“Fox News” televiziyasının canlı yayınına qonaq olan prezident Tramp İraqın ABŞ qoşunlarının geri çəkilməsi üçün 35 milyard dollar ödəməli olduğunu söyləyib.
“Fox News”da Laura İnqrahamın qonağı olan ABŞ prezidenti Donald Tramp, İranla yaşanan gərginliklə bağlı bir çox önəmli açıqlamalar verib. Həmçinin Tramp ABŞ ordusunun İraqdan çıxarılması üçün 35 milyard dollar ödənməsini tələb edib.
ABŞ öz qoşunlarını İraqdan çıxaracaqmı?
ABŞ rəhbərliyinin Qasım Süleymaninin öldürülməsindən sonra ölkədəki ABŞ qoşunlarının geri çəkilməsi üçün bir mexanizm qurmaq istəyini şərh edən ABŞ prezidenti bölgədəki qoşunların yalnız ödəniş qarşılığında geri çəkiləcəyini bildirib.
ABŞ-ın İraq siyasətindəki hərbi varlığının yenidən gündəmdə olduğunu deyən aparıcının suallarına Tramp “İraqda dünyanın ən bahalı hava limanlarından birini inşa etdik. 35 milyard dollar xərclədik. Düşünürəm ki, İraq hakimiyyəti bizə bu pulu ödəməyə razı olacaq. Əks təqdirdə orada qalacağıq”, – deyə bildirib.
Xatırladaq ki, İraqın baş naziri Ağ Evdən ABŞ qoşunlarının ölkədən çıxarılmasını tələb etmişdi. ABŞ və İran arasındakı gərginlik artdıqdan dərhal sonra İraq hökuməti ölkədəki ABŞ hərbi qüvvələrinin çıxarılması təklifini irəli sürmüşdü. Bu təklifə cavab olaraq ABŞ rəsmiləri İraq ərazisini tərk etməyəcəklərini açıqlamışdılar.
Qeyd edək ki, iki gün öncə İraq baş nazirinin rəsmi açıqlamasına görə, o, ABŞ dövlət katibi Mayk Pompeoya telefonla zəng edib və əsgərlərin ölkədən çıxarılması üçün mexanizm formalaşdırmaq istədiyini bildirib. (musavat.com)