Məhəddin Bəxtiyarovun Böyük Qayıdış hekayəsi təkcə bir ailənin deyil, illərlə doğma yurd həsrəti çəkən minlərlə insanın taleyini özündə əks etdirir. O, vaxtilə Kərkicahan qəsəbəsini tərk etdiyi VAZ-21011 markalı avtomobili ilə uzun illər sonra yenidən doğma elinə qayıdıb.
AzPost xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilir ki, Məhəddin Bəxtiyarov illər əvvəl Kərkicahanı ailəsi ilə birlikdə məhz həmin avtomobillə tərk etmişdi. Zaman keçsə də, avtomobil onun üçün doğma yurdun, uşaqlıq və gənclik illərinin ən qiymətli xatirəsinə çevrilmişdi. Bu gün isə həmin avtomobil onu yenidən doğulduğu torpağa gətirib.
Məhəddin Bəxtiyarovun həyat yoldaşı Afayət Bəxtiyarova da Kərkicahanı cəmi 23 yaşında tərk etmişdi. İllər sonra o da doğma qəsəbəsinə qayıdaraq yeni həyatına burada başlayıb.
Afayət müəllimə hazırda Kərkicahanda müəllim kimi fəaliyyət göstərir. O, şagirdlərinə yalnız elm öyrətmir, həm də Vətən sevgisini, doğma torpağa bağlılığı aşılayır. Bu dəyərləri nəvələrinə də ötürərək Kərkicahan sevgisini gələcək nəsillərə miras qoymağa çalışır.
Qeyd olunur ki, Bəxtiyarovlar ailəsinin geri dönüşü sadəcə bir evə köçmək deyil, yarımçıq qalmış arzulara, uşaqlıq xatirələrinə və doğma torpağın qucağına qayıdışdır.
İllərlə həsrətlə gözlənilən bu gün artıq gerçəyə çevrilib. Kərkicahan yenidən öz sakinlərinin səsi ilə canlanır, həyətlərə həyat qayıdır. Bəxtiyarovlar ailəsi də doğma yurdlarında yeni həyat quraraq keçmişlə gələcək arasında möhkəm körpü yaradır.
Vaxtilə Kərkicahanı tərk edərkən heç kim təsəvvür etmirdi ki, bir gün həmin VAZ-21011 onları yenidən evlərinə qaytaracaq. Bu gün isə həmin avtomobil Böyük Qayıdışın, səbrin, qələbənin və Vətənə dönüşün rəmzinə çevrilib.

