Avstraliya alimləri müxtəlif heyvanların – qazıntı halında tapılan və hazırda yaşayan növlərin nəsli kəsilməyə nə dərəcədə meyilli olduğunu müəyyənləşdirmək məqsədilə mürəkkəb riyazi modelləşdirmədən istifadə ediblər.
RİA Novosti xəbər verir ki, aparılan tədqiqatlara görə, heyvanların yaşayış şəraitinin dəyişməsinə dözümsüzlüyü, əvvəllər hesab edildiyi kimi, təkcə onların ölçüsündən deyil, digər amillərdən də asılıdır. Tədqiqatın nəticələri “eLife” jurnalında dərc edilib.
Təqribən 42 min il əvvəl Avstraliya, Tasmaniya, Nyu-Qvineya və qonşu adalarda nəhəng fauna kütləvi şəkildə məhv olub. Alimlərin fikrincə, ekoloji fəlakəti amillər kompleksi, o cümlədən iqlim dəyişikliyi, insanların ətraf mühitə təsiri və şirin su mənbələrinin azalması kimi hadisələr doğurub. Bu halda rəsmi hipotezə görə, daha böyük növlər birinci məhv olub.
Flinders Universitetindən və Avstraliya Biomüxtəliflik və İrs Tədqiqat Şurasının Qabaqcıl Təcrübə Mərkəzindən tədqiqatçılar Helsinki Universitetindən olan həmkarları ilə birlikdə riyazi model yaradaraq, ona nəsli kəsilmiş 13 növün və indi yaşayan 8 növün parametrlərini, o cümlədən bədən ölçüsü, kütlə, ömür uzunluğu, sağ qalma, nəsil törətmə amillərini daxil ediblər. Növlərin sağ qalma şansını qiymətləndirmək üçün alimlər bu modelin köməyilə ətraf mühitdə müxtəlif pozulmaları, o cümlədən quraqlığın artmasından tutmuş insan tərəfindən vəhşicəsinə öldürülməyə qədər ayrı-ayrı şəraitləri nəzərdən keçiriblər. Alimlər növün məhv olmasında onun ölçüsü ilə daxili zəifliyi arasında dəqiq bağlılıq tapa bilməyiblər. Bundan başqa, amillər kompleksi baxımından nəsli kəsilməyə “məhkum” görünən növlər heç də həmişə ilk olaraq yoxa çıxmayıb. Məsələn, nəsil törətmə qabiliyyəti zəif olan, gec böyüyən diprotodontlar (kərgədan boyda vombatlarla qohum hesab olunur) daha çox nəsil törədən kisəli canavarlarla müqayisədə nəsli tükənməyə çox meyilli olub.
Həmçinin aşkar edilib ki, müqayisə üçün istifadə edilən və hazırda mövcud olan növlərin əksəriyyəti, məsələn, qısadimdik yexidna, emu, hind xoruzu və adi vombatlar formal əlamətlərə görə, nəsli kəsilməyə əcdadlarından daha meyillidir.
Tədqiqatçıların gəldiyi qənaətə görə, Avstraliya meqafaunasının Pleystosen dövründə nəslinin kəsilməsi mürəkkəb, lokallaşmış şərait, o cümlədən regional iqlim dəyişiklikləri və müxtəlif ərazilərə insan fəaliyyətinin təsirləri, habelə ayrı-ayrı növlərin spesifik xüsusiyyətləri nəticəsində baş verib. Flinders Universitetinin dosenti Vera Vaysbekker deyib ki, bu gün də yaşayan qırmızı kenquru qaçışda əcdadlarından – daha asta sürətli qısaüzlü kenqurudan üstün ola bilərdi. İnsanlar, həmçinin ola bilsin ki, yuvasında yaşayan kiçik vombatları meqafaunanın nəhəng nümayəndələrindən daha çətin ovalayıblar.
Alimlərin fikrincə, növlərin yoxaçıxma riski təkcə bədənin ölçüsündən deyil, bütövlükdə ekologiyadan asılıdır.