Paşinyan Ermənistanın ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulacağını istisna etmir

01.10.2026 · 14:30 · Dünya

Ermənistan hökuməti ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini nəzərdən keçirir.

“Sputnik-Armenia”nın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvan bütün tərəfdaşları ilə münasibətlərdə şəffafdır.

“Biz bütün tərəfdaşlarımızla çox şəffafıq. Xüsusilə dost ölkələrlə münasibətlərin belə qalması üçün əlimizdən gələni edəcəyik. Lakin keçə bilməyəcəyimiz bir xətt var – bu, Ermənistanın özünün sanksiyalara məruz qalması riskidir”, – Paşinyan deyib.

AzPost.az

Yazıçı Həmid İsmayılov Nobelə namizədlər siyahısında

01.10.2026 · 13:51 · Mədəniyyət

Özbək yazıçısı Həmid İsmayılov 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına mümkün namizədlər siyahısına daxil edilib. Siyahıda İsmayılovla yanaşı, Haruki Murakami, Marqaret Etvud, Salman Rüşdi, C.K. Roulinq və Stiven Kinq kimi dünya şöhrətli müəlliflərin də adları yer alır.

Nobel mükafatının xüsusiyyətlərindən biri Ədəbiyyat üzrə mükafata namizədlər və onların namizədliyini irəli sürən şəxslərlə bağlı məlumatların 50 il ərzində məxfi saxlanılmasıdır. Nobel mükafatının rəsmi məlumat bazasında da bildirilir ki, yeni namizədlərlə bağlı məlumatlar yalnız bu müddət başa çatdıqdan sonra açıqlanır.

Bu səbəbdən hazırda Həmid İsmayılovun 2026-cı il Nobel mükafatına rəsmi şəkildə namizəd göstərildiyini təsdiqləmək mümkün deyil.

Həmid İsmayılov özbək və rus dillərində yazır. Əsərləri ingilis, türk, alman və fransız dillərinə tərcümə olunub. O, 2019-cu ildə “The Devil’s Dance” (“Şeytanların rəqsi”) romanına görə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ədəbi mükafatına layiq görülüb. Onun “We Computers” əsəri də AYİB-in 2026-cı il ədəbi mükafatının qısa siyahısına daxil edilib.

Tanınmış özbək şairi, yazıçısı və jurnalisti Həmid İsmayılov 5 may 1954-cü ildə SSRİ dövründə Qırğızıstan SSR-in Frunze vilayətinin Tokmok şəhərində (indiki Qırğızıstanın Çuy vilayəti) anadan olub.

İsmayılov əvvəlcə hərbi rabitə məktəbini, daha sonra Daşkənd Dövlət Universitetinin biologiya, hüquq və menecment fakültələrini bitirib.

1992-ci ildə Özbəkistanı tərk edən yazıçı həmin vaxtdan Londonda yaşayır. 2006-cı ildə onun “Dəmir yolu” romanı tanınmış yazıçı Robert Çandler tərəfindən ingilis dilinə tərcümə edilərək Londonda nəşr olunub.

Həmid İsmayılovun şeirləri isə İnqeborq Baldauf və Ziqrid Klaynmixel tərəfindən alman dilinə tərcümə edilib.

2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 8-i, cümə axşamı günü Stokholmda elan olunacaq. Qalibə 12 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) məbləğində mükafat veriləcək.

Mükafatın təqdimetmə mərasimi dekabrın 10-da keçiriləcək.

Ötən il Ədəbiyyat üzrə Nobel mükafatına macar yazıçı Laslo Krasnahorkai layiq görülüb.

AzPost.az

Bakıda AQEM Media Forumu keçirilib

01.10.2026 · 13:43 · Media

Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu öz işini başa çatdırıb.

APA xəbər verir ki, yerli və xarici media qurumlarının rəhbərlərinin, diplomatların iştirak etdiyi tədbir Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak ediblər.

Forum tədmi açılış mərasimindən sonra öz işini “Azərbaycanın sədrliyi: Təşəbbüslər, əməkdaşlıq, nəticələr” və “Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu” adlı iki panel sssiyası ilə davam etdirib.

Panel müzakirələrində AQEM-ə üzv ölkələrin nümayəndələri Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, media vasitəsilə qarşılıqlı etimadın gücləndirilməsi, sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun təşviqi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təşviqinə, üzv dövlətlər arasında etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformadır.

AzPost.az

Xətaidə “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” mövzusunda tədbir

01.10.2026 · 13:32 · QHT

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyəti – problemlər və perspektivlər” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 22 sentyabr 2026-cı il tarixində Bakı şəhərinin Xətai rayonunda keçirilib.

Tədbirdə Xətai Rayon Bələdiyyəsinin 21 üzvü və qulluqçusu iştirak edib.

Tədbiri D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva aparıblar.
Tədbiri Xətai Rayon Bələdiyyəsinin sədr müavini Rövşən Məmmədov açıb. O, əvvəlcə donor, layihə və təşkilat haqqında məlumat verib, daha sonra sözü təlimçilərə təqdim edib.

İştirakçılarla tanışlıqdan sonra layihə və donor haqqında ətraflı məlumat verilib. Təlimçi Əntiqə Qurbanova bələdiyyə fəaliyyəti, bələdiyyə–əhali və bələdiyyə–sahibkar münasibətlərinin düzgün qurulması, həmçinin bələdiyyələrin insan hüquqlarının, xüsusilə qadın hüquqlarının qorunmasında rolu barədə məlumat verib. Bu mövzular ətrafında iştirakçılarla müzakirələr aparılıb, onların fikir və təklifləri dinlənilib.
İştirakçılar bələdiyyələrin qarşılaşdığı problemlər və bu problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi apararaq öz təkliflərini səsləndiriblər.

Daha sonra təlimçi Nabat Qəniyeva bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında rolunun artırılması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verib. Qeyd olunub ki, həyata keçirilmiş dəyişikliklər bələdiyyələrə qrant əldə etmək imkanları yaradır.

Bələdiyyələrin maliyyə dayanıqlığının təkmilləşdirilməsi məqsədilə layihə təkliflərinin hazırlanması, hesabatlılığın təmin edilməsi, real ideyaların layihələşdirilməsi, eləcə də müsabiqə və tenderlərdə iştirak məsələləri barədə də ətraflı məlumat verilib.
Tədbirin sonunda layihə təkliflərinin hazırlanması və hesabatlılıq mövzularına həsr olunmuş qrup işləri həyata keçirilib.

Hər bir kiçik qrup regionun mövcud problemlərindən birini müəyyənləşdirərək həmin problemin həllinə yönəlmiş layihə hazırlayıb. Qrupların təqdimatları zamanı iştirakçılar bir-birlərinə suallar ünvanlayıb və cavablandırmağa çalışıblar. Bu fəaliyyət iştirakçıların mövzu üzrə biliklərinin artırılmasına, eləcə də layihə hazırlamaq və təqdim etmək sahəsində praktiki bacarıqlar əldə etmələrinə imkan yaradıb.

Xətai Rayon Bələdiyyəsinin sədr və üzvləri bələdiyyə mülkiyyətinin hüquqi statusunun rəsmiləşdirilməsi və müvafiq qaydada təsdiq olunması ilə bağlı məsələnin həll edilməsini təklif ediblər.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, həmçinin iştirakçılar üçün çay süfrəsi təşkil edilib.

 

AzPost.az