Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16.01.2026 · 19:23 · Media

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı yaradılıb.

Təqaüd proqramının təqdimatı çərçivəsində Bakcell-in baş direktoru Klaus Müller və Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.

Təqaüd proqramı gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılmasını və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasını hədəfləyir. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.

 

Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.

 

Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər http://youthfoundation.az/ saytı vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.

 

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

 

AzPost.az

Avropa İttifaqı Ukrayna üçün sürətli üzvlük ideyasını nəzərdən keçirir

16.01.2026 · 19:18 · Dünya
Avropa

Avropa Komissiyası Ukraynanın Rusiya ilə sülh razılaşması çərçivəsində Avropa İttifaqına sürətli qoşulmasını təmin edən mümkün variantları nəzərdən keçirir.

Bu barədə “Reuters“ Aİ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, bu, Kiyevə dərhal tam üzvlük hüquqları verməyi deyil, keçid dövründən sonra “qazanılacaq” mərhələli üzvlüyü nəzərdə tutur. Bildirilib ki, bu, müharibədən sonra Avropadan təhlükəsizlik zəmanəti kimi Aİ üzvlüyü gözləyən ukraynalılara siyasi jest kimi dəyərləndirilir.

Diplomatların sözlərinə görə, ABŞ, Ukrayna və Aİ arasında müzakirə olunan 20 maddəlik sülh planında Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması ideyası müharibədən sonra iqtisadi rifahın təmin edilməsi məqsədilə qeyd edilib. Lakin bir çox Aİ ölkəsi bu tarixi, eləcə də hər hansı konkret vaxt çərçivəsini real hesab etmir. Çünki hazırda Aİ-yə üzvlük yalnız namizəd ölkənin qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması ilə əldə etdiyi irəliləyişlərə əsaslanır.

Bundan əlavə, Aİ-yə qoşulmaq üçün ittifaqa üzv 27 ölkənin parlamentlərinin təsdiqi tələb olunur.

Müzakirə olunan variantda Ukrayna və potensial olaraq digər namizəd ölkələr əvvəlcə Aİ-yə sürətli şəkildə qoşula, daha sonra isə islahatların gedişinə uyğun olaraq səsvermə hüquqları da daxil olmaqla, tam üzvlük səlahiyyətlərinə mərhələli şəkildə çıxış əldə edə bilər.

AzPost.az

MİQ imtahanında iştirak üçün pul necə ödəniləcək? –

16.01.2026 · 18:37 · Sosial

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak ilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etmək istəyənlər üçün isə ödənişli olacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Eləcə də, dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər MİQ müsabiqəsində təkrar iştirak etdiyi halda, bu ödənişdən azaddırlar.

Dəyişikliyin aparılmasında məqsəd MİQ müsabiqəsinin dayanıqlılığının təmin edilməsi, iştirakçıların məsuliyyətinin artırılması və büdcə vəsaitlərindən daha səmərəli istifadə olunmasıdır.

Eyni zamanda Qanuna edilən dəyişiklik sosial ədalətlilik prinsipi qorunmaqla müəllim seçiminin keyfiyyətinin yüksəldilməsinə, təkrar və məqsədsiz müraciətləri azaltmaqla resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsinə xidmət edir.

Xərclərin optimallaşdırılması baxımından effektiv alət kimi qiymətləndirilən bu yanaşma beynəlxalq təcrübədə də geniş tətbiq olunur.

Qeyd edək ki, son on ildə təxminən 50 min nəfərə yaxın namizəd MİQ əsasında müddətsiz əmək müqaviləsi ilə işlə təmin olunub.

AzPost.az

Azərbaycan vətəndaşı olan ana və 4 övladı Suriyadan ölkəyə gətirilib

16.01.2026 · 18:00 · Sosial

Yanvarın 12-i Suriya Ərəb Respublikasından daha 5 nəfər Azərbaycan Respublikası vətəndaşının (ana və 4 övladı) ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.

AzPost.az