34 il əvvəl “soyuq müharibə”yə son qoymuş görüş:“Reyqanın SSRİ haqqında heç bir məlumatı yox idi” – TARİX

34 il əvvəl  Cenevrədə keçirilmiş SSRİ-ABŞ görüşü “soyuq müharibə”yə son qoydu. Dövlət başçılarının imzaladığı birgə bəyənnamədə ilk dəfə qeyd olundu ki, nüvə müharibəsində qalib ola bilməz.

 Bu gün ABŞ və Rusiya SSRİ ilə imzalanmış bu sənədlərdən imzalarını geri çəkir, orta mənzilli raketlərin ləğvi ilə bağlı sazişdən imtina edirlər.

 Halbuki, buna nail olmaq böyük səylər hesabına başa gəlmişdi.  

Ronald Reyqan və Mixail Qorbaçov arasında 1985-ci ilin sonunda keçirilən görüşdə tərəflər rəsmi sənəd imzalamasalar da, “müharibəyə yol verməmək” barədə birgə bəyanat sürətlə silahlanmanın dayandırılması üçün bir siqnal oldu.

Azpost.info bildirir ki, ABŞ-ın SSRİ-də keçmiş səfiri Cek Metlok həmin görüşü təşkil etmiş qrupun tərkibində olub. O, bu görüşlə bağlı verdiyi müsahibədə maraqlı detallara toxunub.

Həmin vaxt ABŞ Milli Təhlükəsizlik Şurasının aparatında işləyən Metlok Cenevrə görüşünü koordinasiya edib və prezident Reyqanla təmasda olub. O, Qorbaçov və Reyqan arasında olan bir neçə həlledici görüşdə işitrak edib.

Metlokun sözlərinə görə, SSRİ rəhbəri ilə görüşə hazırlaşan Reyqan sovet həyat tərzindən tam xəbərsiz idi: “Görüş hazırlığı başlanan zaman prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Makfarleyn mənə dedi ki, Reyqan SSRİ haqqında, demək olar, heç nə bilmir. Biz görüşə qədər bununla bağlı prezidenti ətraflı hazırlamalıyıq. Zarafatla “SSRİ-yə dair qısa kurs” adı verdiyimiz hazırlığa başladıq. Hər biri 12 səhifədən ibarət olan 24 material hazırladıq. Mən sovet adamlarının psixologiyası haqqında 2-3 material hazırladım. Digər materialların hazırlanması üçün MKİ-nin direktor müavininə və Dövlət Departamentinin kəşfiyyat informasiyalarının analizi şöbəsinin rəhbərinə müraciət elədim”.

Metlok qeyd edir ki, hər iki qurumdan çox əhatəli məlumatlar ala bilib: “Bu tədris kursu Reyqanın çox xoşuna gəldi. Mən onun kimi şagird görməmişdim. Reyqan özü bilirdi ki, çox şeydən xəbərsizdir. O, ensiklopedik biliyə malik intellektual deyildi. Reyqan başa düşürdü ki, bu materiallar ona lazımdır. O, heç vaxt “Prezidentə dərs keçməyə necə cürət edirsiniz?” deməzdi. Ona düzəliş edəndə bunu təhqir kimi qarşılamırdı, sadəcə, “sağ olun” deyirdi”.

Metlok bildirir ki, SSRİ rəhbəri ilə görüşdə, keçmiş prezident Niksondan fərqli olaraq, Reyqan heç bir həyəcan hissi keçirmirdi: “1972-ci ildə Nikson Brejnevlə görüşə gedərkən həddən artıq əsəb keçirirdi. Mən o sammitə iştirak etmişəm və gözümlə gördüm ki, Brejnevlə görüşdən əvvəl Nikson möhkəm tərləyirdi. Mən bir amerikalı kimi utanc hissi keçirirdim ki, bizim prezident Brejnev kimi adamla görüş ərəfəsində belə həyəcan keçirir. Reyqan qətiyyən həyəcan keçirmirdi, əksinə, özünü çox arxayın aparırdı. Amma Müdafiə naziri Uaynberger tipli neomühafizəkarlar ehtiyat edirdi ki, Reyqanın SSRİ barədə məlumatsızlığından qarşı tərəf istifadə edə bilər”.

Eks-səfirin sözlərinə görə, Reyqan sadəcə bilirdi ki, Qorbaçovu ABŞ-ın sürətlə silahlanmaya qarşı olmasına inandırmaq lazımdır.

Cenevrdə əldə olunan əsas nailiyyətlərə toxunan Metlok bildirib ki, bu görüş münasibətlərin gərginliyindən sonra əlaqələrin bərpa olunmasının mümkünlüyünü ortaya qoydu: “Biz nəticədə öyrəndik ki, sovet rəhbərliyi sammitə hazırlıq dövründə doğrudan da hesab edirmiş ki, SSRİ-yə qarşı nüvə hücumu planlaşdırırıq. Bu, həddən artıq təhlükəli situasiya idi. Cenevrə görüşü mühüm idi. Oradakı birgə bəyənnamədə ilk dəfə qeyd olundu ki, nüvə müharibəsində qalib ola bilməz və bu dövlətlər arasında heç vaxt müharibə olmamalıdır”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Penitensiar Xidmət rəsmən bəyan etdi –

Sonrakı məqalə

Qüdrət Həsənquliyev: