməsi, həmçinin birbaşa hava əlaqələrinin yaradılması məsələləri müzakirə olunub.

Azərbaycan-Yunanıstan xəttində yeni mərhələ

Beləliklə, iki ölkə arasında əməkdaşlığın əsas rəqəmləri enerji və logistikanın getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir:

1,1 milyard kubmetr – Azərbaycanın 2025-ci ildə Yunanıstana qaz ixracı;

700 milyon kubmetr – 2026-cı ilin ilk 8 ayında Yunanıstana çatdırılan Azərbaycan qazı;

6 milyard kubmetr – TAP-ın fəaliyyətə başlamasından indiyədək Yunanıstana çatdırılan Azərbaycan qazı;

61,4 milyard kubmetr – TAP vasitəsilə Avropa ölkələrinə çatdırılan Azərbaycan qazının ümumi həcmi;

90 faiz – ötən il Azərbaycan-Yunanıstan arasında tranzit yükdaşımaların artımı.

Bu rəqəmlər göstərir ki, Azərbaycan-Yunanıstan münasibətlərində enerji əməkdaşlığı ilə yanaşı, logistika, yaşıl enerji və regional bağlantılar da getdikcə daha çox ön plana çıxır.

Samir Abdulla

AzPost.az