1978-ci ilin aprelində əfqan kommunistləri ölkədə hakimiyyəti ələ keçiriblər. Çevriliş 1,5 ildən sonra sovet qoşunlarının ölkəyə girməsinə, bununla da bu günə qədər davam edən xaos və zorakılığa zəmin yaradıb.
Sürix Ali Texniki Məktəbinin nəzdində fəaliyyət göstərən Şərqi Avropa Araşdırmalar Mərkəzinin direktoru, tarixçi İeronim Peroviç (Jeronim Perovic) “Neue Zürcher Zeitung” nəşrində bu faciəvi hadisədən bəhs edir.
“Əvvəlcə qətl hadisəsi baş verib. 17 aprel 1978-ci ildə tanınmış əfqan kommunisti Mir Əkbər Heybər (Mir Akbar Khyber) hamının gözü qarşısında güllələnib. Kalaşnikov avtomatları ilə Heybəri “xəlbirə döndərən” cinayətkarların kimin sifarişi ilə hərəkət etdiyi indiyidək bilinmir. Çoxları hesab edirdi ki, həmin hadisənin arxasında ölkənin o vaxtkı prezidenti Məhəmməd Davud Xan (Mohammed Daoud Khan) dayanıb”, – məqalədə deyilir.
“27 aprel 1978-ci ildə Hərbi Hava Qüvvələri bölmələrinin dəstəyi ilə iki tank briqadası ağır döyüşlərdən sonra hökumət sarayına hücum edib. Davud və bütün ailəsi öldürülüb. Moskva ilə əldə olunan razılaşma əsasında bir neçə gün əvvəl həbs olunan liderlər Təraki (Nur Muhammad Taraki) və Karmal (Babrak Karmal) dövlət rəhbərləri təyin edilib. Hakimiyyətin kommunistlər tərəfindən ələ keçirilməsi “Aprel inqilabı” adı altında tarixə düşüb”, – tarixçi yazır.
Nəşr xatırladır ki, 1950-ci illərin ortalarından Sovet İttifaqı Əfqanıstanın mühüm dayağı olub. Buna görə 1978-ci il çevrilişi, həmçinin ardınca baş verən hadisələr Sovet İttifaqının maraqlarına xidmət etməyib.
Əfqan kommunistləri cəmiyyəti tez bir zamanda yenidən qurmağı və ölkəni modernləşdirməyi rəsmi məqsədi elan edib. Stalinin 1930-cu illərdə güc tətbiq etməklə Sovet İttifaqında həyata keçirdiyi yenidənqurma əfqan inqilabı üçün nümunə olub.
Repressiyalara və böyük səylərlə dəstəklənən şəxsiyyət kultuna baxmayaraq, Tarakinin mövqeyi heç də möhkəm olmayıb. Həmçinin xüsusi xidmət orqanlarına rəhbərlik edən Amin (Hafizullah Amin) pərdə arxasındakı əsas şəxs olub. Özünü getdikcə daha çox təhlükədə hiss edən Təraki Moskvanın razılığı ilə Amini 1979-cu ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırmağı planlaşdırıb. Lakin Amin onu qabaqlayıb, sədrin həbsinə və bir müddətdən sonra öldürülməsinə əmr verib. Eyni zamanda Amin Taraki tərəfdarlarına qarşı tədbirlər görüb, minlərlə adamı həbs edib, ya da edam etdirib.
“Bu, Sovet İttifaqına şillə olub, – tarixçi qeyd edir. – Təraki Moskvanın müttəfiqi və partiya rəhbəri Leonid Brejnevin yaxın dostu olub”.
Hər ötən gün Əfqanıstan müharibə və xaosa daha çox sürüklənib. Sovet İttifaqının 30 il ərzində milyonlar yatırdığı ölkə ondan uzaqlaşmağa başlayıb. Əfqanıstanın geniş əraziləri üsyançı qüvvələrin nəzarətinə keçib.
Məqalədə deyilir ki, kritik vəziyyətə baxmayaraq, Moskva uzun müddət hərbi müdaxilədən qaça bilib. Amin hakimiyyəti ələ keçirdikdən sonra Siyasi Bürodakı əhval-ruhiyyə dəyişib. Görünür, KQB-nin Kabuldakı yerli nümayəndəliyi tərəfindən yayılan məlumat burada mühüm rol oynayıb. Belə ki, həmin məlumatda Aminin amerikalı agent olduğu vurğulanıb.
Dekabrın 17-i Aminə edilən sui-qəsd uğursuz olduqdan sonra dekabrın 25-i sovet qoşunlarının geniş miqyaslı hücumu başlayıb. Dekabrın 27-i xüsusi təyinatlılar Aminin gizləndiyi prezident sarayına basqın edərək onu öldürüblər. Moskva iki həftə əvvəl gizli şəkildə ölkəyə gətirdiyi Babrak Karmalı yeni prezident təyin edib.
Doqquz il sonra 1989-cu ildə sovet qoşunları məğlub vəziyyətdə geri çəkilməli olublar. Rəsmi məlumatlara görə, sovet ordusu və xüsusi xidmət orqanlarının 15 minə yaxın nümayəndəsi həlak olub, 35 minə yaxın əsgər yaralanıb. Bir milyondan çox əfqan ölüb, bir neçə milyon vətəndaş qaçqın həyatı yaşayır. Beləliklə, bu günə qədər davam edən Əfqanıstan faciəsinin başında Aprel inqilabı dayanır .(Xpressa)