42 min bilet topladı, 25 manat qazandı– Birbank lotereyası narazılıq yaratdı

Birbank-ın Yeni İl lotereyası sosial şəbəkələrdə narazılıq müzakirələrinə səbəb olub. AzPost xəbər verir ki, istifadəçilərdən biri kampaniyanın nəticələri ilə bağlı açıq şəkildə etirazını bildirib. Onun sözlərinə görə, lotereyanın şərtlərinə əsasən bir dəfə qalib olan şəxs ikinci dəfə qalib ola bilməzdi və bu qayda əvvəlcədən elan olunmuşdu. Şikayətçi qeyd edib ki, onun 42 mindən çox bileti olub və bu da qalib olmaq ehtimalını kifayət qədər artırırdı.

İştirakçı gözləntisinin hədiyyələrin daha bahalı mükafatlardan daha münasib hədiyyələrə doğru ardıcıllıqla təqdim olunması üzərində qurulduğunu bildirib. Lakin prosesin əks qaydada həyata keçirildiyini deyən vətəndaş nəticədə 25 manatlıq Birmarket bonusu qazandığını və bununla da daha dəyərli hədiyyə əldə etmək şansını itirdiyini vurğulayıb.

O, bu vəziyyəti həm özü, həm də çox sayda bilet toplayan digər iştirakçılar üçün ədalətsiz hesab etdiyini qeyd edib. “Əgər lotereya keçirilirsə, onun mexanizmi maksimum şəffaf və ədalətli şəkildə təşkil olunmalıdır. Heç kim sizi lotereya keçirməyə məcbur etmir. Əgər keçirirsinizsə, ədalətli keçirin”, – deyə paylaşımda bildirilib.

Məsələ ilə bağlı Birbank rəsmi açıqlama yayıb. Bankın cavabında bildirilib ki, lotereya mexanizmi əvvəlcədən elan olunmuş qaydalara uyğun və təsadüfi seçim prinsipi əsasında həyata keçirilib.

Qeyd olunub ki, qaliblər sistem tərəfindən avtomatik müəyyənləşdirilib və hər iştirakçının yalnız bir dəfə qalib ola bilməsi şərti qorunub. Hədiyyələrin təqdim olunma ardıcıllığının qalib seçiminə təsir etmədiyi, seçimin tamamilə random qaydada aparıldığı vurğulanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.